Yeni reallıqlar:Türkiyənin hərbi bazası olan 14-cü ölkə kim olacaq?

Yaxın tarix boyu dünyada söz sahibi olan ölkələrin öz ərazilərindən kənarda nüfuz sahibi olması faktı, yəqin ki, inkarolunmazdır. Bunun üçün əsas vasitələrdən biri isə, digər bölgələrdə hərbi kontingentin mövcudluğudur. Türkiyə Cümhuriyyəti də hal-hazırda sözügedən təcrübədən fəal şəkildə istifadə etməkdədir.

Lakin qeyd olunan vəziyyət dünya siyasətinin böyük oyunçuları tərəfindən daha çox işğalçılıq məqsədilə tətbiq olunsa da, Türkiyədə vəziyyət bir qədər fərqlidir. Belə ki, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın son çıxışında səsləndirdiyi “Türkiyənin təhlükəsizliyi sərhədlərimizdən başlamır” açıqlaması da rəsmi Ankaranın məqsədlərini izah etməyə kifayət edir.
Qazanc yox, zərurət 

Belə ki, Türkiyənin öz sərhədlərindən uzaqda birbaşa və dolayı yollarla təsirləndiyi münaqişələrin həllinə yönəlməsi artıq zərurətə çevrilib. Bu cür vəziyyət isə rəsmi Ankaranın xarici siyasətinə təsirsiz ötüşməyib. Hazırda dünyada söz sahibinə çevrilmək yolunda əmin addımlarla irəliləyən Türkiyənin ümumilikdə 13 ölkədə hərbi bazası yerləşməkdədir. Lakin rəsmi Ankaranın sözügedən ərazilərdəki fəaliyyəti digər böyük oyunçulardan fərqli olaraq əsasən 3 məqsədə yönəlməkdədir: 

Terrorla mübarizə, 

Sülhün təmin olunması, 


Ölkənin təhlükəsizliyini təmin etməyə yardım.

Türkiyənin öz sərhədlərindən kənarda hərbi fəaliyyəti xüsusilə ölkənin yerləşdiyi coğrafi regionla sıx bağlıdır. Məhz qonşuluğundakı təhlükələr rəsmi Ankaranı təhlükəsizlik probleminin həlli ilə ciddi şəkildə məşğul olmağa vadar edir. İraq və Suriyadakı gərgin vəziyyət, Aralıq və Qara dənizdəki gərgin rəqabət, eyni zamanda Cənubi Qafqazdakı münaqişə sonrası situasiya Türkiyənin hazırda necə təhlükələrlə üz-üzə qaldığının göstəricisidir. Sadalanan problemlər isə rəsmi Ankaraya yalnız təhlükəsizlik cəhətdən narahatlıq doğurmur, habelə iqtisadi və sosial problemləri də öz bərabərində gətirir.

Belə ki, sözügedən regionlardakı gərginlik Türkiyəyə böyük qaçqın axınına səbəb olmaqla sosial, logistika və ticarətdə yaratdığı problemlərlə isə iqtisadi çətinlik yaratmaqdadır.

Rəsmi Ankaranın sərhədlərindən uzaqda sözügedən istiqamətlərdə uzunmüddətli və uğurlu təcrübəsinin olduğunu da xatırlatmaq vacibdir. Belə ki, hələ 1950-ci ildən NATO ilə birlikdə Koreya yarımadasında, 1974-cü ildə isə Kiprdə sabitliyin təmin olunmasında türk hərbiçilərinin danılmaz rolu olub.

Ümumilikdə isə, Türkiyənin xarici hərbi siyasətinin günümüzdə də böyük uğurlar qazandığını söyləyə bilərik. Həm beynəlxalq, həm də regional aktorların bir sıra münaqişə bölgələrində gərginliyi artırma cəhdlərinin əksinə Türkiyə bütün gücü ilə sabitliyi təmin etməyə çalışır. 

Hal-hazırda isə Türkiyənin xarici hərbi bazaları məsələsi Əfqanıstanın timsalında yenidən gündəmə gəlməkdədir. Doğrudur, sözügedən bölgə rəsmi Ankaranın əvvəllər iştirak etdiyi münaqişələrdən bir qədər fərqli situasiyaya ev sahibliyi etməkdədir. Belə ki, Türkiyənin xarici siyasətində qeyd etdiyimiz 3 əsas problemin hər biri Əfqanıstanda mövcuddur. Həm Talibanın timsalında terror təhlükəsi, həm sülhün təmin olunmasına ehtiyac, həm də mərkəzi hakimiyyətin qorunmasına dəstək hazırda rəsmi Kabil üçün ən böyük problemlərdir.

Bunlarla yanaşı yuxarıda qeyd olunan iqtisadi və siyasi mətləblərin hər biri Türkiyənin Əfqanıstanda təhlükəsizliyi təmin etməsini özünün dövlət təhlükəsizliyi üçün önəmli duruma çevirib.

Türkiyənin öz təhlükəsizliyini sərhədlərindən kənardan müdafiə etməyə başlaması isə Rusiyanın NATO-ya qarşı yeritdiyi “bufer zona yaratmaq” siyasətindən xeyli fərqli olaraq dünya üçün də böyük əhəmiyyətə malikdir. Belə ki, münaqişə bölgələrində sabitliyi təmin etməklə rəsmi Ankara bir sıra önəmli nəqliyyat marşrutlarının və sənaye obyektlərinin normal qaydada fəaliyyət göstərməsinə şərait yaradır.

Getdikcə isə Türkiyənin sülhyaratma missiyası daha da genişlənməkdədir. Qarşıdakı illərdə bu missiya digər ölkələri də əhatə edə bilər. 

Ümumilikdə isə, Türkiyənin sözügedən istiqamətdə fəaliyyəti rəsmi Anakranın bütün dünyada yavaş-yavaş əsas söz sahiblərindən birinə çevrilməsi deməkdir. Vəziyyətin bu cür inkişaf etməsi isə Azərbaycan üçün də böyük faydalar deməkdir. Belə ki, qardaş ölkənin böyük qüvvəyə çevrilməsi rəsmi Bakının da beynəlxalq arenada güclü müttəfiq qazanmasında və Cənubi Qafqazda sabitliyin, eyni zamanda inkişafın təmin olunmasında əvəzsiz rol oynacaq.

Murad Əhmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest