“Ramazan ailəmizin səbirsizliklə gözlədiyi aydır” – Hansı məşhurlar oruc tutur? – SORĞU

Dünəndən Azərbaycanda Ramazan ayı başlayıb. Ramazan ayı müsəlman dünyasında ən müqəddəs ay hesab olunur. Bu ayda insanlar oruc tutur, namaz qılır, savab işlər görməyə çalışırlar.

Maraqlıdır, tanınmış insanlar arasında bu ayda oruc tutan, savab işlər görən varmı?

Moderator.az mövzu ilə bağlı sənətçilərimizin fikirlərini soruşub.

Xalq artisti Firəngiz Mütəllimova: “Öncə bütün Azərbaycan xalqını Ramazan ayı münasibəti ilə ürəkdən təbrik edirəm. Allah bütün oruc tutan insanların orucunu qəbul etsin. Mən 2013-cü ildən bu yana, yəni beyin əməliyyatı olunandan oruc tuta bilmirəm. Çünki gün ərzində neçə dənə dərman qəbul edirəm. Çalışıram ki, oruc tuta bilməsəm də, iftar süfrəsi verib, borcumdan çıxım. Hər il olduğu kimi bu il də Ramazan ayında atamın, anamın adına quran oxutduracağam” deyə sənətkar bildirib.

Xalq artisti Səkinə İsmayılova: “Hər il olduğu kimi həm orucumu tuturam, həm də namazımı qılıram. İnşallah ki, Allah güc-qüvvət verər, sağ-salamat Ramazan ayını başa vurarıq” deyə sənətkar bildirib.

Xalq artisti Alim Qasımov: “Uzun illərdir ki, oruc tuturam. Ramazan bizim ailəmizin səbirsizliklə gözlədiyi bir müqəddəs aydır. Bu ay insan özü ilə tanış olur, hər şeyini bölüşür, paylaşır. Allahın adına açılan Ramazan süfrələrinin Allah qatında qəbul olunmasını diləyirəm” deyə xanəndə bildirib.

Xalq artisti Həmidə Ömərova: “Ramazanın gəlişini səbirsizliklə gözləyirəm. Hər il olduğu kimi “Ata ocağı” serialının kollektivi ilə birlikdə oruc tuturuq. 20 ilə yaxındır ki, oruc tuturam, amma hər ayı tuta bilmirdim. 10 il olar ki, bütün ayı tuturam” deyə xalq artisti bildirib.

Əməkdar artist Elza Seyidcahan: “Bir neçə ildir ki, oruc tuturam, çox böyük zövq alıram. Oruc həm sağlamlıqdır, həm də savabdır! Arzu edirəm ki, hamı oruc tutmağı bacarsın. Allahın köməyi ilə Ramazan ayını sağlıqla, salamatlıqla başa vurarıq” deyə müğənni bildirib.

Əməkdar artist Firuzə İbadova: “Hər il olduğu kimi oruc tuturam. Allah bütün oruc tutanların, namaz qılanların oruc və namazını qəbul etsin. 11 ay Allah bizə ruzi-bərəkət verir, gərək 1 ayı onun adına oruc tutaq. Ramazan ayını çox sevirəm, hər il də səbirsizliklə gözləyirəm. Rəcəb və Şaban aylarında da oruc tutmaq çox müstəhəbdir” deyə əməkdar artist bildirib.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest