Şəxsi nümunəsi ilə seçilən ELM XADİMİ

Birmənalı olaraq onu demək mümkündür ki, Afad Qurbanov  ötən əsrin 50-ci illərindən elmdə boy göstərməyə başlayan, dilçilikdə Bəkir Çobanzadə və Əbdüləzəl Dəmirçizadənın fəaliyyəti ilə əsası qoyulan məktəbin ən görkəmli nümayəndəsi olmaqla bərabər, respublikamızda ən mükəmməl təhsil təşkilatçısı kimi tanıyıb qəbul edirsə, cəmiyyətimizin böyük bir qismi onu həm də müasir əlifbamızın memarlarından biri kimi xatırlayır.

Görkəmli alim və mahir təhsil təşkilatçısı həmçinin fəal vətəndaş mövqeyi ilə seçilən, Azərbaycan parlamentinin siyasi baxışlarına, ictimai mövqeyinə görə fərqlənən millət vəkillərindən biri kimi xatırlanır.

Onu qeyd etməyi lazım bilirik ki, bu il yanvar ayının 10-da anadan olmasının 93-cü ildönümü tamam olacaq Afad Qurbanovun elmi, pedaqoji və ictimai fəaliyyətinə işıq salan titullarını sadalamaqla onun həyat yoluna ötəri də olsa boylanmaq mümkündür: ‎dilçi-alimi, türkoloq, elm və təhsil təşkilatçısı, ictimai xadim, Azərbaycan Əlifba Komissiyasının sədri, hazırkı latın qrafikalı Azərbaycan əlifbasısının müəllifi, Azərbaycan SSR-i Natiqlik Cəmiyyətinin sədri (1980), SSRİ Pedaqoji Elmlər Akademiyasının akademiki, Azərbaycan SSR-i Elmlər Akademiyasının üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan SSR dövlət mükafatı laureatı.

Hesab edirik ki, bu titulların siyahısını genişləndirmək mümkündür və genişləndirməyə cəhd etmədiyimiz həmin siyahı ilə 1929-cu ilin yanvarında Dağ Borçalının Cücəkənd (ötən əsrin 30-cu illərində Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə guya ki, daha müasir Qızıl Şəfəq adı ilə əvəzlənib, əslində, məqsəd qədim tarixə malik toponimin izini silmək olub) kəndində anadan olan, ali təhsil aldıqdan sonra doğma yerlərə qayıdan, qısa müddət ərzində burada məktəb direktorluğu müddətində nümunəvi məktəb yaratmağa müvəffəq olan, 50-ci illərin sonlarında Bakıya qayıdan, alim və müəllim ömrünü Qafqazın ən qədim ali pedaqoji məktəbi- bu günkü Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bağlayan Afad Qurbanovun ağlagəlməz titanik fəaliyyəti ilə daha yaxından tanış ola bilərik.  

Onu qeyd etməyi lazım bilirik ki, bu günkü Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasına qəbul edilən Afad Qurbanovun elmi taleyi onun tədqiqata cəlb etdiyi “Vaqif pyesinin dili və üslubu” mövzusu üzrə elmi işinin rəhbəri Əbdüləzəl Dəmirçizadənin olması ilə müəyyənləşdi.

Azərbaycan dilçiliyini tədqiqatı tarixində öz metodiki baxışları ilə fərqlənən, gərgin tədqiqatlarının nəticəsi olan  “Azərbaycan ədəbi dil tarixininin xülasələri” adlı əsəri əfsanəvi şərqşünas, “Ədəbiyyat Ensiklopediyası” və “İslam Ensiklopediyası” kimi nadir kitabların müəllifi Yevgeni Bertels və məşhur rus-sovet linqvisti, şərqşünas-türkoloq Sergey Malovun tərəfindən namizədlik dissertasiyası kimi müdafiəyə layiq görülən, elmə öz şərəf və ləyaqəti kimi yanaşan  professor Əbdüləzəl Dəmirçizadə istedadı və savadı ilə onun diqqətini cəlb edən gənc Afad Qurbanovu öz xələfi kimi qəbul edirdi. Alimin tədqiqata cəlb etdiyi ilk mövzular üzrə yazdığı məqalələr və elmi kitablar buna görə idi ki, nəşr olunduğu andaca Azərbaycan dilçiləri tərəfəindən maraqla qarşılanır və gələcək elmi axtarışlar üçün yeni stimul verirdi. Bunun nəticəsi olaraq 60-cı illərin sonlarında artıq o, kifayət qədər böyük nüfuz malik dilçilər arasında seçilən və öz dəsti-xətti olan alimlərdən biri kimi tanınırdı. Beləliklə, “Dilçiliyin sistemi”, “Dilçiliyin tarixi”, “Müasir Azərbaycan ədəbi dili” (1967, 1985-ci illər nəşrləri), “Bədii mətnin linqvistik təhlili”, “Azərbaycan onomastikası”, “Azərbaycan dilinin onomalogiyası” (1988), “Ümumi dilçilik” (1989-1993-cü illərdə nəşr olunan I-II cildlər), “Dünyanın dil ailələri” və  digər əsərləri ilə sovet türkşünaslığı və ümumilikdə dünya türkologiyasında öz layiq olduğu yerini tuturdu.

Artıq ötən əsrin 80-ci illərinin əvvəllərində alimin əsərləri Almaniya, Rusiya, İran, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan və digər ölkələrdə nəşr edilir, dünya tükoloqlarının istinad etdiyi elmi işlər cərgəsində yer tuturdu. Bunlarla bərabər, Afad Qurbanov respublikada dilçiliyin aktual problemləri ilə bağlı elmi və elmi-praktik konfransların təşkilatçısı, habelə, dünyada keçirilən simpozium və elmi konfranslar tərəfindən dəvətlər alan dilçilərdən biri idi. Onun dünyanın bir sıra nüfuzlu elmi mərkəzləri və təşkilatlarının təşəbbüsü ilə dilçiliyə, xüsusilə türkologiyaya aid keçirilən konfransların əksəriyyətində aktual və orjinal məruzələri beynəlxalq səviyyədə qəbul edilən elm adamları tərəfindən böyük maraq və coşqu ilə qarşılanması heç kimdə təəccüb yaratmırdı. Buna görə idi ki, Afad Qurbanovun elmi yanaşmaları ilə əsaslandırılan ciddi nəzəri-elmi qənaətləri dünya türkoloqları arasında böyük nüfuza malik sovet linqvist-türkoloqu, Sovet Türkoloqları Komitəsinin sədri, filologiya elmləri doktoru, professor, SSRİ Elmlər Akademiyasının həqiqi üzvü Andrey Kononovun diqqətini cəlb edirdi. Sovet Türkoloqları Komitəsinin sədri Afad Qurbanovun 1967-ci ildə nəşr etdirdiyi, 1969-cu ildə sovet Azərbaycanına rəhbərlik edən, ölkənin siyasi-iqtisadi həyatı ilə bərabər xalqımızın tarixi keçmişinə xüsusi diqqət və qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 70-ci illərdə Dövlət Mükafatına layiq görülən  “Müasir Azərbaycan ədəbi dili” kitabı haqqında yazırdı: “A.M.Qurbanovun kitabı yalnız Azərbaycan dili materiallarını deyil, həm də başqa türk dillərinin materiallarını əhatə edən mövzuları işıqlandırır”.

Təsadüfi deyil ki, professor Afad Qurbanovun tələbələrindən, üslubiyyat və Qərbi Azərbaycan toponimləri ilə bağlı dəyərli əsərlərin müəllifi, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının nəzdindəki Filologiya və Pedaqogika elm sahələri üzrə Ekspert Şurasının sədri, “Linqvistika problemləri” jurnalının yaradıcısı və baş redaktoru xanım Mahirə Hüseynova görkəmli alim barədə yazır: “Azərbaycan dilçilik elminin görkəmli nümayəndəsi, akademik Afad Qurbanovun 50-yə qədər monoqrafiyası, dərsliyi, dərs vəsaiti və 500-dən çox elmi məqaləsi həmişə ciddi dəyəri ilə seçilib, nəinki ölkəmizdə, eyni zamanda, bir sıra xarici ölkələrin məşhur alimlərinin, türkoloqlarının geniş maraq dairəsində olub. Onun tədqiqatlarında onomalogiya anlayışına, onun predmeti, obyekti, fəlsəfi-nəzəri əsaslarına geniş prizmadan baxılması və bu aktual məsələlər hərtərəfli şəkildə şərh edilməsi bu məktəbin gələcək nümayəndələri üçün genişspektrli tədqiqatlar üçün mükəmməl yoldur”.

Afad Qurbanovun 1977-ci ildə nəşr edilən, keçmiş SSRİ məkanında əks-səda doğuran, «Ümumi dilçilik» adlı dərsliyi barədə həmin vaxtlar Leninqrad Dövlət Universitetinin professoru, əsərləri bu gün də dünyada ümumi dilçilik sahəsində başlıca istinad mənbələrindən biri kimi qəbul edilən Vitali Koduxov belə qiymətləndirirdi: “Əsər öz konseptuallığı ilə heyrət doğurur”.

Professor Afad Qurbanov barədə yalnız müasiri olan görkəmli dilçi alimlər yazmayıb, onun elmi təfəkkürünün və gərgin zəhmətinin bəhrəsi olan qiymətli elmi əsərlərinin əhəmiyyəti barədə günümüzün istedadlı alimləri də vaxtaşırı bu nadir elm adamınn görünən yeri haqqında fikirlərini bölüşürlər.

Qədirşünas alim Afad Qurbanovu elmi dəlillərə, faktlara, mənbələrə, istinadlara söykənərək türkoloji dilçilik problemləri ilə də məşğul olmasını önə çəkir, dilçi-türkoloqun altayşünaslıqla bağlı yaradıcılığındakı çoxşaxəliliyi və türkoloji dilçiliklə bağlı tədqiqatlarındakı zənginliyi xüsusi vurğulamaqla müasiri olan, həmçinin gələcək tədqiqatçı alimlərə örnək olaraq təqdim edir.

Afad Qurbanovun digər tələbələrindən biri, Azərbaycan dilçiliyinin metodikası ilə bağlı tədqiqatları ilə bərabər, “Kitabi- Dədə Qorqud” dastanlarının dil yükünün tədqiqi ilə əlaqədar qiymətli əsərlərin müəllifi filologiya elmləri doktoru, professor mərhum Əzizxan Tanrıverdi akademik Afad Qurbanovun Azərbaycan dilçilik məktəbindəki yerini belə təqdim edir: “Afad Qurbanov özünün yaradıcılıq fəaliyyətinin ilk illərində, əsasən, iki elmi istiqamətə – nəzəri-filoloji və pedaqoji-metodiki sahələrə meyl göstərmişdir. O, tədris problemlərinin ən vacib məsələləri üzərində düşünərək müəyyən nəticələrə gələ bilmiş, öz fikirlərini elmi məqalələr şəklinə salmış, “Azərbaycan dilinin onomalogiyası” monoqrafiyasına görə Dövlət mükafatına layiq görülmüşdür.

Ədəbi dilimizi dərindən mənimsəmiş, bütün yazı və nitqlərində bu dilin normalarına zərgər dəqiqliyi ilə əməl edən Afad Qurbanovun əsərlərində konkret fikir, dəmir məntiq, doğru və düzgün bir ana xətt vardır. Ciddi bir elmi problemi asan, sadə, anlaşıqlı, elmi dildə oxucuya çatdırmaq qabiliyyəti Afad müəllimdə yüksək dərəcədə inkişaf etmişdir. Bu cür üslubda elmi əsər yazmaq hər alimə xas xasiyyət deyildir”.

Seçilən sitatlar hələ gəncliyində, pedaqoji karyerasının uğurla başladığı məqamlarda elmi axtarışlar həvəsi ilə kənddən Bakıya gələn, aspiranturadan Milli Elmlər Akademiyasınadək yol keçən, adi ali məktəb müəllimliyindən rektorluğa qədər qalxa bilən Afad Qurbanov barədə yazılan və deyilən fikirlərin cüzi hissəsidir.

Afad Qurbanovun istər elmi-pedaqoji, istərsə də ictimai fəaliyyətində yüksək istedadı, peşəkarlığı və hər iki faktordan qidalanan xarizması ilə uğurlarına nail olduğu birmənalıdır. Onu tanıyann insanlar Azərbaycan Dövlət Pedaqoji Universitetinə rektorluğu müddətində imza atdığı müvəffəqiyyətlərin başlıca qaynağı kimi həmin keyfiyyətləri nişan verir. Universitetin 60 illiyi böyük təntənə ilə qeyd olunduğu 1982-ci ilin noyabrında Qafqazın ən qədim ali pedaqoji təhsil ocağına SSRİ məkanında ali dövlət mükafatlarından birini- Qırmızı Əmək Bayrağı ordenini təqdim edən ümummilli liderimiz Heydər Əliyev o müvəffəqiyyətləri xüsusi qeyd etməklə rektorun əməyini vurğuladı.

Afad Qurbanovun elmi və pedaqoji fəaliyyətindəki heyrətamiz məhsuldarlığının ictimai və inzibati fəaliyyəti ilə bacarıqla uzlaşdırması fenomenal hadisə idi.

Bütün nümunə göstəriləsi ziyalılar kimi, Afad Qurbanov psevdomillətçi deyildi, lakin iliyinə qədər xalqına bağlı idi. Bu bağlılığı o, yalnız tutduğu dövlət vəzifələrində deyil, elmi yaradıcılığında və ictimai fəaliyyətində konkret əməlləri ilə göstərib.

Belə nümunələrdən biri 1990-cı ildə, onun təşəbbüsü ilə yaradılan Azərbaycan Əlifba Komissiyasındakı fəaliyyətini unutmayanlar indi də professor Afad Qurbanovun fəaliyyətini minnətdarlıq hissi ilə xatırlayırlar. Onlar onu da xatırlayırlar ki, Komissiyanın sədri yeni əlifba layihəsinin hazırlanması işində  

latın qrafikalı əlifbanın dilimizin səs sisteminə uyğun tərtib edilməsinin zəruriliyini vacib sayaraq məsələyə çox ehtiyatla yanaşmağı, bu işdə diqqətli olmağı əsas tutaraq əlifba yaratmağı öz mahiyyətinə görə dövrün ictimai, siyasi və mədəni problemlərinin ən məsuliyyətli məqam olduğunu xatırladıb.

Afad Qurbanov Azərbaycan dilçiliyində Onomalogiya məktəbinin yaradıcısı kimi qəbul olunur və bu qənaət heç də onun onomalogiyanın müxtəlif məsələlərinə həsr etdiyi 100-ə qədər məqaləsi, onlarca kitabı və bir neçə monoqrafiyasına görə ölçülmür. Bu qənaətin arxasında gərgin və məhsuldar elmi axtarışlarla bərabər fundamental təşkilatçılıq əməyinin dayandığı birmənalıdır. Məhz əməkdar elm xadiminin elmi əsaslara söykənən təkidlərindən sonra, 1986-cı ildə ADPU-nun Ümumi Dilçilik kafedrası nəzdində respublikanın elmi həyatında ilk dəfə olaraq Onomastik Elmi Mərkəz yaradıldı ki, sonradan həmin Mərkəz elmi-tədqiqat problemləri laboratoriyasına çevrildi.

Bütün salanan faktlar filologiya elmləri doktoru, professor, AMEA-nın üzvü, Əməkdar Elm Xadimi Afad Qurbanovun elmi-pedaqoji, ictimai fəaliyyətinin bir qismini əhatə edə biləcək fikirlərdir.

O qənaətlə yazımızı bitiririk ki, adi bir insan ömrünün hər məqamını elm və təhsilimizin inkişafına həsr edən, keçilmiş yollarda bir o qədər də həvəslə yeriməyərək özünə yeni yol açmağa cəhd edərək buna nail olan professor Afad Qurbanovun həyat və yaradıcılığı sistemli şəkildə öyrənilməli və təbliğ edilməlidir.

O, şəxsi nümunəsi ilə bu qənaətimizi aktuallaşdırır.

SURXAY ATAKİŞİYEV.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest