“Sabir bütün şairlərə ədəbi və əbədi müxalifətdir” – Cavanşir Yusiflinin MÜSAHİBƏSİ

Sabir bütün zamanlar üçün yeni nəfəs olaraq qalacaq. Bu fikirlər bir çox ədəbiyyat tədqiqtçısının gəldiyi qənaətdir. 

Böyük ədibin doğum günü ərəfəsində tənqidçi, ədəbiyyatşünas və bədii tərcüməçi CavanşirYusiflinin Bizim.Media-ya özəl müsahibəsini təqdim edirik.

– Mirzə Ələkbər Sabir yenilikçi şair olmasına rəğmən, öz şeirlərini əruz vəznində yazırdı. Hətta 1910-cu ildə Salman Mümtaza verdiyi müsahibəsində 13-cü əsrdə mühasirəyə alınan ədəbiyyatımızın yalnız böyük ustadların əli ilə xilas olacağını bildirmişdi. Bəs niyə özü buna cəhd etməmişdi? Uğursuzluqdanmı qorxmuşdu, yoxsa insanların onu anlaması naminə cəhdindən vaz keçmişdi?

“Əlbəttə, yenilikçiliyin bədii formaya çox böyük dəxli var, amma insanların ruhuna nüfuz etmiş, onlar üçün necə deyərlər, “ikinci dil” rolunu oynayan vəzn məsələsi biz düşündüyümüz qədər də asan şəkildə dəyişmir, yəni bu məsələ zaman məsələsidir. Bu yöndə ən böyük cəhd elə Sabirin elədikləri idi. Onun həyatdan çox tez köçməsi də təkcə xəstəliklə bağlı deyildi, onun qədər, o masştabda yeniliklər emək insandan böyük güc və enerji tələb edir. Sabir, bir ifadə ilə desək, “zəlzələlər mərkəzi” idi (Tofiq Bayram).  

Sabir şair obrazı olmaqdan çox bu obrazı dağıdan, dəyişdirən, onun məzmununu başqalaşdıran bir fiqurdur. Onun gördüyü işlər, gətirdiyi yeniliklər bir neçə qrupda sıralana bilər. Əvvəla o, Zakir və Seyid Əzimin başladıqları yolu genişləndirib milli ədəbiyyatı ideya və məfkurə baxımından dünya ədəbi prosesinə qovuşdurdu. Hər şeydən öncə cahanda baş verən qovğalara yeni üslubi tendensiyaların reaksiyası şeirin strukturuna nüfuz etdi. Belə ki, qafiyə-ritm sisteminin dərindən-dərinə formayaradıcı xassəsi üzə çıxdı. Sabirə xas olan mətn məkanının bütün cəhət və yuva – guşələrinə baxış yolunun açılması, misranın ritm üstündə parçalanıb satirik ironiyanı gücləndirməsi, üslubun mərkəzəqaçma və mərkəzdənqaçma vektorlarının çevikliyinin güclənməsi Sabirin poetik qalaktika sitemini yaradıb formalaşdırdı.
İkincisi, belə bir mühüm faktı sübut etdi ki, şair millətinin tarixini, mənəvi ərazisinin tarixini hamıdan yaxşı bilməlidir. “Fəxriyyə” şeirində türk tarixinin ifadəsi baxımından keçmişin gələcəyə sualları yer almışdır. Sabirin fikrincə, bu mətnlər küll halında təkcə bədii mətn kimi oxuna bilməz, yaxud onlara təkcə tarix kimi baxıla bilməz”.

– Mirzə Ələkbər Sabirin irsini, satirasını davam etdirən bu gün kimlərdir?

“Bu gün fikir vermisinizsə, satira yox dərəcəsindədir. Artıq illərdir sağlam, bütün komponentləri işlək halda olan satira yoxdur. Gic və sərsəm, həm də çox şit yumor var, TV ekranlarında gördüyünüz kimi. Sonuncusu Baba Pünhan idi. Meyxana var, hər şey var, amma satira yoxdur. Düşüncəmizdə Mirzə Cəlil, Axundzadə və Sabir enerjisi də hardasa qeybə çəkilib”.

– Bəzən Cəlil Məmmədquluzadənin nihilist olması barəsində fikirlər səsləndirilir. Bəs məslək dostu Mirzə Ələkbər Sabiri də nihilist saymaq olarmı?

“Onlar olmasaydı, indi hansı boşluqlar göz deşərdi deyə fikirləşmək lazımdır. Bir şey çox dəqiqdir: həmin dövrdə həyat, gerçəklik, düşüncə – hər şey dəyişməliydi. Bu, zərurət idi, bunun həyata keçirilməsi çox ağır zəhmət tələb edirdi və demək olmaz ki, həmin vəzifə bu gün tam həll olunub. Nihilizm… hər şeyin elliklə inkar edilməsi… Axı bədii ədəbiyyatda inkar və təsdiq “tək halda” olmurlar, biri o biri komponenti daha güclü şəkildə nəzərdə tutur. Nihilizm söhbəti boşboğazların sadəcə danışmaq vərdişidir.

Sabir bədii dili də üzündən astarına çevirdi, bu astarın üzü fəryaddan çox məzəmmətlə dolu idi. Sabir sübut elədi ki, şairin missiyası kotanın ilişdiyi yerdə işləməkdir, o lənət daşını qaldırıb milləti oyada bilsən insan hər əməlində özünü görə bilər. İnsanı güzgüdə olduğu kimi özünü göstərmək, özünü məzəmmət eləməyə alışdırmaq əsrlər boyunca davam edəcək missiyadır. Bu isə yeni əsrdə Azərbaycan ədəbiyyatını dünya prosesinə qovuşdurmaqda misilsiz rol oynamış məhz Sabirin kəşfi və icadıdır. Sabir poetikasındakı “virtual güzgü” obrazı son dərəcə ciddi mətləbi qoyur ortaya: insan, yazıçı, şair, oxucu… Hər kəs özünü, əməlini, yazdığını görməlidir, bu baş tutmayınca ağ vərəqləri qaralamağın bir mənası qalmır”.

– Dövrün din adamlarının riyakarlığını, ikiüzlülüyünü tənqid edən Sabir həm də dini mərsiyələrin müəllifidir. Biz bu ziddiyyəti bir çox şair və yazıçıda da görürük. Dini mərsiyələr zəmanənin tələbi idisə, Sabirin satirasının hədəfində niyə din adamları, saxta axundlar, mollalar da var idi?

“Ona görə var idi ki, Sabir içində çırpındığı mühiti çox yaxşı tanıyırdı. Sabir bir ənənə, proqram idi. Onunla birgə və ondan sonra Mirzə Əli Möcüz, Qəmküsar, Səməd Mənsur yeni rakurs və paradiqmanı genişləndirdilər. Hər hansı şair və ya nasir də, xüsusən bu ədiblər uzun bir ömür yaşayıblarsa, ziddiyyətlərin olması təbiidir, indi də var. Gənc ikən həyatdan getmiş şairin məzarına qənim kəsilənlər var.

Sabir Seyid Əzim kimi ömrünün sonuna qədər qəzəl yazmadı, qəzəlin həm Seyiddən, həm də Füzulidən fərqli bucağından baxıb bu janrın ömrünün bitdiyini elə onun öz dilində bəyan etdi.
Dedi ki, mən bu janrın, bu formanın ən kamil örnəyini verirəm, ancaq dərdimiz bu deyil. İlk dəfə olaraq qəzəl janrına münasibətdə radikal seçim edildi. Sabir Mirzə Cəlillə birlikdə ədəbi praktikada ilk dəfə olaraq nəyi və necə yazmaq məsələsini belə radikal şəkildə qoydu. Bunu nəzərə almadan yazmaq qarabasma və yuxu gətirir, elə bir yuxu ki, səni aldatdıqca aldadır, ondan qurtulmaq istəmirsən. Bu mənada Sabirin şeirləri başqa cür oxunmaq istəyir, bu mətnlər dil açıb deyir ki, bizi gördüyün kimi oxuma, səhifəni daim çevir, yenilə.

Amma еlə bərk yuxla ki, hətta gеt özündən,
Afaqı dutan şurü qiyamətdən ayılma!
Laylay, bala, laylay! Yat, qal dala, laylay!

Sabir sadəcə hər hansı bir mövzunu yada salırdı, ona işarə edirdi, bu mətnlərin fərqli şəkildə görünməsini istəyirdi”.

– Sabir Azərbaycan üçün hansı inqilabi xarakter daşıyır?

“Şair təkcə öz dövründə oxunmur, dünyadan köçdüyü nöqtədən şəxələnib eyni zamanda keçmişə və gələcəyə yollanır. Bu səfər marşurutunda yollar kəsişdikcə yeni perspektivlər yaranır. Seyid Əzimin kitabı keçmişin mətnlərinə qarışdığı kimi gələcək üçün də suallar yaradır, gələcək məhz bu suallar əsasında qurulur, özünü tapır, düzəldiyini, tamamlandığını zənn edən kimi tez-tələsik Seyid Əzimi “arxivə” göndərir.

Bu, yalnız virtual qatda mövcud olan ədəbiyyat tarixinin və deməli, həm də yaddaşın dəqiqəbədəqiqə yenilənən arxividir.
Seyid Əzim bu arxivdə özündən sonra gələn bütün şairlərin, hər kəsdən öncə Sabirin dilində oxunur, izah edilir, özü də bilmədən Sabir ona həm lirika, həm də satira sahəsində şərhlər yazır, baxmayaraq ki, Sabir bu sahədə Seyidlə olduğu kimi Füzuli ilə də oppozisiyadadır. Bu arxiv ərazisində Sabir bəzən özündən əvvəl və sonra gələn bütün şairləri əvəz edir, onların tərcümanı olur, onların mətnlərinə can verən dillərə yiyələnir və onlara qarşı çıxır. Bu hadisə, yəni ədəbi prosesin ən əsas istiqamətlərini bəlləyən bir şairin yaddaşının keçmişi olmadığı kimi, gələcəyin isə olacağı kimi göstərməsi ədəbi ideologiya sahəsində müəyyənləşdirici amilə çevrildi.  Həmçinin tam yeni estetik və poetik istiqamətləri müəyyənləşdirdi.

Seyid Əzim bitdiyi yerdən başlayan Sabir bu gün də Füzulinin, yaxud yaddaşın ayrıca məqamda duran digər şairlərin lirika dilini dağıdır, onu hissələrə ayırıb yeni dil icad edir, bu dil Füzuli və Seyidin, onlardan sonra gələn şairlərin də dilinə münasibətdə ömürlük müxalifətdir.
Məhz bu cəhət XX əsrdə ədəbiyyatda yeni üfüq yaradır. Sabir ədəbi aləmdə yerlə göyün arasını açdı, onları bir-birindən ayırdı, poetika, üslub sferasında üfüq xəttini yaratdı, ən əsası isə insanın daxilən fəthində yeni, ən mühüm qatlara keçid edərək bütövlükdə insan xislətinin macəralarını poetik sistemin malına çevirdi. Bu keçid baş verdikdən sonra insan və gerçəkliyi yeni, daha modern üsullarla araşdırmaq zərurətə çevrildi. Ədəbi yaddaşın ayrıc məqamında durub keçmişə və gələcəyə təsir edən, onları inad və təhdidlə araşdıran iki şair – Mirzə Ələkbər Sabir və Seyid Əbülqasım Nəbati bizim ədəbiyyat tariximiz üçün müstəsna hadisələrdir. Onların irsini araşdırıb bütün mətləbi əxz etdiyini zənn etdiyin anda yeni suallar və yeni rakurs yaranır”.

Mia Quliyeva, Bizim.Media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest