Sahib Məmmədov: “Ölkədə korrupsiya iki hissəyə bölünür – yuxarıların və aşağıların korrupsiyası”

“Azərbaycanda korrupsiya iki hissəyə bölünür – yuxarıların korrupsiyası (nomenklatur korrupsiya) və aşağıların korrupsiyası (məişət korrupsiyası). Son 10 il ərzində, yəni 2012-2022-ci illərə baxsaq, məişət korrupsiyasının səviyyəsi 90 faiz azalıb”.

Bu sözləri AzTV-nin “Çıxışa doğru” proqramında çıxış edən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib.

O bildirib ki, buna səbəb ASAN xidmət mərkəzlərinin yaranmasıdır:

“Dövlət xidmətlərinin bu cür şəffaf çətir altında cəmləşməsi bu halların azalmasına səbəb oldu. Əsas korrupsiya halları xırda məmurlarla vətəndaşlar arasında yaranırdı. Yenə vətəndaşa dövlət xidmət edir. Kreslolarını götürüb, gətirib bu binaya qoyublar. Sadəcə burada yaranan şəffaf mühit əvvəlki “hörmət” söhbətini, korrupsiya mədəniyyətinin bu elementini aradan qaldırıb. Mexanizm yarandı və aşağıların korrupsiyası 90 faiz aradan qalxdı.

Bu günlərdə prezident tərəfindən “Korrupsiyaya Qarşı Mübarizənin Gücləndirilməsi Haqqında” 2022-2026-cı illər üçün milli fəaliyyət planı və onun tədbirlər planı təsdiq olundu. Tədbirlər planının birinci bənd dövlət orqanlarında, təsisatlarında korrupsiya riskini yaradan amillərin müəyyən edilməsi qeyd edilib. Biz bir neçə dəfə bu məsələni müzakirə etmişik.

Yuxarıların korrupsiyasının qarşısının alınmasında isə satınalma prosesinin təkmilləşdirilməsidir. İqtisadçılar bunu yaxşı bilir, 2026-cı ilə qədər satınalma prosesini təkmilləşdirməsək, yuxarıda investisiya layihələrində, dövlət orqanlarında korrupsiyanın kökünü kəsə bilməyəcəyik. Satınalma prosesində həddən artıq ifrat dərəcədə prosedur çətinliyi var, qanunun özü də bərbad vəziyyətdədir. İqtisadiyyat Nazirliyi bununla bağlı yeni layihə hazırlayır. Hələ ki bizim ondan xəbərimiz yoxdur. Prezident 2019-cu ilin oktyabrında qiymətlərin şişirdilməsi ilə bağlı məsələlərə xəbərdarlıq edib. Prezident bir neçə dəfə xəbərdarlıq etdikdən sonra artıq ciddi addımlar atır. Biz də cəmiyyət olaraq bunun şahidi olduq ki, addımlar başlayanda korrupsiya cinayətlərinə cəlb olunan yüksək vəzifəli şəxslərə qarşı irəli sürülən ittihamların içərisində satınalmaların qeyri-şəffaflığı, qiymətlərin şişirdilməsi, qohum əqrəbanın, öz şirkətlərinin cəlb olunması məsələsi də var idi”.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest