Xınalıqda arxeoloqlar ŞOK FAKTLARLA üzləşdilər- FOTO

İyulun 1-dən etibarən Dövlət Turizm Agentliyinin sifarişi ilə “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun ərazisində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi ekspedisiyası elmi tədqiqat və arxeoloji qazıntı işlərinə başlayıb.

Təqribən 3 hektardan çox ərazini əhatə edən “Kıma Liqebiriş” qədim qəbiristanlığı Xınalıqdan 2 kilometr cənub-şərqdə, Qudyalçay çayının sağ sahilində, dəniz səviyyəsindən 1968 metr yüksəklikdə yerləşir.

Abidənin şimalında istehkamlar, cənubunda daş qutu qəbirlər aşkar olunub. Geniş xronoloji dövrü – e.ə. VII-V əsrləri əhatə edən kompleksdə 40-a yaxın qəbir abidəsi araşdırılıb.

Bütün qəbirlərin divarları çay daşından hörülüb, qəbirlərin üzəri isə iri sal daş lövhələrlə örtülüb. Arxeoloq, ekspedisiya rəhbəri İdris Əliyev bildirir ki, dəfn olunanlar arxası üstə, iki istiqamətdə (şərq-qərb) basdırılıblar, onların yanına ayin zamanı istifadə olunmuş kiçik ölçülü saxsı qablar, silahlar, müxtəlif bəzək əşyaları (tunc bilərziklər, muncuqlar, sırğalar, müxtəlif keramika qabları və s.) qoyulub. 2020-ci ildə aparılmış elmi tədqiqatlar nəticəsində nekropoldakı qəbirlərdən birindən üzərində Gorgon-meduza təsviri olan bürünc bir faler tapılıb. Bundan əlavə, bir ədəd bürüncdən kəmər dəstinin bir hissəsi, umbon və uzun Roma tipli pelta (nizə) ucluğu aşkar edilib.

Bu maddi-mədəniyyət nümunələri Azərbaycanda romalıların ekspansiyasına (Azərbaycan sərhədlərinə doğru irəliləməsi) dəlalət edir.

Həmin Roma imperiyasına xas olan əşyalar müxtəlif döyüşlərdə qənimət kimi əldən-ələ keçə və ya ticarət münasibətləri nəticəsində əldə edilmiş ola bilər. Azərbaycan ərazisində Roma imperiyasına aid maddi-mədəniyyət nümunələri və tarixi faktlar bir sıra yerlərdə (Qobustan, Qəbələ və s.) tapılmışdır.

Bu, Qafqaz Albaniyasının Roma imperiyası ilə sıx maddi-mədəni və ticarət münasibətləri saxladığına aid tarixi faktlara daha bir sübut kimi göstərilə bilər.

“Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda aparılmış elmi-tədqiqat işləri nəticəsində aşkar edilmiş qəbir abidələri, dəfnetmə adətlərinin xüsusiyyətləri, dini ayinlərdən sonra dəfnetmə prosesindən sonra qəbirlərə qoyulmuş əşyaların tipologiyası və xarakteristikası Xınalıq kimi Qafqazın yüksək dağlıq ərazisində yaşayan əhalinin ta erkən tunc dövründən etibarən Böyük Qafqaz dağlarının cənub yamacında yerləşən digər yaşayış məntəqələri ilə (Qəbələ, Şəki, Dağlıq Şirvan və s.) sıx mədəni və sosial-siyasi münasibətlər içərisində olduğunu göstərir.

Aparılmış tədqiqat işləri göstərmişdir ki, Salavat aşırımından, Babadağ istiqamətindən keçməklə Qafqaz dağlarının hündür hissəsində yerləşən kəndlər bu dağ yollarından orta əsrlərdə çox aktiv şəkildə istifadə etmişdir. Hazırda Qafqaz dağlarından keçən həmin yollar qışlaq-yaylaq maldarlığı ilə məşğul olan Azərbaycan əhalisi üçün işlək vəziyyətdədir. Arxeoloji tədqiqatlar nəticəsində əldə edilmiş ilkin sübutlar göstərir ki, Xınalıq kəndi erkən tunc dövründən başlamaqla dağ yollarının kəsişməsində yerləşdiyinə görə, bir sıra mədəniyyətlərin qovuşduğu bölgə olub. 

“Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu ərazisində arxeoloji qazıntılar və elmi-tədqiqat işləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest