Sülhməramlılar Qazaxıstana niyə getdi və nə üçün belə tələsik çıxarılır? – İLGİNC DETALLAR

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlılarının yanvarın 13-dən ölkədən çıxmağa başlayacağını deyib. Onun sözlərinə görə, ölkədə vəziyyət sabitdir və təşkilatın əsas missiyası başa çatıb. Sülhməramlılar mərhələ ilə 10 gün müddətinə Qazaxıstanı tərk edəcəklər. Məsələ ilə bağlı suallar yaranır:

Açıqlanan müddət ərzində sülhməramlılar Qazaxıstanı tərk edəcəkmi? Sülhməramlılar niyə gəldi və nə üçün belə tələsik çıxarılır? Sülhməarmlıların Qazaxıstana yeridilməsi üçün əsas var idimi?

Mövzunu Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanla müzakirə edib və suallara cavab tapmağa çalışmışıq.

– Qazaxıstanda nə baş verdi sualının daha düzgün cavabı belə tezliklə çətin tapıla. Çünki aksiyalar sosial tələblərlə başladı. Prezidenti Kasım-Jomart Tokayev onların istəklərinin qarşılanması ilə bağlı tapşırıqlar verdi. Qəflətən vəziyətə sanki dəyişdi. Dövlət başçısı ikinci müraciətində terrorçulardan, iğtişaşlardan, ərazi bütövlüyünə və dövlətçiliyə təhlükədən danışmağa başladı. Belə çıxır hadisələr xarakter və mahiyyətinə görə iki yerə bölünür: biri real vəziyyətə uyğun etiraz, o biri isə yaranmış vəziyyətdən sui-istifadə halı. Bütün məsələlər ikinci halın üzərində qurulub. Cəmiyyətə ötürülən dezinformasiyalar, terrorçu adı ilə öldürülənlər, yüksək rütbəli polis və vəzifəli əməkdaşların intiharı, müəmmalı ölümü və sairə buradan qaynaqlanıb. Elə Tokayev ölkəsinə KTMT sülhməramlılarını da ikinci hala görə dəvət edib. Ancaq hadisələr onu deməyə əsas verir ki, Qazaxıstanın ərazi bütövlüyü pozulmamışdı. Hətta indiyədək “terrorçu” adlananların hansı təşkilata məxsus olduğu da açıqlanmır. KTMT-nin nizamnaməsinə əsasən, dövlətin ərazi bütövlüyü pozularsa, yaxud təhdid edilərsə bu halda həmin ölkəyə təşkilat qoşun yeridə bilər. Ancaq Qazaxıstanda baş verənlər fonunda ora sülhməramlı adı altında qoşun yeridilməsi məntiqi görünmür.

– Kasım Jomərt Tokayev KTMT-yə üzv ölkə liderlərinin yanvarın 10-da keçirilən videokonfransda bildirib ki, təşkilatın sülhməramlılarının 2030 canlı qüvvəsi və 250 texnikası təyin olunmuş bölgələrə yerləşdirilib. O, KTMT sülhməramlı qüvvələrinin hava limanları, hərbi bazalar kimi strateji obyektləri mühafizə etmək, habelə təhlükəsizliyi təmin etmək vəzifələrini yerinə yetirdiklərini diqqətə çatdırıb. Belə çıxır ki, Ermənistandan Qazaxıstana yola düşən yüz erməni əsgər Qazaxıstanın ərazi bütövlüyünü qoruyacaq. Yaxud Qazaxıstan 30 ildə öz ərazisini qorumaq üçün bir ordu, yaxud silahlı qüvvə yarada bilməyib? Qazaxıstana xaricdən kim müdaxilə edirdi? Ümumi sahəsi 2 724 900 kvadrat kilometr olan Qazaxıstan şimalda Rusiya, şərqdə Çin, cənubda Türkmənistan, Özbəkistan və Qırğız Respublikası ilə həmsərhəddir. Ölkənin qərbində isə Xəzər dənizi yerləşir. Ölkə dəniz vasitəsilə Rusiya, Azərbaycan, İran və Türkmənistanla su sərhədinə malikdir. Sadaladığımız dövlətlərdən hansı biri ölkənin ərazi bütövüyünü pozurdu? Yaxud buna cəhd etmişdi? Əlbəttə, bunların heç biri baş verməmişdi.

Sədrəddin Soltan: “Qazaxıstanın bir çıxış yolu qaldı” | KONKRET

– Kasım-Jomart Tokayev çıxışlarında KTMT-nin ölkəyə daxil olmasına haqq qazandırmağa çalışsa da, arqumentləri zəifdir. Çüni o, ölkənin ərazi bütövlüyü və dövlətçilyini təhdid edənlərin kimliyini hələ də açıqlamayıb. Bu elə də sadə məsələ deyil. Ərazi bütövlüyü və dövlətçiliyi çökdümək istəyənlər çox böyük gücə və maliyyə imkanlarına, hərbi texnikaya və sair malik olurlar. Yaxud onu hansı xarici dövlət dəstəkləyib, bunlar da açıqlanmayıb. Deməli Tokayev verdiyi bəyantın doğruluğunu beynəlxalq ictimaiyyət üçün təsdiqləməlidir. KTMT-ni ölkəyə dəvət etməklə regional və beynəlxalq təhlükəsizlik təhdid olunub.

– Fikirmcə KTMT Qazaxıstandan ABŞ-Rusiya münasibətlərindəki gərginlik fonunda çıxır. Yəni sülhməramlı adı ilə Rusiya ora qoşun yeritmişdi. İndi onun çıxarılması haqqında açıqlama verirlər. Qeyd edək ki, sülhməramlıların tərkibində Ermənistan 100, Qırğız Respblikası 150, Tacikistan isə 200 hərbçi göndərəcəyini bildirimişdi. Rusiya isə ölkəyə 1 580 hərbçi göndərmişdi. Odur ki, bu, Rusiyanın Otra Asiyada özünü göstərmək simvoludur. Sülhməramlılar qazaxıstana yeridildiyi gün ABŞ-la Rusiya arsında ilkin danışıqlar başlamışdı. Sülhməramlılar həm də beynəlxalq təzyiqlə üzləşib. Qeyd edim ki, Qırğızıstan respublikası əvvəlcə sülhməramlıları göndərmək istəmədi. Sonra buna razı oldu. Ölkə Prezidenti Sadır Japarov isə KTMT-nin toplantısına da qatılmayıb. Bunu Qırğızıstan respublikasının məsələyə etirazı kimi də dəyərləndirmək olar.

– ABŞ-ın dövlət katibi Entoni Blinken isə yanvarın 9-da verdiyi bəyanatda Qazaxıstandan KTMT-dən kömək istəməsinə görə izahat tələb etmişdi: “ABŞ Qazaxıstandan vəziyyəti sabitləşdirmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından kömək istəməsinə aydınlıq gətirməsini tələb edib. Dövlət katibi CNN-ə müsahibəsində deyib ki, Rusiyanın rəhbərlik etdiyi bu quruma  Qazaxıstan hakimiyyətinin üz tutmağa niyə vadar olduğuna dair real sualları var. O, həmçinin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin qanunsuz silahlı dəstə üzvlərinə xəbərdarlıq edilmədən atəş açmaq əmrini pisləyib. O, bu bəyanatı və belə milli siyasəti pislədiyini qeyd edib. Blinken Rusiyanın keçmiş postsovet respublikalarına təsir etdiyini vuruğulayıb.

– Qazaxıstanda baş verən hadisələrin ikinci hissəsinin müəllifinin şəkili artıq çəkilir. Ancaq bunun tam təsdiqi üçün yenə də zamana ehtiyac var. Bir məsələni də qeyd edim. Belarus Prezidenti Aleksandr Lukaşenko Qazaxıstandakı vəziyyətdən danışarkən Özbəksitanı və başqalarını hədələdi. Onun sözlərinə görə, oxşar hadisələr başqalarının ərazisində baş verə bilər. Xatırladım ki, 2005-ci il mayın 12-14-də Özbəkistanın Əndican şəhərində etiraz aksiyaları nəticəsində rəsmi məlumata görə 187 nəfər, xarici müşahidəçilərin hesablamasına əsasən isə 600, başqa mənbələrə görə 1 500 nəfər ölmüşdü. Onda əhali 1990-cı illərdən bəri davam edən yoxsulluq, korrupsiya, repressiyalar və bərbad iqtisadi vəziyyətdən bezərək yaranmış şəraitə etiraz etmişdilər. Nə Avropa İttifaqı, nə ABŞ, nə də Rusiya Əndican hadisələrinin ədalətli araşdırılmasına və buna düzgün qiymət verilməsinə nail ola bilib. Özbəkistan hakimiyyəti qərbin bu istiqamətdə tələblərini rədd edib. Odur ki, KTMT sülhməramlılarının Qazaxıstandan çıxarılması daha çox beynəlxalq təzyiqin nəticəsi sayıla bilər. Çünki Tokayevin onları ölkədə saxlamağa əsası yox dərəcəsindədir. Rusiyanın isə daha bir ərazidə qoşun saxlamağa maliyyə vəsaiti çatmır. Ancaq bütün hallarda Moskva beynəlxalq ictimaiyyətə “mən keçmiş sovet respublikalarına sizdən yaxınam” mesajını verdi.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest