Yaşamaq üçün vuruşurduq…- FOTO

Ruslan Fəzail oğlu Bağırov.
Bakı şəhərində doğulub, Yasamal rayonundakı 53 nömrəli məktəbdə birinci sinfə gedib və 9-cu sinifdən sonra imtahanla Fizika, riyaziyyat və informatika təmayüllü liseyə qəbul olunub və oranı əla qiymətlərlə bitirib.
Ukraynanın Xarkov şəhərində V.N.Karazin adına Beynəlxalq Universitetin Hüquq, sonralar isə Əmək və Sosial Münasibətlər Akademiyasının Maliyyə fakültəsini bitirib.
Azərbaycan Həmkarlar İttiffaqları Konfederasiyası Hüquq şöbəsinin müdir müavinidir.
Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabitidir.

Ailəlidir, iki övladı var: Leyla və Yusif.

Gecə gələn zəng…
2020-ci il sentyabrın 26-dan 27-nə keçən gecə Hərbi Səfərbərlik Xidmətinin rayon şöbəsindən telefonuma zəng gəldi. Zəng vuran şəxs özünü təqdim etdi və ehtiyatda olan zabit kimi mənim səfərbərliyə cəlb edildiyimi və sabah saat 9-da şöbəyə gəlməli olduğumu bildirdi. Müharibəyə gedəcəyimizi eşidəndə isə nə bir həyəcan, nə də hansısa narahatlıq keçirdim, əksinə, sevə-sevə bütün gecəni hazırlaşdım. Səhər evdən çıxanda işdən ezamiyyəyə göndərildiyimi dedim. Qəribədir ki, həyat yoldaşım və oğlumun adi qarşıladığı xəbərə qızım Leyla, deyəsən, inanmadı, mənə yaxınlaşdı, sinəmə sığınaraq yaşarmış gözləri ilə, sual verirmiş kimi üzümə baxdı.
Mən isə onun saçlarına sığal çəkdim, “Zəng vuracam, darıxma”- dedim.

Maşından müharibənin kandarına düşdüm…

Səfərbərlik şöbəsindən sənədlərimi aldım və artıq saat 17 radələrində dislokasiya yerində idim. 44 gün çəkəcək müharibənin kandarından bir addım o tərəfdə isə müharibə idi… Səmimi deyirəm, sevincdən ayrı hansısa bir hiss keşirmədim. Bu, uşaqlığımdan bu yana mənimlə yol gələn hiss idi: Şuşanın, Laçın və Kəlbəcərin boynuna keçirilmiş zəncirlərin param-parça ediləcəyində iştirak etdiyimin verdiyi məmnunluqdan başqa bir duyğu deyildi. Beləcə, Horadizdən başlayan müharibə həyatım Füzuli istiqamətində, daha sonra Cəbrayıl, Xocavənd, Zəngilana və düz Qubadlıya qədər uzandı. Hərbi hissəmiz qarşısında qoyulan döyüş tapşırıqlarını yerinə yetirmək üçün bəzi hallarda Ağdamda, Laçının Xəndək kəndində dəstək, müdafiə xarakterli lokal döyüşlərə girirdik.
İlk dəfə müharibənin ölüm və həyat arasından keçən xətt olduğunu harada gördün”- sualına isə deyim ki, onu kiminsə sözlə ifadə edə biləcəyinə inanmıram və mən də ifadə edə bilməyənlərin cərgəsindəyəm: sevinc və gərginlik hisslərini ifadə edə bilmirəm. Amma bir istək vardı və biz hamımız o istəyə çatmaq üçün mübarizə aparırdıq, təsəvvür edirsinizmi, bu istək hansısa duyğunun bədənimizi, ruhumuzu sarmağına imkan vermirdi. Döyüşlərdir və burada ancaq istəyə tərəf gedirsən. Ölüm və yaralanmaq barədə isə fikirləşməyə, sadəcə, macal tapmırsan.

Əmr verin, Komandanım!

İnanıram ki, səmimiyyətimə qətiyyən şübhə etməzsiniz, hə, bu çağırış hər bir əsgər və zabitin iliyinə qədər işləmiş hisslərin sədası idi. Müharibənin 2-3 günlük gərginliyini yaşamaq çox narahatedici məqamlar idi. Düşmən istehkamlarının Cəbrayıl istiqamətində yarılmasından, ilk inamlı qələbələrdən sonra Ali Baş Komandanımız bizə özünəinam və güc verirdi.
Biz əsgərik və əsgərin vəzifəsi qarşıya qoyulan tapşırığı icra etməkdir. “Bayraktar”larımıza isə ad vermişdik: Simürğ quşlarımız. Onlar elə məqamlarda görünürdü ki, həmin görüntülərin bizdə yaratdığı hisslər ancaq möcüzələrin yarada biləcəyi hisslər ola bilər. Şəxsən mənim gözlərimin önündən getməyən və belə görünür ki, ömür boyu mənimlə yol yoldaşı olacaq döyüşdən sonrakı səhnələr öz reallıqları ilə o qədər sərt mənzərələr yaradırdı ki…
O mənzərəni təsvir etmək, belə, mümkün olmayacaq qədər çətindir. Onları ancaq Allah tərəfindən Yer üzünə rəssamlıq missiyası ilə göndərilən insanlar kətana köçürə bilər. O kətan üzərində əbədi yaşayacaq Azərbaycan əsgərinin nələrə qadir olduğu isə hamını, hətta özümüzü heyrətləndirəcək anlardır.

Müharibənin son zəngi…

Şəxsən mən bu zəngdən bir gün sonra xəbər tutmuşam. Onda manqamız Qubadlıda idi. Hərbi hissəyə qayıdanda, əsgərlərimizin üzündə sevinc var idi və məlum oldu ki, bir gün əvvəl Ermənistan kapitulyasiya aktını imzalayıb. Həmin anlar qürurlu, çox qürurlu anlarımız oldu.
Bu, lazım olanı əldə etməyimiz demək idi. Bizdən sonrakı nəslin şəxsən bizim çəkdiklərimizi çəkməmələri üçün lazım idi. Onda uşaq idim, baş verənlər isə hər birimizin yadaşına yazılıb. Ermənistan digər dövlətlərin dəstəyi ilə Azərbaycanın ərazi bütövlüyün poza bilmişdi. Biz bu ağrılarla böyüdük, içimizi rahatlayan o oldu ki, indi uşaqlar bu ağrılarsız böyüyəcək. Bu, müəyyən qədər, az da olsa, bu işdə əməyi olan hər kəs üçün qürurvericidir.
Onu deyim ki, qazanılan uğur ancaq ordunun deyil, bütövlükdə Azərbaycan xalqının uğurudur. Çəxsən həmin anları yaşayan insan kimi mən xalqımızın ordu ilə bir yerdə olmasının şahidi olmuşam.

Yaşamaq üçün vuruşurduq…

Düzdür, cəbhəyə yollananda valideynlərimə düzünü demədim, söylədim ki, ehtiyat bölükdə olacağıq. Sadəcə, onu deyim ki, müharibədən sonra, evə qayıdanda da demirdim döyüşlərdə iştirak etdiyimi. O vaxt xəbər tutdular ki, Prezident dövlət mükafatlarının verilməsi ilə bağlı sərəncam imzalananda mənim də ad və soyadım təltif olunanların sırasında idi. Həmin Sərəncamla cənab Prezident mənə

“Xocavəndin azad edilməsi uğrunda” medalı verdi.

Bu gün müharibə arxada qalıb, insanlarımız əxlaqi hisslərdən uzaq düşmənin amansızcasına dağıtdığı, viran qoyduğu kənd və şəhərlərimizin bərpasına başlayıb.

Dövlətimizin, onun rəhbəri İlham Əliyevin şəhid ailələri və qazilərə, ümumiyyətlə Vətən müharibə siştirakçılarına qayğısını görmək hər birimiz üçün xoşdur.

Mən isə, müharibədən qayıtdıqdan bir müddət sonra AHİK-nin sədri Səttar Möhbalıyevin təşəbbüsü ilə işlədiyim hüquq şöbəsində müdir müavini vəzifəsinə irəli çəkildim. Bu isə əlavə məsuliyyətdir və harada olsaq qazilər üçün başlıca deviz belə olacaq: Azərbaycan Respublikasına xidmət edirəm!

Firuz Novruzov.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest