Rusiyadan sensasiyalı Ermənistan PLANI: Qazaxıstan ssenarisi işə salınır…

Ermənistanda radikal müxalifətin bütün qanadları baş nazir Nikol Paşinyanı devirmək üçün birləşib İrəvanın mərkəzi meydanında fasiləsiz mitinqlərə start veriblər.
Bununla bağlı açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki, Ermənistanda baş verən hadisələrdə Rusiyanın dəsti-xəttini görməmək mümkün deyil:
“Baxmayaraq ki, Kreml müvəqqəti olaraq Ermənistandakı əsl dayaqları hesab olunan Köçəryan-Sarkisyan tandemini hələ üzə çıxarmır. Yəni İrəvandakı bu dəfəki mitinqlərin təşkilatçıları kimi Daşnaksütun Partiyasının Ali Orqanının Ermənistan üzrə təmsilçisi İşxan Saqatelyan və Ermənistan Kəşfiyyat xidmətinin keçmiş rəhbəri Artur Vanesyan çıxış edir. Qeyd etdiyim kimi, bu hadisələrin arxasında Rusiyanın dayandığı heç kimdə şübhə yaratmır, çünki mitinqlərin təşkilatçıları və hərəkətverici qüvvələri Rusiyanın Ermənistandakı 5-ci kalonunun nümayəndələri və onların tərəfdarlarıdır. Rusiyanın Ermənistanda dövlət çevrilişinə cəhd etməsini Rusiya-Ukrayna müharibəsindən diqqəti yayındırmaq kimi izah edənlər var. Amma mən düşünürəm ki, indiki halda Rusiya daha uzağa gedən məqsədlər güdür. Çünki Rusiya çevriliş etməklə öz maraqlarına xidmət edən şəxsi hakimiyyətə gətirmək istəyirsə, bunu Ukrayna ilə vəziyyətə aydınlıq gətirdikdən sonra da baş vura bilərdi”.
Müsahibimiz deyib ki, Rusiyanın məqsədi Qazaxıstan variantını bu və ya digər formada Ermənistanda həyata keçirmək və beləliklə Paşinyan məsələsini də birdəfəlik bitirməkdir:
“Rusiya nəzarətində olan keçmiş SSRİ respublikalarının sayını artırmaq istəyir. Onun bu addımı daha çox rezonans doğuracaq, nəinki Paşinyanı başqası ilə əvəz etmək. Rusiya Moldova və Ermənistan arasında tərəddüd edirdi. Son hadisələr isə seçimin məhz Ermənistan üzərinə düşdüyünü sübut edir və böyük ehtimalla biz İrəvanda vəziyyətin daha da kəskinləşməsinin şahidi olacağıq. Erməni müxalifətinin insanları səfərbər edərək Rusiyanın qarşılarına qoyduğu vəzifəni yerinə yetirə biləcəklərini isə indidən proqnozlaşdırmaq mümkün deyil. Paşinyan mitinqi dağıtmaq istiqamətində hələ zəruri addımları atmır. Onun silahlı qarşıdurmaya gedib-getməyəcəyi məlum deyil. Bəlkə də Avropada olan müttəfiqlərindən xəbər gözləyir. Küçədə isə vəziyyət hələ də müxalifətin istədiyi qaynama həddinə çatmayıb. Yəni yetərincə nümayişçi toplamaq mümkün olmayıb. Çünki, Saqatelyan və Vanesyan bu gün də əhalini mitinqə səsləyir. Onların ilk addımı maksimum insanı meydana toplamaqdır”.
Politoloq qeyd edib ki, sözügedən şəxslər bundan sonra növbəti addımı atacaq və dövlət qurumlarına hücuma keçəcəklər:
“Polis və ordu onların qarşısını kəsərsə, mütləq qarşıdurma yaranacaq və Qarabağdan gələn silahlılarla toqquşma baş verəcək. İstisna olunmur ki, qarşıdurmanı əsas gətirərək Moskvadakı xəbər gözləyən qüvvələrə yardım üçün müraciət olunacaq. Bundan sonra İrəvandakı 102-ci hərbi baza ya müstəqil, ya da KTMT-nin forması altında missiyasını yerinə yetirməyə başlayacaq”.

Günay Rəsulqızı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest