Şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışı oldu – FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Samux rayonundakı yeni çoxmənzilli yaşayış kompleksindən şəhid ailələri və müharibə əlillərinə mənzillərin verilməsinə başlanılıb.

Nazirlikdən verilən məlumata görə, 50 mənzil Samux və Şəmkir rayonlarının qeyd olunan kateqoriyalardan olan sakinlərinə təqdim edilib.

Bildirib ki, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı üç il əvvələ nisbətən bu il beş dəfə genişlənib və 2021-ci ildə 3 min mənzil və fərdi evin təqdim edilməsi işləri aparılır.

Onlardan artıq 1 700 mənzil təqdim edilib. Bu günə qədər isə 11 minə yaxın mənzil və fərdi ev bu kateqoriyalardan olan vətəndaşlara verilib.

Samux rayonundakı yeni çoxmənzilli yaşayış kompleksi doqquz binadan ibarət olmaqla 200 mənzillidir. Müasir tələblərə uyğun infrastrukturun yaradıldığı yaşayış kompleksində 144 şagirdlik məktəb, 50 yerlik bağça, klub icma mərkəzi, iki idman meydançası var.

Yeni mənzillə təmin edilən vətəndaşlar ötən il Vətən müharibəsində ölkəmizin əldə etdiyi tarixi zəfərin sonsuz qürur hisslərinin əsrlər boyu xalqımızın qəlbində yaşayacağını vurğulayıblar. Onlar şəhid ailələrinin və müharibə əlillərinin sosial dəstəklə təmin edilmələri, rifah halının yaxşılaşdırılması üçün aparılan işlərdən razılıqla söz açıb, göstərilən diqqət və qayğıya, bu gün müasir tələblərə cavab verən yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest