Türkiyə Ermənistanla sərhədləri açır: Azərbaycanın qazancı nə olacaq?

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyi bundan ibarətdir ki, Cənubi Qafqazda davamlı sülh formalaşdırılmalıdır, eləcə də təhlükəsizlik seqmenti gücləndirilməlidir”.

Bu sözləri yenisabah-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.

Politoloq Türkiyə Prezidenti R.T.Ərdoğanın Ermənistanla sərhədlərin açılması barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib: “ Bu xüsusda kommunikasiyaların açılması, iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması prosesə yardımçı ola bilər. Bununla bağlı olaraq artıq Ermənistan və Türkiyə münasibətlərin normallaşdırılması ilə əlaqədar işlər həyata keçirirlər, Moskvada görüş təşkil olunub və s. Bildiyiniz kimi, Türkiyə tərəfindən bu danışıqlarda təcrübəli diplomat, keçmiş səfir Serdar Kılıç təyin olunub, Ermənistan tərəfindən isə parlament spikerinin müavini Ruben Rubinyan bu işlərə başçılıq edir. Tərəflər arasında dialoq da mövcuddur.

Sərhədlərin açılması üçün siyasi atmosferin yaradılması və əməkdaşlıq üçün ilkin konturların formalaşdırılması labüddür. Buna görə də, məhz sərhədlərin açılması ilə dayanıqlı sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi haqqında müzakirələr keçirilir”.

Siyasi analitikin fikrincə, Ermənistanla sərhədlərin açılmasında həm siyasi, həm də iqtisadi motivlər var: “Uzun illər boyunca Türkiyəyə qarşı müxtəlif formada bu alətdən istifadə edirdilər. Həm ABŞ-da olan erməni lobbisi, eləcə də senatorlar, konqresmenlər davamlı olaraq Türkiyəyə qarşı tutduqları mövqe məhz sərhədlərin bağlanması ilə bağlı idi və burada təzyiqlərdən də istifadə edirdilər. Eyni zamanda Türkiyənin Aİ-yə qəbul olunmasına qarşı da bu alət davamlı olaraq istifadə olunurdu. Bu baxımdan, məhz Türkiyənin yeni dönəmə start verməsi, qonşularla problemlərinin aradan qaldırılması Türkiyə üçün yeni perspektivlər formalaşdırır və yarımçıq planların icrasını sürətləndirə bilər.

Digər tərəfdən, burada siyasi motiv də var. Çünki davamlı olaraq aprelin sonlarında erməni lobbisi bütün dünyada Türkiyəyə qarşı kampaniya həyata keçirir və xüsusilə ABŞ-da bu işlər geniş həcmdə müşahidə olunur. Baxmayaraq ki, İrəvanda Azərbaycan və Türkiyə bayraqlarını yandırdılar, lakin biz bu il müqayisə üçün deyə bilərik ki, bir sıra hökumətlər və parlamentlər bu məsələyə bir qədər ötəri yanaşdılar. Amma burada Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı işin həyata keçirilməsi də öz sözünü deməmiş deyil”.

Həmsöhbətimiz onu da vurğulayıb ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, eləcə də diplomatik əlaqələrin qurulması Azərbaycana da təsir edə bilər: “Çünki Ermənistan regionda yürütdüyü siyasətlə Azərbaycana və Türkiyəyə zərbə vurmağa çalışır. Münasibətlərin normallaşması isə keyfiyyətcə yeni münasibətlər sistemini formalaşdırır və burada Azərbaycan da yer alır. Türkiyənin XİN rəhbəri Mövlüd Çavuşoğlu da bildirmişdi ki, biz Ermənistanla münasibətləri normallaşdırmaq prosesini Azərbaycanla əlaqələndirməklə həyata keçiririk. Məhz bu qəbildən tədbirlər planında Mövlud Çavuşoğlunun Bakıya səfəri zamanı Serdar Kılıçın da nümayəndə heyəti arasında yer alması bunun əyani nümunəsidir.

Eyni zamanda Azərbaycan da bu proseslərdə maraqlıdır, çünki sülhün, təhlükəsizliyin qorunması, sülh müqaviləsinin imzalanması üçün Türkiyə əlindən gələni edir və yekun sülh müqaviləsinin imzlanması həm də Türkiyənin xeyrinədir. Çünki yalnız sülh şəraitində iqtisadi əməkdaşlıq və kooperasiya mövcud ola bilər”.

“Türkiyə və Azərbaycan arasında vahid mövqenin nümayiş olunması Türkiyəni də Ermənistanı sülhə məcburetmə işində çox dayanıqlı göstərir. Burada çox böyük bir siyasi iradə vardır ki, Ermənistanla regionda iqtisadi əməkdaşlıq zəminində münasibətlər normallaşsın. Bildiyiniz kimi, Türkiyə iqtisadiyyatı o qədər inkişaf edib ki, bundan sonra Ermənistan Türkiyə üçün bir bazara çevrilə bilər və eyni zamanda burada iqtisadi nəqliyyat əlaqələrinin bərpa olunması Zəngəzur dəhlizi kontektsində region ölkələri üçün fayda gətirəcəkdir. Bu, Şərq-Qərb nəqliyyat dəhlizi kontektsində ən mühüm halqanı təşkil edən dəhliz bütün region xalqlarının rifahına xidmət etməlidir. Bu baxımdan, Ermənistanın konstruktiv mövqe nümayiş etdirməsi və irəli sürülən təkliflərə müsbət yanaşması tələb olunur. Bu tələblər hələ ki, siyasi-diplomatik zəmində irəli sürülüb və adkevatlıq yalnız Ermənistanın xeyrinə ola bilər”, – deyə müsahibimiz yekunlaşdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest