Taksi sürücülərinin də ŞİKAYƏTİ VAR – 4 vacib MƏQAM

Azərbaycanda ən geniş şəkildə xidmət təklif edən şəbəkələrdən biri taksi xidmətidir. Son zamanlar bu sahədə kifayət qədər rəqabət bazarı yaransa da problemlərdən də xali deyil.

Bu problemlərdən biri də avtomobil sahibləri ilə taksi xidməti təşkil edən şirkətlər arasında yaranan gərgin münasibətlərdir.

Bizim.Media məsələ ilə bağlı ilkin olaraq taksi sürücülərinin fikirlərini öyrənib. 

Taksi sürücüləri necə aldadılır?!

Söhbət etdiyimiz sürücülər əsasən 4 məsələdən şikayət edirlər:

1. Taksi xidməti göstərən şirkətlər uzaq və baha daşımaları ancaq öz avtomobillərinə verirlər. Abunəliklə xidmət göstərən fərdi taksi sürücülərinə isə yaxın məsafə və ucuz müştərilər təklif edilir.

2. Taksi xidməti şirkətlərinin hazırladıqları marşrut xəritələri çox vaxt yanlış olur və yaxud uzaq məsafəni özündə ehtiva edir.

3. Bəzi taksi şirkətləri məsələn, “Bolt” abunəçi olan avtomobil sahibinə əvvəlcədən gedəcəyi yolun qiymətini demir. Yalnız müştəri taksiyə əyləşəndə sürücü bilir ki, şirkət sərnişinə nə qədər qiymət “oxuyub”. Bu da çox zaman müştəri ilə sürücü arasında söz-söhbətə səbəb olur.

4. Taksi şirkətləri daha çox müştəri toplamaq üçün ucuz xidmət təklif edirlər. Məsələn, 28 may metrosundan Nərimanov metrosunadək məsafəyə taksi sahibinə 1manat 80 qəpik ödəniş təklif edilir. Şəhərdəki tıxacları nəzərə alan sürücülərsə, bu qiymətdən çox zaman imtina edir. Bu zamansa şirkət sürücünü “bloka” atır. Ən azı 1-2 saat ona müştəri yönləndirmir.Bəzi şirkətlərsə ödənilmiş avansdan cərimə tutur.

Bu şikayət siyahısını daha da uzatmaq olar. Amma bizi daha çox narahat edən xidmətin keyfiyyəti və sosial ədalətdir. Maraqlıdır ki, taksi xidməti təşkil edən şirkətlərlə taksi sürücüsü arasında çox zaman ancaq şifahi razılaşmalar olur. Qarşılıqlı hüquqi öhdəlik olmaması səbəbindən şirkətlər sürücülərlə istədiyi cür rəftar edir.

Taksi sürücüləri niyə rəsmi qaydada şikayətçi olmurlar?

Məsələnin hüquqi tərəfini öyrənmək üçün nəqliyyat üzrə ekspert Eldəniz Cəfərovla əlaqə saxladıq.
O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, “bu məsələ çoxdan gündəmdədir. Taksi sürücüləri ilə taksi xidməti təşkil edən şirkətlər arasında ciddi narazılıqlar var. Lakin nədənsə bu vaxtadək hansısa sürücünün rəsmi qaydada müvafiq dövlət qurumlarına müracət etdiyini eşitməmişəm.

Taksi sürücüləri ən yaxşı halda sosial şəbəkədə şikayətlənirlər. Sosial şəbəkələrsə problemin həll edildiyi yer deyil. Yaxşı olar ki, sürücülər nəhayət ki, öz şikayətlərini rəsmiləşdirsinlər. Yalnız o zaman bu problem öz həllini tapa bilər”.

Surxay Atakişiyev, Bizim.Media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest