Talibanın heybətli GERİ DÖNÜŞÜ və böyük güclərin YENİ ƏFQANISTAN STRATEGİYASI – ARAŞDIRMA

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev

Bir cümlə ilə ifadə etsək, Əfqanıstanın hazırki vəziyyəti olduqca kritik nöqtədədir. ABŞ artıq ölkənin ən böyük hərbi bazası Baqramdan öz əsgərlərini geri çəkdi. Üstəlik, Taliban sürətlə paytaxta doğru irəliləyir və demək olar ki, Qəndahar şəhərini də ələ keçirib. Vəziyyət o həddə çatıb ki, hökumətə bağlı yüzlərlə əsgər Talibanın qorxusundan Tacikistana keçib. Mən bu analizdə hazırda Əfqanıstanda baş verənləri və gələcəkdəki gözləntiləri ifadə etməyə çalışacam.

Qeyd edim ki, əgər Əfqanıstanda növbəti vətəndaş müharibəsi baş verərsə, bu, birmənalı olaraq xarici intervensiyanı labüd edəcək. Şübhəsizki, vətəndaş müharibəsi potensialı Mərkəzi Asiya və Cənubi Asiyaya da təsir edəcək. Nəticədə regional müdaxilə baş verəcək və problemin həllinin düyümləndiyi punkt da elə burasıdır. Lakin hazırda şahidlik etdiyimiz çox vacib bir məqam var: regional güc mərkəzləri Əfqanıstan üzərində növbəti dəfə kartları paylaşır. Bu, ABŞ-ın Əfqanıstanı tərk etməsinin arxasındakı planı bizə göstərir. “Üçüncü böyük oyun”-un məğlub tərəfi ABŞ görünsə də, mən bunu “məğlubiyyət” adlandırmazdım. Çünki biz Əfqanıstanda qalib gələnin qeyri-müəyyən olduğuna həmişə şahid olmuşuq. Yəni, ortada son sözü deyə biləcək bir “qüvvə” yoxdur. Mən Talibanı bu müstəvidə istisna etmirəm. Əl qərəz, Taliban da 100%-lik “qalib” ola bilmir. Düzdür, Taliban israr edir ki, həmişə qalib gəlir. Lakin bu təşkilat döyüş və masada heç vaxt balansı tuta bilmir. Razıyam ki, Dohada keçirilən danışıqlarda Taliban hakim kimi görünürdü, ancaq bu təşkilatın gücü və səlahiyyəti qeyri-məhdud deyil. Çünki qarşı tərəf (Əşrəf Qani,Abdullah Abdullah) maksimum Talibanın gücünü yıpratmaq üçün əlindən gələni edir, silahlı talibançıları elə təşkilata qarşı istifadə etməyə çalışır.

Gördüyüm odur ki, qarşı tərəf ölkənin bölünməsini Talibana qəbul etdirməyə səy göstərir. Bu, həm də Əfqanıstandakı nüfuz paylaşımını özündə ehtiva edir. Hazırda çox hallanan vətəndaş müharibəsi ifadəsinin altında yatan həqiqət də budur. Görünən odur ki, məhz regional güclər “Yeni Əfqanıstan”ı təsis etmək istəyirlər. Belə olan təqdirdə, bütün oxlar Talibana yönəlib ki, sabah xarici intervensiyanı rahat edə bilsinlər. Bunun üçün mütləq ortaq “düşmən” lazımdır.

Məncə, Taliban və başqa silahlı qruplar yuxarıda yazdıqlarımın fərqindədir. Çünki, təcrübələrində Sovet işğalı və 2001-ci ildən bəri ABŞ müdaxiləsi var. 1919-1979 və 2001-ci ildən indiyə qədər baş verənlər əfqan xalqına ağır dərslər yaşatdı. Ölkədə uzun illər vətəndaş müharibəsi yaşandı.

Nəhayət, 2021-ci ildəyik və Əfqanıstana vəd edilən sülh, təhlükəsizlik, sabitlik və rifah həyata keçmədi. İndi ən təhlükəlisi odur ki, Əfqanıstanda daha ağır vətəndaş müharibəsi başlaya bilər. Taliban və digər qruplar 20 il itirdi.

Sovet işğalını da nəzərə alsaq, bu, 30 il deməkdir.

Görəsən, əfqan xalqı bu oyunlardan nəticə çıxaracaqmı? İş ondadır ki, bu, əfqan xalqının müharibəsi olmayacaq və sonda itirən elə əfqanlar özü olacaq. Zənnimcə, əfqanlar 1979-1988 ruhunu yenidən qazanmalıdır və 1988-ci ildən sonrakı xətaya düşməməlidir. Əfqanıstanı ancaq əfqan xalqının iradəsi xilas edə bilər. Əks təqdirdə, dünən ingilis, rus, amerikalı, sabah isə başqasından qurtulmaq üçün döyüşməli olacaq.

Beləliklə, Əfqanıstan bu bəladan necə xilas ola bilər?

  • Əfqanlar 20, 30 il bundan əvvəlki səhvləri təkrar etməməlidir. Ölkədə tək bir ideologiyanın, məzhəbin, etnikin (puştunlar çoxluq olmalarına baxmayaraq) vahid iqtidar olmasının mümkün olmayacağını dərk etməlidirlər.
  • Talibanın da daxil olduğu faydalar birlikdə konsensusa gəlməlidir.
  • İndiki etapda Taliban öz gücünün fərqindədir. Talibanın ölkədəki idarəetmə sisteminə daxil olmasını təşviq etmək lazım gələcək. Bunun üçün içəridəki siyasi ünsürlər konsolodasiya nümayiş etdirməlidir.
  • Taliban bundan sonra beynəlxalq arenada apardığı danışıqlarda ölkədəki başqa qrupların da iştirakına qarşı çıxmamalıdır. Məsələn, sayları heç də az olmayan və Rəşid Dustumun liderlik etdiyi özbəklər də prosesdə iştirak etməlidir. Yəni, bütün qruplardan ibarət ortaq diplomatik heyət təşkil olunmalıdır.
  • Taliban bu prosesdə özünə yaxın olan ölkəni yanına almalıdır. Bu, Pakistan ola bilər. Əks təqdirdə, beynəlxalq sistemə inteqrasiya qətiyyən mümkün olmayacaq. Hətta Taliban bir neçə dövlətə də müraciət edə bilər.
  • Bundan başqa, “Yeni Əfqanıstan” layihəsi regional inteqrasiyanın nüvəsini təşkil edə bilər. Bu təqdirdə, Əfqanıstan regional rəqabətin deyil, birgə əməkdaşlığın tərəfi ola bilər.
  • Eyni zamanda, region dövlətləri “Yeni Əfqanıstan” üçün iqtisadi yardım fondu qurub və sürətlə bu ölkəni regional əməkdaşlıq formatına daxil etməlidir.

KAİM.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest