“YouTube”, “Facebook”, “TikTok istifadəçiləri bu halda cəzalana bilər – Nələri etmək olmaz?

“YouTube”, “Facebook”, “TikTok” və digər sosial şəbəkə platformaları artıq həyatımızın bir parçasına çevirilib. Platformalardan sadəcə istifadə edənlərlə yanaşı, bu sahədə pul qazanan şəxslərin də sayı artıb. Bəzi yutuberlər, tiktokerlər, i̇nstaqram fenomenləri video materiallar hazılayıb paylaşarkən insanların icazəsi olmadan onların görüntüsündən də istifadə edir. 

Maraqlıdır, bu kimi hallar qanunda necə tənzimlənib? Ümumiyyətlə, vətəndaşlardan xəbərsiz onların görüntüsünün çəkilməsi, həmçinin istifadəsi nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı Gundem.az-a açıqlama verən tanınmış hüquqşunas, “Ata-Hüquq” şirkətinin rəhbəri Elnur Abbaszadə bildirib ki, konstitusiyamıza görə bütün Azərbaycan vətəndaşlarının şəxsi toxunulmazlıq hüququ var.

“Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ tanınır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Şəxsin öz razılığı olmadan onun şəxsi həyatı haqqında məlumatların toplanması, saxlanılması, istifadəsinə və yayılmasına yol verilmir. Qanunda da deyildiyi kimi heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz”. 

E.Abbaszadənin sözlərinə görə, beynəlxalq qanunvericilikdə də şəxsi toxunulmazlıq hüququna dair bir sıra müddəalar yer alır:

“Həmin müddəalar Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsində qeyd olunduğu kimi şəxsi və ailə həyatına hörmət hüququnu ehtiva edir: Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir”. 

Hüquqşunasın sözlərinə görə, şəxsin toxunulmazlıq hüququ dedikdə aşağıda göstərilən məsələlər başa düşülür:

“1. şəxsi və ailə həyatına hörmət hüququ;

2. şəxsin evinə (mənzilinə) hörmət hüququ;

3. foto, video, yazışma, telefon danışıqları, səs yazısı, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatların, həmçinin dövlət orqanları tərəfindən əldə edilə bilən fərdi məlumatların təhlükəsiz saxlanılması hüququ;

4. şəxsin nüfuzuna və cəmiyyətdəki əlaqələrinə hörmət hüququ;

5. şəxsi həyata müdaxilə hesab oluna biləcək digər hüquqlar.

Şəxsi toxunulmazlıq hüququ pozulan şəxs hüquqlarını müdafiə etmək üçün hüquq mühafizə orqanlarına müraciət edə bilər. Bu halda səlahiyyətli hüquq mühafizə orqanı cinayətin törədildiyi yer üzrə olan müvafiq rayon (şəhər) prokurorluğudur. Şəxsi həyat hüququnun pozulması ilə əlaqədar cinayət mühakimə icraatı ictimai-xüsusi ittihama aiddir. Bu o mənaya gəlir ki, əgər zərərçəkən şəxs prokurorluq orqanına müraciət etməsə, onun hüququnun pozulması ilə əlaqədar icraat başlaya bilməz. Ona görə də bu hallarda prokurorluğa şikayət vermək tövsiyə edilir.  

Bir nüansı da bildirmək istəyirəm ki, şəxsi toxunulmazlıq hüququ pozulan şəxs yerli məhkəmə instansiyalarının hər birini keçdikdən sonra Avropa İnsan Hüquqları Konvensiyasına müvafiq olaraq Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətini göndərmək hüququna malikdir. 

Cəza məsələsinə gəldikdə isə şəxsin şəxsi həyatına müdaxilə edən şəxsi və ya şəxsləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi toxunulmazlıq hüququnu pozma ilə bağlı sanksiya və cəza tədbirlərini ehtiva edir.

Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması — 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır. 

Eyni əməllər: 

1. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

2. məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədildikdə –3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Turan Rzayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest