Tanıdığımız adamın portiret cizgiləri

Bəzən yaxın və doğman kimi qəbul etdiyin insan haqqında yazmaq ona görə
çətin olur ki, obyektiv ola bilmirsən.
Obyektiv ola bilməmək hissinin yaradacağı kompleksi yaşamaq perspektivini
isə təsəvvür etmək belə, sıxıcıdır. Bu sözlər uzaq 80-ci illədə, tələbə
auditoriyasında o zaman filologiya elmləri namizədi, dosent Nizami
Xudiyevdən eşitdiyim və unuda bilməyəcəyim sözlərdir. Gənc və enerjili,
xarizması ilə seçilən müəllimimiz bu fikri, elə-belə, sözarası deməmişdi. O,
müəllimin o zaman obyektiv olacağını yada salırdı ki, natamamlıq
kompleksindən uzaq olsun. Bunun üçünsə müəllim, ilk növbədə, mükəmməl
biliyə və geniş dünyagörüşə malik olmalıdır.
Elmi tədqiqatlarında və idarəetmədə karyerasını qurduğu ilk vaxtlarda Nizami
Xudiyev heç də mühazirələrində ancaq müasir Azərbaycan dilinə aid
məsələlərdən söhbət açmır, bizim, gələcəyin müəllimlərin özündə tərbiyəli
etməli olduğu xüsusiyyətlərdən də danışırdı. O, xüsusilə, gənc yaşlarından
dünya ədəbiyyatının klassiklərindən biri kimi qəbul edilən Maksim Qorkinin
aforizmlərindən birini xatırladırdı: “İnsanı tərifləmək çox faydalıdır, bu onda
özünə qarşı hörmət hissi tərbiyə etməklə bərabər, yaradıcılıq duyğularına inamı
artırır”.
Onun bu dedikləri keçdiyi həyat məktəbindən qidalanırdı.
Qədim Naxçıvanın Şahbuz rayonundakı Badamlı kəndində, doğulub boya-başa
çatdığı torpağın sirli təbiətində, atası- dövrünün tanınmış partiya işçisi Manaf
Xudiyevin daşlaşmış qaydaları ilə qurulan o məktəb Nizami müəllimin gələcək
təlatümlərə hazırlanmasında öz sözünü deyəcək. Bu, öz müdavimlərini
konrinental iqlim qurşağının keçdiyi, dəniz səviyyəsindən 1907 metr
yüksəklikdə olan Qapıcıq zirvəsi və bu zirvənin cənub-qərb yamaclarındakı
Nəbiyurdu, Camışölən, Qaranquş yaylaqlarının insana təlqin etdiyi və onun
xarakterində təcəssüm olunan keyfiyyətlərlə böyüdən məktəbin missiyası idi.
Buna görə idi ki, filologiya elmləri doktoru, professor, Azərbaycan
Respublikasının Əməkdar Elm Xadimi Nizami Xudiyev qazandığı titulları,
layiq olduğu mükafatları fəlsəfi qarşılayırdı. Bu təvazökarcasına qarşılama isə
ədəbiyyat üzrə “Nobel” mükafatçısı Uilyam Folknerin mükafatı alarkən
söylədiyi məşhur nitqi ilə nə qədər də yaxındır. Folkner deyirdi: “Mən başa
düşürəm ki, bu mükafat mənə deyil, mənim əməyimə – şan-şöhrət üçün yox, heç
mənfəət üçün də deyil, yalnız insan ruhunun materialları əsasında bu günədək
mövcud olmayan bir şeyi yaratmaq naminə bütün həyatım boyu qan-tər və min
bir əzab-əziyyət içərisində gördüyüm işə verilib. Buna görə də mən bu mükafatı
onu almağa vəkil olunmuş şəxs kimi qəbul edirəm”.
Ədəbiyyat üzrə Nobel mükafatçısı Uilyam Folkner Nobel nitqində deyirdi:
“Mən buna inanıram ki, insan nəinki axıracan dözəcək, o, həm də zəfər çalacaq.
İnsan ona görə ölümsüz deyil ki, onun səsi heç zaman tükənməyəcək, ona görə ölümsüzdür ki, onun öz təbiəti etibarı ilə acımaya, qurban getməyə, yenilməzliyə qadir qəlbi, ruhu var”.
Bu, ali təhsil aldığı bu günkü Azərbaycan Pedaqoji Universitetinin Nizami
Gəncəvi adına təqadünü almış, fərqlənmə diplomu ilə ali təhsili başa vurandan
sonra universitetdə saxlanılan, Azərbaycan dilçilik məktəbinin patriarxlarından
birinin- öz müəllimi akademik Əbdüləzəl Dəmirçizadənin elmi rəhbərliyi
altında “Abdulla Şaiqin nəsr dili” mövzusunda namizədlik dissertasiyasını qısa
bir vaxtda müdafiə edən Nizami Xudiyevin həyat məktəbində verdiyi uğrlu
imtahanlardan biri idi. Bu imtahandan keçən Nizami Xudiyev Əbdüləzəl
Dəmirçizadə, Məmmədhüseyn Təhmasib, Feyzulla Qasımzadə, Ağamməd
Abdullayev, Fərhad Fərhadov, Cavad Bağırov, Afad Qurbanov, İsmayıl Şıxlı,
Əhəd Hüseynov, Azər Hüseynov, Əbdül Əlizadə, Həsən Mirzəyev, Paşa
Əfəndiyev, Xeyrulla Məmmədov və digər müəllimləri ilə bir sırada dayanır.
Nizami Xudiyevin elmi fəaliyyəti bir an belə fasilə vermir və bunun təsdiqi kimi
onun “Azərbaycan ədəbi dili lüğət tərkibinin inkişaf qanunauyğunluqları (Sovet
dövrü)” mövzusunda doktorluq dissertasiyası Koordinasiya Şurasında təsdiq
olunmasını nümunə göstərmək olar.
Doktorluq dissertasiyasının müdafiəsindən sonra o, dilçiliyin işlənilməyən və
yaxud az işlənən sahələrini, problemlərini tədqiq edir. Fikrimizin təsdiqi olaraq
alimin “Azərbaycan ədəbi dili və lüğət tərkibinin inkişafı”, “Azərbaycan ədəbi
dilinin zənginləşmə yolları”, “Yazıçı dili və üslubu”, “Azərbaycan ədəbi dilinin
sovet dövrü”, “Tərcümə ədəbiyyatı və ədəbi dilimiz”, “Azərbaycan ədəbi dilinin
təşəkkülü”, “XIII-XVI əsrlər Azərbaycan ədəbi dili”, “XV-XVI əsrlər
Azərbaycan ədəbi dili”, “Azərbaycan milli ədəbi dilinin yaranması və inkişafı”,
“XX əsr Azərbaycan ədəbi dili” və s. Kitablarının tam olmayan siyahısına
baxmaq kifayətdir.
Alimin Moskva, Nalçik, Bişkek, Ufa, Aşqabad, Daşkənd, Alma-Ata, Ankara,
İstanbul, İzmir, Adana, Konya və başqa şəhərlərdə keçirilən qurultay və
simpoziumlarda nümayəndə kimi iştirak və məruzələrlə çıxış etdiyini isə ona
görə xatırladırıq ki, ümumən türk dillərinin həllinigözləyən məsələləri üzrə
onun nə qədər böyük enerji ilə çalışdığını yada salaq.
Nizami Xudiyev elmi fəaliyyəti ilə yanaşı, idarəetmə sahəsində də fərqlənib. Və
buna nümunə kimi o faktı xatırladırıq ki, 1970-ci ildə bitirdiyi ali məktəbdə
1991-1994-cü illərdə birinci prorektor, 1994-1996-cı illərdə isə artıq rektor
vəzifələrində çalışıb.
1996-cı ildə Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə o zamanın ən
mühüm strateji vəzifəsinə – Dövlət Teleradio Verilişləri Şirkətinin sədri
vəzifəsinə təyin olunması isə Nizami Xudiyevin potensialının yeni qatlarını açır.
O, yeni vəzifəsində ancaq Azərbaycan Televiziyasının bərbad maddi-texniki
bazasının təzələnməsi ilə deyil,yaradıcı şəxslərə özünütəsdiq imkanı yaratması
ilə yadda qalan sədrlərdən birinə çevrilir. Bunlardan əlavə, sədr Nizami
Xudiyev dövlət siyasətinin daxili və xarici auditoriyalarda yayılması ilə yanaşı, həmin televiziyada sadə insanların problemlərinə yer verən sədr kimi də yadda qalacaq.
Sədr Nizami Xudiyev sonralar görməyə adət etdiyimiz bəzi yüksək vəzifəlilər
kimi, yuxarıdan gələn tapşırıqlara riayət edən dövlət xadimlərindən deyildi.
Onun şəxsi xarizmasından yaranan keyfiyyətləri idi ki, özündə qərar qəbul
etmək cəsarəti tapırdı və bu sətirlərin müəllifi o cəsarəti birmənalı
qarşılanmayan siyasi mövzulara yer verən “Fakt”, “Səs”, “Mif” verilişlərinə
sədrin şəxsi qayğısını hər vaxt hiss etmişdir. İstər Moskvada- Qosdumada
akkreditasiya olunduğum 20 gün ərzində keçmiş SSRİ-nin siyasi rəhbərliyində
olmuş, politbüronun üzvləri- Yeqor Liqaçov, Nikolay Rıjkov, Anatoli
Lukyanov, general Vladislav Safonov və digərləri ilə alınan müsahibələr
əsasında hazırlanan filmlər zamanı bunu bir daha görmüşəm. Yaxud, Nizami
Xudiyevin 1999-cu ildə, Xocalı faciəsinin ildönümü ərəfəsində Tiflisə-
Ermənistanın Gürcüstandakı səfiri Levon Hasratoviç Xaçaturyanla müsahibə
almağım üçün ezam olunmağım zamanı Nizami Xudiyevin nə qədər cəsarətli
insan olmasının şahidiyəm.
Bu gün ehtiramla andığım Nizami Xudiyev ilahi ədalətə inanırdı.
Bu yazını hazırlayarkən Az.TV-nin istedadlı jurnalistlərindən biri Surxay
Atakişiyevdən Nizami Xudiyevin sədr kimi onun yadında nə cür qaldığını
soruşdum və onun cavabını olduğu kimi verirəm: İnsanlara işinə görə qiymət
verən, ədalətli və ən başlıcası, Haqq divanına inamı olan sədr kimi. Yenə
Surxay müəllimin sözlərini olduğu kimi təqdim edirəm: Nizami Xudiyev
həyatda gördüyüm yeganə sədr olubdur ki, vəzifəyə gələndə “öz komandası ilə”
gəlməyib.
Həqiqətən, günümüzdə “gənc kadr” kimi təyin olunan, öz komandası ilə təşrif
gətirən, nəfsi sərhədsiz, əslində, 90-yaşlı qocalardan da qoca olan və buna görə
də cəmiyyətimizi inkişaf dinamikasından saxlayan kifayət qədər kadrlar
görürük.
Nizami Xudiyev buna görədir ki, minlərlə adamın yaddaşında ruhən xeyirxah
insan kimi qalıb.
Bu gün onun haqq dünyasına qovuşmağından 1 il vaxt keçir.
Hesab edirik ki, bu tarixi yada salan yüzlərlə şəxs var və onlar dünyanın özü
qədər yaşı olan xeyirxahlıq mücəssəməsi olan Nizami Xudiyevin ruhu
qarşısında səmimiyyətlə baş əyirlər.
Firuz Novruzov
“Bakuexo.az” saytı üçün.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest