Rəsul Quliyevin 1 milyon dolları, Şuşa, Rəhim Qazıyev, Pavel Qraçov – 4 İYUNA GEDƏN YOL

Ümummilli lider Heydər Əliyevin gözəl bir sözü vardı: “Dövləti qurmaq, inkişaf etidirmək, dövlət müstəqilliyini qazanmaqdan daha çətindir”.

Əslində bu aforizm dövlət müstəqilliyimizin ilk illərini çox gözəl xarakterizə edir. Minlərlə şəhidin qanı bahasına və əsrlər boyu aparılan mübarizələr hesabına qazandığımız müstəqilliyimiz 1993-cü ilin yayında beşiyindəcə boğulurdu. Özü də “sapı özümüzdən olan baltalar” hesabına. 1993-cü ilin may-iyun aylarını xatırladıqca, az qalır gözlərim bəbəyindən çıxsın. İlahi, biz nələr yaşamışıq o iki ayda…

Gəlin bir daha xatırlayaq…

Ölkə Ermənistanla müharibə şəraitində idi. Xarici iqtisadi əlqələrimiz kəsilmişdi. Azərbaycan blokada şəraitində idi. Qonşu dövlətlər-Rusiya, İran, Gürcüstan və hətta Türkmənistan sərhədlərini üzümüzə bağlamışdı. Bu azmış kimi daxildə separatizm alovlandırılırdı. Cənubda “Talış-Muğan Respublikası”, şimalda sadvalçılar, qərbdə isə kürdlər. Ölkənin iqtisadiyyatı isə birmənalı şəkildə naşı və səriştəsiz məmurlar tərəfindən dağıdılırdı. Bütün bu dəhşətli mənzərənin memarları isə təbii ki, AXC-Müsavat hakimiyyəti idi. Hər zaman xalqın heysiyyatı ilə oynayıb, vətənpərvərlikdən danışıb, yeri gəldikcə xalqın çiyninə dırmaşmağı da özlərinə ar bilməyən bu adamlar qısa vaxtda Azərbaycanı siyasi çəkişmələr poliqonuna çevirdilər. Çinki bu adamların idarəçilik təcrübəsi, siyasi yetkinliyi yox idi. Lakin iddiaları böyük idi. Hakimiyyətə gəldikləri ilk gündən hərə bir avaz oxumağa başladı. (Təvazökarlıqdan uzaq olsa da, mən etirazlarımı hələ 1993-cü ilin mayında yazmışam. “Bir illik hakimiyyət: dəyişən nə oldu?…Yoldaş getdi, bəy gəldi” adlı məqaləm “Xalq sözü” qəzetinin arxivində qalır). Ölkə Başçısı, Milli Məclisin sədri, Baş nazir, Dövlət katibi, Xarici İşlər naziri və daha kimlər, kimlər…

1992-ci ilin mayına qədər bu adamların heç biri ən xırda dövlət vəzifəsində belə çalışmamışdılar. Ona görə də bu adamlar tutduqları vəzifənin, danışdıqları sözün məsuliyyətini belə dərk etmirdilər. Milli Məclisin (əvvəllər Ali Sovet idi) iclaslarında siqaret tüstüsündən göz-gözü görmürdü. İsa Qəmbər özünü Çörçil sayağı apararaq hara getsə, qəlyanını əlində tuturdu. Hətta televiziya ekranlarında da sevimli qəlyanı ilə poza verirdi. Bu, o İsa Qəmbər idi ki, KQB-nin generalı, Azərbaycan Kommunist Partiyasının ikinci katibi Polyoniçkonun yaratdığı “Gənc tarixçilər” klubunun üzvü olub. 1988-1992-ci illərdə hər zaman ortada yeyib, qıraqda gəzib və Moskva agenturası ilə hər zaman isti münasibətdə olub. 1992-ci ilin mayında spiker postunu qamarlayandan sonra isə cəbhədaşlarına arxadan zərbə vurub.

1992-ci ilin iyununda Müsavat Partiyasını təşəbbüs qrupunu yaradıb. Bununla da hakimiyyətin yuxarı eşalonunda o zaman qütbləşmənin və fikir ayrılığının təməlini qoyub. Bəli, 4 iyun 1993-cü il vətəndaş qarşıdurmasının toxumları məhz İsa Qəmbər tərəfindən 1992-ci ilin yayında səpildi. Siyasi fikir ayrılığı, siyasi iddiaları məhz o zaman ortaya çıxdı. Sonradan ondan nümunə götürən digər cəbhəçilər də, özlərinin müəllimi və milli azadlıq hərəkatının lideri adlandırdıqları Elçibəyə arxadan zərbələr vurdular. Və bunu görən Elçibəy də axır dilə gəldi: “Nə var ey, əlinizə fağır bir prezident düşüb, vurursunuz sağdan, soldan..”, – dedi.

Bu yerdə bir haşiyəyə çıxmaq istəyirəm. 90-cı illərdə görüşlərimizin birində rəhmətlik Nüsrət Kəsəmənlidən soruşdum ki, “Nüsrət müəllim, “Azadlıq” meydanında can qoyan oğullarımızdan biri də siz olmusunuz. Bəs niyə sonrakı illərdə “yoxa çıxdınız”? Rəhmətlik gülümsəyib dedi: “Mən KQB agenti olmadım, ona görə…”.

Təbii ki, o illər hakimiyyətdə təmsil olunanların hamısı haqqında bu fikirləri söyləmək ən azı ədalətsizlik olardı. Lakin AXC-Müsavat hakimiyyəti dövründə vəzifə qamarlayanların bir-çoxu KQB şinelindən çıxmışdı. Məsələn, o vaxtkı müdafiə naziri Rəhim Qazıyevi götürək. Bu adamın Rusiyanın o dönəmlər Müdafiə naziri işləyən Pavel Qraçovla isti münasibətlərini hamı bilirdi. Heç Rəhim bəy də bunu inkar etmirdi. Şuşanın işğalından cəmi bir həftə əvvəl Qraçovla Qazıyev Şəkidə yeyib içirdi. İndi bu adamlar deyir ki, Azərbaycanda “5-ci kolon” yoxdur. Bu, o Rəhim Qazıyev idi ki, o vaxt Daxili İşlər naziri İskəndər Həmidovla “Azneftyağ” İstehsalat Birliyinin o vaxtkı baş direktoru Rəsul Quliyevi Hava limanında tutub “kpz”-yə salıb əlindən 1 milyon ABŞ dollarını almışdılar. Sonra bu pulu dədə malı kimi yarı böldülər.

Xatirimdədir ki, o zaman bununla bağlı jurnalistlərin sualına İskəndər bəy belə cavab vermişdi. “Yarım milyon mənim seyfimdədir, yarısını da gedin Rəhim bəydən soruşun…”.

Yeri gəlmişkən bu hadisədən bir müddət sonra Rəsul Quliyev baş nazirin müavini təyin edildi! Dövlətin güc strukturunun iki rəhbərinin bu hərəkəti heç “vor vnezakon”da da təsadüf edilməyib. Bu isə onun göstəricisidir ki, o vaxt dövlət qanunlarla deyil, şəxsi ambisiyalarla idarə olunurdu…..

Surxay Atakişiyev,

Bakuexo.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest