Yeni məktəbli forması bu il tətbiq olunmayacaq-SƏBƏB

2021-2022-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihə təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilib. Layihə təsdiqləndikdən sonra məktəblilərin geyim formaları yeni tədris ilindən dəyişdiriləcək. Təhsil Nazirliyinin Mətbuat xidməti tərəfindən verilən açıqlamada belə qeyd olunub. Nazirliyin bildirdiyinə görə geyim təsvirləri ötən ilin əvvəlində ictimai müzakirəyə çıxarılanda valideynlər də fikir və təkliflərini bildiriblər. Təsvirlərin kifayət qədər sadə, lakin funksional olmasına diqqət yetirilib. Məktəbli formalarının qiyməti də seçilmiş materialdan və geyimin modelindən asılı olacaq. 

Qeyd edək ki, məktəbli geyimlərinin təsvirlərinin dəyişdirilməsi ilə bağlı layihə 2 ildir ki, hazırlanıb. Amma tətbiqi təsdiqlənməyib. 
Bu barədə danışan “Bakı Tikiş Evi”nin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov yeni məktəbli geyimlərinin istehsalının iki aya çatdırılmasının mümkünsüz olduğunu deyib:

“Dərs açılmağa 2 aydan az vaxt qalıb. Təsdiq olunmayan yeni təsvirli formaları kim istehsal edib çatdıra bilər? Hazırda köhnə məktəbli geyimləri ilə bağlı istehsalımız davam edir. Ehtiyatda xeyli sayda formalarımız var, ehtiyac yarandıqca yenə tikəcəyik. Parçamız və bütün materillarımız var. Amma yeni formaların tətbiqi və tikilməsi barədə təlimat almamışıq”

Məktəbli formalarının qiymətlərinə gəlincə, E.Əzimov hər hansı dəyişiklik olmadığını söyləyib:

“2017-ci ildən bəri formaların qiymətlərdə hansısa dəyişiklik edilməyib. İbtidai siniflər üçün məktəbli formalarının qiyməti 40 manat, yuxarı siniflər üçün isə 46 manat təşkil edir. Təhsil Nazirliyi məktəbli formasının yeni nümunəsini təsdiq etmədiyi üçün bu il də əvvəlki məktəbli formasının nümunələri tikilir”.

Məktəbli geyimlərinin satışının təhsil müəsssələrində təşkili ilə bağlı məsələyə toxunan Etibar Əzimovun sözlərinə görə formaları Bakı Tikiş Evinin satış mərkəzlərindən almaq olar:

“Məktəblərə forma vermirik. Onların işi şagirdlərə təhsil və tərbiyə verməkdir, forma satmaq deyil”, deyə Tikiş Evinin rəsmisi əlavə edib.

Xatırladaq ki, layihəyə görə, qızlar üçün yay geyim forması qısaqol köynək və ətəkdən, qış geyim forması isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən, oğlanlar üçün isə yay fəslində tətbiq edilən geyim forması qısaqol köynək və şalvardan, qış geyim forması isə uzunqol köynək, şalvar və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest