Tovuz şəhidləri: Onları bir daha tanıyaq

Bu gün Ermənilər mövqelərimizi ələ keçirmək məqsədilə hücuma cəhd göstərərək, Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdən bir il keçir.

Tovuz döyüşləri ötən ilin iyulun 12-dən 17-nə qədər davam edib.

Bu döyüşlərdə Vətənin keşiyində dayanaraq, qəhrəmancasına döyüşən Azərbaycan Silahlı Qüvvələrinin 12 hərbçisi şəhid olub. Onlardan biri də general-mayor Polad Həşimov olub.

Şəhid general-mayor Polad Həşimov 1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. 1982-ci ildə Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olub və 1986-cı ilə qədər orada təhsil alıb. Polad Həşimov 1992-ci ildə sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verib. 2014-cü ilin iyul ayında isə o, Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olub və 2016-cı ildə “hərbi idarəetmə” üzrə magistr dərəcəsi alıb.

P.Həşimov Birinci Qarabağ müharibəsi zamanı Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirak edib, eləcə də 1994-cü ilin fevral ayında Murovdağ əməliyyatı zamanı “Güzgü”, “Koroğlu” və “Ömər” postları uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. 28 yaşı olanda “mayor” hərbi rütbəsi alan P.Həşimov 2003-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Fərmanına əsasən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Cəmi 6 il sonra isə “polkovnik-leytenant” hərbi rütbəsi alan Polad Həşimov 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalı ilə təltif edilib. 2014-cü ilin iyununda o, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Polad Həşimov 2017-ci ildən 3-cü Ordu Korpusunun komandir müavini, Qərargah rəisi vəzifəsində çalışıb.

2019-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, Polad Həşimova “general-mayor” ali hərbi rütbəsi verilib. Bununla da Polad Həşimov XIX əsrdə yaşayan İsmayıl bəy Qutqaşınlıdan sonra Azərbaycanın tarixində Qəbələdən general rütbəsi alan birinci hərbçi olub. Təəssüf ki, 2020-ci il iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı general-mayor Polad Həşimov şəhidlik zirvəsinə ucalıb.

P.Həşimovun Vətənə əmanət üç övladı – Davud və Teymur adlı oğulları, Aybəniz adlı qızı yadigar qalıb.

P.Həşimov İkinci Fəxri xiyabanda son mənzilə yola salınıb.

Ötən ilin bu günü başlayan döyüşlər zamanı müdafiənin ön xəttində olan general-mayor Polad Həşimov ilə birgə şəhid olan hərbçilərdən biri də polkovnik Mirzəyev İlqar Anzor oğlu olub.

Milliyətcə azərbaycanlı olan polkovnik İlqar Mirzəyev 1973-cü il mayın 8-də Gürcüstanın Qardabani şəhərində anadan olub. İlqar Mirzəyev 1991-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) qəbul olub və 1995-ci ildə oranı artilleriya ixtisası üzrə bitirib. Qüsursuz xidmətlərinə görə İ.Mirzəyevə Müdafiə Nazirliyinin 1997-ci il tarixli əmrinə əsasən “baş leytenant”, 2000-ci il tarixli əmrinə əsasən “kapitan”, 2002-ci il tarixli əmrinə əsasən “mayor”, 2012-ci il tarixli əmrinə əsasən isə “polkovnik” hərbi rütbəsi verilib.

İlqar Mirzəyev 2013-2015-ci illərdə Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının Döyüş və döyüş təminatı şöbəsinin inspektoru vəzifəsində xidmət edib.

2020-ci il iyulun 12-də Tovuz döyüşləri başlayan zamanı İ.Mirzəyev artilleriya komandiri olub. O, iyulun 14-də Tovuz rayonu istiqamətində 3-cü Ordu Korpusunun komandir müavini general-mayor Polad Həşimov və tabeliyində olan əsgərlərlə bir yerdə qəhrəmancasına həlak olub. O, İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Şəhid polkovnik İlqar Mirzəyevin Vətənə əmanət Elvin adlı oğlu və Gülnarə adlı qızı yadigardır.

Şəhid mayor Əhmədov Namiq Hajan oğlu 8 noyabr 1984-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub.

1991-ci ildə şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin birinci sinfinə daxil olub, 2002-ci ildə həmin məktəbi bitirib. 2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olan, N.Əhmədov 2006-cı ildə ali hərbi məktəbi artilleriya ixtisası ilə bitirib. 2007-ci ildə Təlim Tədris Mərkəzində zabit kursunda təhsilini davam etdirib.

Aprel döyüşlərində aparılan hərbi əməliyyatlarda yaxından iştirak edən Namiq Əhmədov döyüşdə göstərdiyi şücaətə görə fəxri fərmanla təltif edilib. Bununla yanaşı qəhrəmanlığına görə, ona vaxtından əvvəl “mayor” hərbi rütbəsi verilib.

Mayor Namiq Əhmədov Tovuz istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman şəhid olub. Şəhidimiz doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində dəfn olunub.

Şəhid mayor Novruzov Anar Gülverdi oğlu 12 may 1976-cı ildə Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən Abbaslı məhəlləsində anadan olub.

Ailədə 10 uşaq olan A.Novruzov Ərkivan qəsəbəsindəki Cəfər Cabbarlı adına 1 saylı tam orta məktəbi 1993-cü ildə əla qiymətlərlə bitirib. Daha sonra sənədlərini Azərbaycan Texniki Universitetinin avtomobil nəqliyyatının istismarı fakültəsinə verib. Lakin, sonra Bakı Neft-Energetika Kollecinə qəbul olunub. Sənədlərini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə verib. Bir il təhsil aldıqdan sonra təhsilini yarımçıq saxlayaraq Qarabağ müharibəsində könüllü olaraq iştirak edib.

1999-cu ildə ali hərbi məktəbi bitirən Anar Novruzov hərbi vəzifəsinə kəşfiyyatçı zabit kimi ön cəbhədə başlayıb. 2013-cü ilə qədər ön cəbhə bölgələrində, 2005-ci ildə Tərtər rayonunun Qapanlı kəndində, 2008-ci ildə rayonun Həsənqaya kəndində, 2013–2018-ci illərdə Sumqayıtda yerləşən “N” saylı hərbi hissədə xidmət edib. Kəşfiyyatçı zabit kimi xidmətinə görə silah yoldaşları tərəfindən “Akula” ləqəbi ilə çağrılan mayor A.Novruzov snayper və digər müasir silahlardan istifadəni yaxşı bilirdi.

Qüsursuz xidmətinə görə bir çox medallarla, diplom və təşəkkürnamələrlə təltif edilib. 26 ildən artıq hərb sahəsində çalışan mayor A. Novruzov Tovuz döyüşləri zamanı şəhid olub.

Şəhid mayorumuzun Vətənə əmanət Nihad adlı oğlu və Firuzə adlı qızı yadigar qaldı.

Şəhid baş leytenantı Mahmudov Rəşad Rəşid oğlu 1992-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub.

Orta təhsilini 9-cu sinifdən sonra Cəmşid Naxçıvanski adına hərbi liseydə davam etdirib. 2007-2010-cu illərdə hərbi liseydə təhsilini başa vuran R.Mahmudov 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub.

Xidmətinin ilk illərində Ağstafada, son illərində isə Tovuzda, təmas xəttində yerləşən “N” saylı hərbi hissədə xidmətini davam etdirib.

2016-cı ildə Aprel müharibəsi zamanı Rəşad Mahmudov Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə iştirak edib. Baş leytenant Rəşad Mahmudov 2020-ci ilin iyulunda Tovuz istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

Şəhidimiz iyulun 13-də doğulduğu Biləsuvar rayonunun Aşağı Cürəli kəndində torpağa tapşırılıb.

Şəhid gizir Zeynallı İlqar Ayaz oğlu 9 iyul 1995-ci ildə Tovuz rayonu Cəlilli kəndində anadan olub.

Orta təhsilini həmin kənddə bitirən İlqar Zeynallı Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə daxil olub. Hərbi həkim işi ixtisasına yiyələndikdən sonra Beyləqanda feldşer (hərbi həkim) kimi xidmətə başlayıb.

Aprel döyüşlərinin fəal iştirakçılarından olub və neçə-neçə yaralı döyüş yoldaşlarına vaxtında ilkin tibbi yardım edib. Gizirimiz 2018-ci ildən Tovuz rayonunda xidmətinə davam edib. Tovuz döyüşlərində vuruşan İlqar Zeynallı qəhrəmancasına şəhid olub. O, anadan olduğu kənddə torpağa tapşırılıb.

Şəhid gizir Babayev Yaşar Vasif oğlu 1987-ci ildə Ağstafa rayonunun Köçəsgər qəsəbəsi anadan olub.

O, 2012-ci il iyulun 19-da ailə həyatı qurub. Yaşar Babayev Azərbaycan Silahlı Qüvvələrinin giziri olub. Qəhrəman hərbçimiz Tovuz istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhid olub.

Yaşar Babayev doğulduğu Ağstafa rayonunun Köçəsgər qəsəbəsində dəfn olunub.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Yaşar Babayev ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.

8 il övlad həsrəti çəkən Yaşar Babayevin ölümündən 2 gün sonra qız övladı dünyaya gəlib.

Şəhid çavuş Sadıqov Vüqar Lətif oğlu 1987-ci ildə Ağstafa rayonunun Göycəli kəndində anadan olub.

Azərbaycan Silahlı Qüvvələrinin çavuşu olan Vüqar Sadıqov 2020-ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində təxribatının qarşısını alan zaman şəhid olub. Şəhidimiz iyulun 13-də doğulduğu Ağstafa rayonunda dəfn olunub.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Vüqar Sadıqov ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.

Onun Vətənə əmanət üç qız və bir oğul övladı qalıb.

Baş əsgər Məmmədov Elşad Dönməz oğlu 1996-cı ildə Tovuz rayonunun Ağdam kəndində anadan olub.

E.Məmmədov Tovuz döyüşləri zamanı düşmən təxribatının qarşısını almaq məqsədilə döyüş tapşırıqlarını yerinə yetirən zaman şəhid olub.

Azərbaycan Silahlı Qüvvələrinin baş əsgəri olan Elşad Məmmədov iyulun 13-də doğulduğu Tovuz rayonunda dəfn olundu.

Xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham sərəncamına əsasən Elşad Məmmədov ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Şəhidimizin vətənə əmanət bir oğul övladı qalıb.

Əsgər Mustafazadə Elçin Arif oğlu 1992-ci ildə Ağstafa rayonunun Həsənsu qəsəbəsində anadan olub.

Elçin Mustafazadə Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu idi. Elçin Mustafazadə Tovuz döyüşləri zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən silah yoldaşları ilə birlikdə şəhid olub.

Şəhidimiz iyulun 14-də doğulduğu Ağstafa rayonunun Həsənsu qəsəbəsində torpağa tapşırılıb.

Ali Baş Komandan Prezident İlham Əliyevin sərəncamına əsasən, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Şəhid əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu 2002-ci il fevralın 22-də İsmayıllı rayonunun Balik kəndində anadan olub.

Bakı şəhəri Binəqədi Rayonu Biləcəri qəsəbəsində yaşayan şəhidimiz, 314 nömrəli tam orta məktəbin məzunu olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Xəyyam Daşdəmirov iyulun 12-də Ermənistan Silahlı Qüvvələri Tovuz rayonu istiqamətində təxribatının qarşısını alan zaman şəhid olub.

Şəhidimiz Xəyyam Daşdəmirov iyulun 13-də doğulduğu İsmayıllı rayonunda torpağa tapşırılıb.

Şəhid əsgər İsmayılov Nazim Əfqan oğlu 1996-cı ildə Ağstafa rayonunun Kolxəlfəli qəsəbəsində anadan olub.

Nazim İsmayılov Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olub. O, 2020-ci il iyulun 16-da Tovuz istiqamətində olan şiddətli döyüşlər zamanı dünyasını dəyişib.

O, ötən il iyulun 16-da doğulduğu Ağstafa rayonunun Kolxəlfəli qəsəbəsində dəfn olunub.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, Nazim İsmayılov ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.Oxu.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest