Tahir Kərimlinin “siyasi manevri” və yaxud o kimə yarınmaq istəyir?-ƏTRAFLI

Daha bir harın deputatın sonu göründü. Bu gün Milli Məclis polisi döyən Eldəniz Səlimovun deputat toxunulmazlığını ləğv etdi. Yəqin ki, yaxın günlərdə onu dəmir barmaqlıqlar arxasında görəcəyik.

Eldəniz Səlimovun təkcə polisi döyməsi deyil, Xaçmazda böyük bir meşəlik ərazini məhv etməsi, Kiprə rəsmi səfər zamanı bütün protokol və etik qaydaları pozaraq yad qadın (yumşaq desək) aparması, həmçinin, digər qudurğan hərəkətləri cəmiyyət tərəfindən ikrahla qarşılanmışdı. Ona görə də onun deputat toxunulmazlığının ləğvi hər bir vicdanlı vətəndaşın ürəyincə oldu.

Amma sən demə, sıralarımızda belələrinə haqq qazandıran, imkanları daxilində siyasi və mənəvi dəstək verənlər də var. Onlardan biri də Ağsu camaatını qanunverici orqanda təmsil edən Tahir Kərimlidir. O, bu gün keçirilən müzakirələrdə həyasızcasına bildirib ki, “Hər birimizin içində kədər var. Bu, onunla bağlı deyil ki, öz həmkarımızın qələmini qırırıq. Burada hər bir deputatın nüfuzu üçün zərbə görürük. Mən də hiss edirəm ki, xalqımızın gözündə kiçildik”.

Burada Tahir bəyin çıxışını kəsib müdaxilə etməkdən özümü saxlaya bilmirəm. Necə yəni həmkarımızın qələmini qırırıq? Necə yəni bu gün xalqın gözündə kiçildik?! Bəyəm Eldənizin tərbiyəsiz və qanundan kənar hərəkətləri deputat olduğuna görə bağışlanmalıydı ki?! Bir də ki, istər deputatı, istərsə də məmuru onun mandatını və yaxud kreslosunu itirməsi deyil, onun fərdi keyfiyyətləri xalqın gözündən salır. Tahir Kərimlinin sözlərindən belə çıxır ki, mandatın və kreslon varsa, hörmətli adamsan, bunları nə vaxt itirsən, onda olursan ən hörmətsiz adam…

Tahir bəy hüquqşünasdır. Ona görə də ona xatırladıram ki, bu sözləri ilə hüquqi məsuliyyət daşıyır. O, xalqın keçmişini, milli dəyərlərini təhqir edir. Tahir Kərimlinin qənaətinə görə, Azərbaycanda yalnız səlahiyyəti olan adamlar cəmiyyətdə hörmət və nüfuz sahibidir. Bəs onda kəndlərimizdə olan müdrik ağsaqqallar, ziyalılarımız, sadə əməyi ilə ümumxalq sevgisi qazananlar kimlərdir? Mən yerlərdə adam tanıyıram ki, o, bəzi icra başçılarından, Tahir Kərimli və Eldəniz Səlimov kimi deputatlardan çox nüfuzlu və hörmətlidir.

Bəli, bu, bizim günahımızdır ki, Eldəniz Səlimova 35 yaşında mandat veririk. O da bu mandatdan xalqa xidmət üçün deyil, qohum-əqrəbasına biznes imkanları yaratmaq və “kazaçka”larla dövlət hesabına xarici ölkələrdə kef çəkmək üçün istifadə edir.

Bəli, bu, bizim günahımızdır ki, siyasi mənsubiyyəti bilinməyən və doğulub-böyüdüyü rayonda belə insan kimi heç bir hörmət və nüfuzu olmayan Tahir Kərimliyə mandat vermişik. Çox təəssüf…

Bugünkü çıxışında Tahir Kərimli daha sonra deyir: “Hər gün bizə polis orqanlarından şikayətlər gəlir. Di gəl ki, polisin yiyəsi var, deputatlarınsa yoxdur. Mən bilirəm ki, Eldəniz Səlimov mənə heç nə edə bilməz. Amma digər rəsmi qurumlar haqqımda axtarıb nəsə tapa bilər. Hərəmizi bir adla götürüb deputat səlahiyyətindən məhrum edək. Onda camaat da düz deyir ki, parlamenti buraxaq”.

Bu fikirləri ilə Tahir Kərimli lap “quşu gözündən vurdu”. Necə yəni polisin yiyəsi var, deputatlarınsa yoxdur? Başa düşmürəm, Tahir Kərimli hansı cəmiyyətdə yaşayır?! Bir daha xatırladım ki, insanların tək sahibi İlahi Yaradandır. Və hər birimizin taleyini yazan da, pozan da Odur. O ki qaldı Tahir bəyin fikrinə, çox məntiqsiz və bəsitdir. İstənilən dövlətdə ən çox səlahiyyət və toxunulmazlıq verilən şəxslər yalnız deputatlardır. Deputatlardan yuxarıda dayanansa yalnız prezidentdir. Hər bir deputatın arxasında ən azı 35-40 min seçici dayanır. Bundan böyük dəstək olarmı?! İndi bu binəva xalq neyləsin ki, onun seçdiyi və özünün 5 il vəkili bildiyi adamların bəzisi öz müqəddəs vəzifəsi ilə deyil, eyş-işrətlə məşğuldur? Buna xalq neyləsin və yaxud döyülən, ailəsi və yaxınlarının yanında mənən sınan polis neyləsin?

Bu, sadəcə Tahir Kərimlinin dar düşüncəsinin məhsuludur. Bunun da iki izahı var:

Birincisi, Tahir Kərimli hər zaman axına qarşı üzüb. Ən çətin zamanda məsuliyyətdən qurtulmaq üçün qışqıra-qışqıra günahkar “ovu”na çıxıb.1993-cü ilin iyununda da Tahir bəy belə etmişdi, 2021-ci ilin avqustunda da bunu təkrarladı. Amma bu dəfə qışqırmadı. Təmkinli danışdı. Lakin elə danışdı ki, guya hamı oğrudur, əyridir, təkcə o, təmiz və məsumdur. Əslində isə bu, Tahir bəyin “siyasi manevr”idir. Guya hər zaman müxalif söz söyləmək qabiliyyətinə malikdir.

İkincisi isə Tahir Kərimli hərəkətləri ilə öz ağalarına sadiqlik nümayiş etdirir. Bəlli olduğu kimi, istər Eldəniz Səlimov, istərsə də Tahir Kərimli uzun illlər 5-ci kolonun Azərbaycandakı ən böyük dayaqlarından biri və bəlkə də birincisi olan Ramiz Mehdiyevin adamları kimi tanınır. Ona görə də Tahir bəyin son fikirləri Eldənizin xilasına yönəlik bir hərəkət deyil, bu, sadəcə pərdə arxasındakı ağalarına sadiqlik nümayişidi. Vəssalam…

Surxay Atakişiyev.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest