“Qurani-Kərim” də Azərbaycanın yer adları neçə dəfə keçib? – İLGİNC DETALLAR

Müqəddəs “Qurani-kərim” Yer kürəsində olan, keçən və olacaq bütün materiyalar haqqında bir elm toplusudur. Bu kitabda sivilizasiyanın əvvəlindən sonunadək hər bir bəşəri detal və ştrix belə öz təzahürünü tapıb.

Bəs “Qurani-Kərim”də Azərbaycan haqqında söz keçibmi? Çoxlarımız üçün sürpriz olsa da bəli, bu səmavi kitabda ölkəmiz və onun ayrı-ayrı bölgələri haqqında söhbətlər var.

Tarixi mənbələrə istinadən bəzi maraqlı məqamları oxucuların diqqətinə çatdırırıq. 
Müqəddəs kitabda Azərbaycanın 12 məkanının adı keçir.

Görkəmli islamşünas Əllamə Məhəmməd Baqir Məclisi “Biharul Ənvar” kitabında Sələbiyə istinad edib yazır ki, “Əshabi-Rəss Həzrəti Süleymandan əvvəl yaşamışlar. Onların yaşadığı yerdə olan Ər-Rəss (Araz) çayının uzunluğu 300 km-dir. Asiyanın şərqindən başlanıb Qızıl-ağac körfəzində Xəzər dənizi ilə qovuşur”. 
Həzrəti Əli (ə) Əshabi-Rəssin yaşadığı şəhərlərin adlarını Aban, Azər, Dey, Bəhmən, İsfəndiyar, Fərvərdin, Ordibehişt, Əmrdad, Murdad, Tir, Mehr və Şəhrivər olduğunu buyurub. Onların padşahı Pərgiz ibn Cabir ibn Kənan olub. Əqidələrinə görə su, külək, od və torpaq çox müqəddəs və sitayişə layiq ünsürlər olub.

Bu deyilənlərə əsas olaraq, bu gün də Azərbaycan xalqı su, külək, od və torpaq çərşənbələrini qeyd edir. Bəzi yerlərdə ağaclara inanc isə bu gün də qalmaqdadır.

Belə ki, bəzi ziyarətgaha, pirə gedənlər öz saçlarından, paltarın sapından, hətta müəyyən paltarı belə ziyarətgahdakı ağaca və ya hər hansı budağa bağlayırlar. Azərbaycan ərazisinin çox yerində yüz illərlə ziyarət olunan sözdə müqəddəs olan ağaclar hələ də qalmaqdadır. Coğrafi adlar isə Naxçıvan-Nuh çıxan, yəni Nuhun 3 oğlundan biri Yafəsin məskən saldığı yer, Araz çayı isə Ər-Rəssdır.

Hələ bu gün də Cənubi Azərbaycanda yuxarıda qeyd olunan 12 şəhər adı 12 ay adı ilə yaşamaqdadır. Həmin aylar Hicri-Şəmsi təqvim ilinə aiddir və ilin əvvəli Novruz bayramı günündən başlanır. 12 addan birinin Azər olması elə bu torpaqların tarıxi toponimi olmasını sübut edir.

Üç adı birlikdə götürdükdə isə Azər+Dey+Aban=Azərbaycan. Xənzələ Peyğəmbərin qanı ilə boyanmış Ər-Rass (Araz) çayının suyu tökülən dərya Xəzər dənizi adlanıb. 
Əshabi- Rəss və yaxud Araz qırağında yaşayan əhali

“Biharul Ənvar” kitabında Sələbiyə istinadən daha sonra qeyd edilir ki, “Bunlardan qabaq Nuh peyğəmbərin qövmü və Ər-Rəss camaatı… ” (Qaf surəsi, ayə 12) İmam Rza (ə) İmam Hüseyndən (ə) rəvayət edərək buyurub:

“Ramazan ayında Əmirəl-möminin Həzrət Əlinin (ə) şəhadətinə 3 gün qalmış Bəni-Təmim qəbiləsindən Əmr adlı bir nəfər İmamdan soruşdu: “Ya Əli, Quranda adı çəkilən “Əshabi rəss” hansı dövrdə yaşamış, yaşadıqları yer və məmləkət hara olmuşdur? Onlara Peyğəmbər gəlibmi? Onlar hansi yolla həlak olublar?”. Həzrət Əli (ə) buyurdu: “Ey mömin qardaş, indiyədək heç kəsin soruşmadığı bir sual verirsən. Əshabi-Rəss ağac budağına pərəstiş edən bir tayfa olub. Sənubər ağacını Yafəs ibn Nuh tufandan sonra bir bulağın yanında əkmişdi. Yafəsdən sonra adamlar ağacın özünü müqəddəs sayıb ona sitayiş etdilər. Çay boyu əkib artırdılar.

Niyyətləri olanda ağaclara tapınardılar. Lakin Allahın onlara rəhmi gəlib Xənzələ ibn Səffan adlı bir peyğəmbəri məbus etdi. Onlar peyğəmbərə qulaq asmayıb öz əvvəlki inanclarında qaldılar. Lakin Allahın qəzəbi ilə ağaclar qurudu.

Həmin adamlar qurumuş budaqlardan tonqal qalayıb oda tapındılar. Lakin ağacların qurumasından da cox narahat idilər. Şeytan onları aldadıb dedi ki, Peyğəmbərin qanı ilə bu ağaclara su versəniz yenidən yaşıllaşar. Xənzələ Peyğəmbəri bir quyuya diri-diri salıb çayın suyunu ora buraxdılar.
Yenidən quyudan dövr edən qanlı su çaya axıdıldı. Xənzələ ibn Səffan Peyğəmbər nə qədər qışqırdısa, xeyiri olmadı. Allahın onlara yenidən qəzəbi tutdu və bayram günlərində dəhşətli külək əsib çoxunu həlak etdi. Ər-Rəs çayına Peyğəmbər qanı axdığı üçün suyun rəngi qırmızı oldu”.

Bəli “Qurani-Kərim” böyük hikmətlər, tarixi həqiqətlər məcmuəsidir. Onun sirrləri zaman-zaman, zərrə-zərrə aşkarlanır.

Hazırladı: Surxay Atakişiyev, Bizim-Media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest