Qeyri-qanuni nikaha görə həbs olundu, əri ona xəyanət elədi, ölkəsindən qovuldu – 21 il ev dustağı olan Ququşun həyatı

Əslən azərbaycanlı olan məşhur İran müğənnisi və aktrisası Ququş haqda maraqlı faktları təqdim edirik.

Ququş – Əsl adı Faiqə Atəşindir. Milliyətcə azərbaycanlı olan bu xanım İranın məşhur müğənnisi və aktrisasıdır. O, 1950-ci il, mayın 5-də Tehranın Sarıçeşmə küçəsində, kasıb bir məhəllədə dünyaya gəlib.

***

Azərbaycanəsilli valideynləri Sabir və Nəsri Atəşinlər İrana Bakıdan köçüblər. Ququş hələ uşaqkən valideynləri boşanıb. Bundan sonra Faiqə atası ilə birlikdə yaşamağa başlayıb. Balaca Faiqə böyük səhnəyə addımlarını cambaz və əyləndirici artist (təlxək – red.) olan atası ilə birlikdə atmağa başlayıb. Əvvəllər atası ilə birlikdə səhnəyə çıxmaqdan utanan üç yaşlı qızcığaz yavaş-yavaş səhnəyə çıxmağa alışıb. Bəlkə də, bu, həyatın ona təqdim etdiyi ən çətin, amma ən gözəl yolun başlanğıcı olub.

“Valideynləri boşandığından Ququşun uşaqlığı çətin keçib. O, balaca vaxtlarından atası ilə pul qazanıb. Boyu mikrofona çatmayan balaca qızcığaz mahnı oxuyur, insanlara maraqlı tamaşalar göstərirdi. Atası evlənəndən sonra onun qara günləri başladı. Ögey anası Ququşu çox incidirdi. Bir gün ögey anası onu pilləkəndən yerə itələyib. Həmin vaxt onun qolu sınmışdı. Bundan sonra Ququş sağla yox, sol əli ilə yazmağa başlayıb, ondan bəri Ququş bütün işlərini sol əli ilə görür”. – yaxınlarından biri Ququşun uşaqlığı haqqında bunları söyləyib.

***

Atasının çıxışlarından sonra səhnəyə çıxıb insanları ovsunlayan bu qızcığazı qonşuları əzizləyərək “Qu quşu” çağırırdı. Milyonların qəlbini fəth edən Faiqə Atəşin uşaqlıq ləqəbi onun səhnə adına çevrilir. Dünyanı heyran edən bu azərbaycanlı qız hər kəsin yadında Ququş kimi qalır.

***

Kasıblıq, küçə tamaşaları, anasından ayrı qalması bu balaca qızcığazın gələcək taleyini həll edir. Bu keşməkeşli günlər onu addımbaaddım izləyirdi. Ququş da hər bir gənc qız kimi ailə həyatı qurub, xoşbəxt olmaq istəyirdi. Amma onun məhrumiyyətlə dolu olan taleyi üzünə gülmürdü. Evlilikləri bir göz qırpımında dağılırdı. Bəlkə də, bir neçə dəfə ailə qurub boşanmasının, uğursuz evliliklərinin səbəbi uşaqlıqda aldığı travmalar idi.

***

Atası Sabir ikinci dəfə ailə həyatı qurub və bu evlilikdən Faiqənin 3 ögey qardaşı dünyaya gəlib. Ana həsrəti çəkən kiçik qızcığaz ögey anasına mehrini salıb və ögey qardaşlarından birini, Firudini öz himayəsinə götürüb. Ev işlərinin çətinliyi, ana həsrəti, küçədə səhnə həyatı onu ruhdan salmırdı. O, küçədə həm böyüyür, həm də günəş kimi parlayırdı.

***

Ququş gündüzlər küçələrdə mahnı oxuyar, axşamlar isə mədrəsəyə gedib təhsil alardı. Bir dəfə balaca Ququşu Ərəbistana aparırlar. O, səhnədə çıxış edirdi. Həmin vaxt Ərəbistan şahı onun çıxışını çox bəyənib və ona gözəl bir libas və qızıl kisə hədiyyə edib. Ququş səhəri gün həmin kisəni və geyimi aparıb şaha geri qaytarıb və deyib ki, apar bunu öz ölkənin uşaq evlərindəki yetimlərinə ver. Onun bu hərəkətindən Şah çox təəccüblənib. Deyir ki, gör bu balaca qızcığaz öz ölkəsində nələr görüb ki, bu yaşında belə hərəkət edir.

Şah dönüb Ququşun atasına deyib ki, sən bu uşağı mənə ver, mən istədiyin hər şeyi sənə verərəm. Atası isə bundan imtina edib.

***

Ququş ilk filminə 7 yaşında çəkilir. Atası mükəmməl səsə malik qızını tez-tez özüylə səhnəyə çıxarır, ona mahnılar oxutdurur. Sonralar Ququş şah sarayında və şahanə məclislərində çıxışlar etməyə başlayır.

***

İranın şah rejimi Ququşun taleyində, gələcək həyatında xüsusi yer tutur. 1957-ci ildə 7 yaşlı Faiqə “Qorxu və ümid” adlı filmin çəkilişlərinə dəvət alır. Cəmi üç il sonra onu “Fərari mələk” filminə dəvət edirlər. Kiçik uğurlar bir-birini əvəz etdikcə balaca Faiqə populyarlaşmağa başlayır.

***

Ququş 1971-ci ildə Fransanın Kann şəhərində fransız dilində ifa etdiyi “Retour de la ville” və “J’entends crier je t’aime” mahnılarına görə birinci yeri tutur. O, Azərbaycanda daha çox Rəşid Behbudovun oxuduğu “Ayrılıq” mahnısının ifasına görə tanınır.

 ***

Qeyd etdiyimiz kimi, Ququşun ata tərəfdən 3 ögey qardaşı, ana tərəfdən isə bir bacı və bir qardaşı var. Onun doğma qardaşı isə 24 yaşında ürəktutmasından ölüb. Ququş indiyədək üç dəfə ailə həyatı qurub. İlk nikahından Kambiz adlı oğlu dünyaya gəlib.

***

Ququşun 1945-1946-cı illərdə Seyid Cəfər Pişəvərinin yaratdığı Milli Ordunun polkovniki, əslən gəncəli olan Qulu Sübhinin nəvəsi olduğu deyilir. Bir çox hallarda bu məlumatın düzgünlüyü şübhə doğururdu.

Araşdırma zamanı məlum olub ki, Qulu Sübhü Nuri (1907-1947) Marağa Qarnizonun polkovniki olub. Vətən fədaisi olan bu şəxs hakim rejim tərəfindən dar ağacından asılaraq, qəddarlıqla qətlə yetirilib.

Xəlil Rza Ulutürkün “Hara gedir bu dünya?…” poemasının “Çinar sınar, əyilməz…” adlı hissəsində Q.Sübhü ilə bağlı qeydləri var. Müəllif Azərbaycanın qəhrəman oğlu, Marağa qarnizonunun polkovniki Qulu Sübhinin asılması səhnəsini canlandırıb.

***

Ququşun babası Qulu Sübhünün kimliyi ilə bağlı AMEA Şərqşünaslıq İnstitutunun “Cənubi Azərbaycan” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əkrəm Rəhimlinin sözlərinə görə, həqiqətən də, Ququşun babası əslən Gəncədən olub:

“Amma o, İranda anadan olub. Tarixi rəqəmlər bunu təsdiq edir. Qulu Sübhünün burada heç kəsi qalmayıb. O, böyük şəxsiyyət olub. Ququş onun nəslinin davamçısıdır”.

1938-ci ildə 70 min cənub mənşəli adamı buradan sürgün ediblər. Çox güman ki, Qulu Sübhünün atası və yaxud anası Cənub mənşəli olub. Gəncədən Cənubi Azərbaycana gediblər.

 ***

Ququşun ilk həyat yoldaşı Mahmud Qurbanı çox imkanlı şəxs olub. İxtisasca musiqi tərtibatçısı olan Mahmud Qurbanının şəxsi ansamblı vardı. Onlar 1967-ci ildə ailə həyatı qurublar. Ququşun Qurbanidən bir oğlu var. Adı Kambizdir. Təəssüf ki, cütlük 6 ildən sonra boşanıb.

Bir dəfə Ququşla əri Qurbani İtaliyaya getmişdilər. Qurbani həmin vaxt Ququşa xəyanət edirmiş. Ququş bundan xəbər tutduqdan sonra onların münasibətlərində soyuqluq yaranır. Ququş oğluna görə bu barədə indiyədək heç kimə heç nə danışmır. Həmin olaydan sonra onlar İrana qayıdıb, boşanmaq qərarına gəlirlər.

***

Ququş ikinci dəfə 1975-ci ildə İranın məşhur aktyoru Bəhruz Vüsaqi ilə ailə qurub. Onların evliliyi cəmi 9 ay çəkib, 1976-cı ildə boşanıblar.

Bəhruz Vüsaqi İranın əfsanəvi aktyorlarından hesab olunur. O, 40 illik sənət fəaliyyəti dövründə 90-dan artıq filmdə çəkilib, televiziya, teatr və radio sahəsində çalışıb. Bəhruz Vüsaqi Ququşdan ayrılandan sonra yenidən evlənib. O, hazırda həyat yoldaşı Katerina Vüsaqi ilə birlikdə Kaliforniyada yaşayır.

Ququşun Bəhruz Vüsaqidən ayrılması səbəbsiz deyil. Belə ki, Ququş müğənnilik edirdi, Bəhruz isə gündəlik olaraq kino çəkilişlərində olurdu. Ququş bu səbəbdən Bəhruzu gec-gec görürdü. Yəni onların bir-birilərini görməyə vaxtları uyğun gəlmirdi. Ququş Bəhruzun xatirinə 5-6 ay məclislərə gedib xanəndəlik etməyib. Daxilən çox əzab çəkib. Bunu görən Bəhruz Ququşdan ayrılmaq qərarına gəlir.

***

1970-ci illərin sonlarında Ququş Homayoun Mestaghi ilə qarşılaşır. Onlar eşq macərası yaşamağa başlayırlar. 1979-cu ildə İranda İslam İnqilabı baş verib və İslamın qayda-qanunlarına görə Ququş Müstəqi ilə qeyri-qanuni, yəni nikaha girmədən yaxın əlaqələr qurduğuna görə üç ay müddətinə həbs edilib. Amma cütlük həbsdən sonra da ayrılmayıb, bir müddət bir yerdə yaşayıblar. 1985-ci ildə isə cütlük ayrılıb.

Mestaghi Ququşdan əvvəl müğənni Rameşini sevirmiş. Onunla münasibəti alınmayanda, Ququşla yaxınlıq etməyə başlayıb. Mestaghi dövrünün tanınan iş adamlarından olub.

 ***

İnqilab vaxtı Ququş Amerikada olub. Məcburiyyətdən geri dönən Ququş İrandakı evini satıb. İslam İnqilabı Ququşun həyat və kariyerasına böyük zərbə vurub. Hətta xanım müğənniyə “Bu gecə kimsə ağlayır” adlı son filmini görmək də nəsib olmayıb. 1979-cu ildə nümayiş edilməsi nəzərdə tutulan “Bu gecə kimsə ağlayır” filminə hakim rejim qadağa qoyub. Məşhurluğun zirvəsində olan Ququş ev dustağına çevrilib və onun oxumağı da qadağan edilib. Cəmi bir pəncərəsi olan dar mənzildə yaşayan Ququş təxminən 10 il ev dustağı olub.

***

Ququş vətənindən uzaqda, mühacir həyatı yaşasa da, sənət fəaliyyətinə ara verməyib. O, Amerikada və Kanadada konsertlər verir, yeni mahnılar yazdırır. Eyni zamanda İranda gedən prosesləri diqqətlə izləyirdi. 2009-cu ilin iyununda İranda keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq Nyu-Yorkda, BMT-nin mərkəzi qərargahı qarşısında təşkil olunan aclıq aksiyasına qatılıb. Eyni zamanda həmin ilin 12 iyununda keçirilən seçkilər ərəfəsində İrandakı proseslərə də münasibət bildirib:

“Mən son bir ayda İranda baş vermiş bütün acınacaqlı olayları izləmişəm. Aksiyalarda qətlə yetirilmiş, yaralanmış dinc vətəndaşların şəkillərini görəndə dəfələrlə ağlamışam”.

 ***

Depressiya və təzyiq altında yaşamasına baxmayaraq, o istəklərindən əl çəkməyib. 1990-cı ildə Ququş yeni həyata başlayıb.

Məsud (Masoud) Kimiai ilə tanışlıq onun həyatında yeni mərhələnin başlanğıcı olub. 1991-ci ildə cütlük ailə həyatı qurub və bu ərəfədə Ququşun ifa etdiyi “Qəribi-aşina” mahnısı BBC tərəfindən yüksək qiymətləndirilib.

Ququş yenidən sənətə geri dönməyi bacarsa da, rejim ona öz təzyiqlərini davam etdirib. Azərbaycan, fars, ingilis, fransız, ispan, italyan dillərində mahnılar oxuyan Ququş ölkəsində 21 il ev dustağı kimi yaşayıb.

 ***

Ququşun yeni həyat yoldaşı Masud Kimiai iranlı rejissor, senaristdir. O, 1941-ci ildə Tehranda doğulub. Kimiainin çəkdiyi ikinci film Qeysar filmi (1969) İran film tarixində xüsusi yer tutur. Bu filmdən sonra saysız-hesabsız uğurlar qazanıb. O, 1991-ci ilə qədər İranın məşhur pop müğənnisi Giti Pashaei ilə evli qalıb. Daha sonra isə Ququşla evlənib. 2005-ci ildə Məsud Kimiai və Ququş cütlüyü ayrılıb.

Uğursuz evliliklərdən sonra Ququş İranı tərk etmək qərarına gəlir. O, ilk vaxtlar Amerikada konsert verib geri qayıtmaq istəyirdi. Planlaşdırırdı ki, İranda daha iki filmdə rol alacaq. Amma Amerikada nəvələrindən ayrıla bilməyən Ququş İrana qayıtmaq fikrindən vaz keçir və Kimiaidən ayrılaraq öz həyatına davam edir. Bu, onun həyatında sonuncu evliliyi olub. Ququş o vaxtdan indiyə kimi heç kimlə sevgi münasibəti qurmayıb. Onun qəlbində yalnız səhnə və saysız-hesabsız tamaşaçıları var.

***

Ququş Amerikada yaşasa da, dinini unutmur. O, illər öncə Məkkəni ziyarəti edib. Namaz qılır, oruc tutur. O, harada yaşamasından asılı olmayaraq, kimliyini heç vaxt unutmayıb.

Bu yaxınlarda onun keçmiş həyat yoldaşı Mahmud Qurbani oğlu Kambizə deyib ki, nəvələrinin xatirinə Ququş yenidən ona geri dönsün və yenidən ailə qursunlar. Ququş bir mənalı şəkildə bundan imtina edib.

***

Ququş Amerikaya gedəndə istəmirdi, kimsə onun ölkəni tərk etdiyini bilsin. Səssiz və sakit yaşamaq istəyirdi. Keçmiş həyat yoldaşı, oğlunun atası Qurbani çalışırdı ki, bütün İran bundan xəbər tutsun. Qurbani istəyirdi ki, Ququş Amerikada təyyarədən düşən zaman bütün mətbuat onu çəkib işıqlandırsın, sevənləri onu qarşılasın və bununla da məmləkətində iğtişaşlar baş qaldırsın. Amma Ququş Amerikaya səssiz-səmirsiz getdi…

***

Bir dəfə Ququşa sual verirlər ki, sənin atan varmı? Ququş üzünü həmin şəxsə çevirib deyir ki, bu dünyada hamı məndən istifadə edib.

“Dünyanın heç bir yerində elə müğənni yoxdur ki, 21 il ev dustağı olsun və xalqı, sevənləri onu unutmasın”.

Ququş bütün sərvətini nəvələrinə miras qoyacaq. O, konsertlərindən aldığı pulları bəzən uşaqlar evinə, qocalar evinə verir.

***

Ququşun anası Nəsrin Atəşinin əslən bakılı olduğu bildirilir. Məlumata görə, illər öncə Amerikada vəfat edən Nəsrin Atəşinin sənədlərində də onun Bakıdan olduğu qeyd edilib.


Ququş İstanbulda konsert verərkən təsirli çıxışı ilə yadda qalıb:

“Atam İstanbulu çox sevərdi və 1986-ci ildə İstanbulda səhnədə çıxış edərkən ölüb, ona görə bu şəhər mənə atamı xatırladır”.

***

Ququşun ən böyük arzusu yenidən vətənində – İranda konsert vermək, doğma tamaşaçıları ilə görüşməkdir:

“Mən yalnız İran üçün söyləyirəm. Ölkəmi çox sevirəm və darıxıram. Öz torpaqlarımda bir daha mahnı söyləyə bilərəmmi, bilə bilmərəm. Amma məni ölmədən əvvəl son bir dəfə də olsa yenidən öz ölkəmdə mahnı söyləmək daha çox xoşbəxt edəcək. Bundan başqa bir şey ola bilməz”

***

Azərbaycan mətbuatında Ququşun erməni sevgilisi olması xəbəri yayılmışdı. Lakin bu xəbər təsdiqini tapmadı. Ququş Azərbaycanı sevirdi və bura gəlib konsert vermək istəyirdi. Köməkçilərinin söylədiyinə görə, Azərbaycanda konsert söhbəti çıxanda Ququş o an bütün əşyalarını toplamışdı. O, Azərbaycanı görmək, orada konsert vermək istəyirdi. Buna görə çox səbirsizlənir, sevinirdi. Birdən onun konsertinin təxirə düşdüyü söylənilib. Azərbaycandan gələn xəbər Ququşa çox pis təsir edib. Onun bütün xəyalı alt-üst olub. Konsertin ləğv olunmasının səbəbi isə bilinməyib. Ququşun özü isə mətbuatda bunları söyləyib:

“Tədbirin təşkilatçıları mənə bildirdilər ki, Azərbaycanın mədəniyyət naziri (Əbülfəz Qarayev – red) Bakıda konsertin keçirilməsinə icazə verməyib, çünki mənim ərim erməni millətinin nümayəndəsidir. Amma axı mən azərbaycanlıyam. Bundan başqa, musiqi və yaradıcılıq – millətçilikdən üstündür! Mən məəttəl qalmış və hiddətlənmişəm!”

***

Ququşun Bakıda yaşayan qohumu Ruanna Məmmədova mətbuata açıqlamasında onu çox görmək istədiyini bildirib:

“Ququşun Bakıda yaşayan qohumlarından bir mən qalmışam, bir də anam. Anam Ququşun xalası qızıdır. Ağır yataq xəstəsidir, heç nə danışmır, heç kəsi tanımır. Bibisi qızı da mənim qudam idi, o da rəhmətə gedib. Nənəm Qüdrət onun doğma xalasıdır. Hal-hazırda Ququş Amerikada yaşayır. Əgər onu tapsan, Amerikaya qədər də olsa gedib görüşərəm. Çox istəyərdim ki, heç olmasa bir dəfə onu görüb, bağrıma basım. Ququş anamla görüşəndə mən heç dünyaya gəlməmişdim. Güman edirəm ki, mənim varlığım haqda onun xəbəri var. Yəqin ki, anası da ona bacısı, bacısının övladları haqda nəsə danışmış olar. Hər zaman onun həsrəti ilə yaşamışam, onun vurğunuyam. Hətta məni ona bənzədənlər də var. Mən ondan imtina etməmişəm ki, o da mənimlə görüşməsin! Ondan imtina edənlər daha çox İrandakı qohumları-bacı, qardaşı olub”.

Ruanna Məmmədova daha sonra bunları əlavə edib:

“Məndə olan məlumata görə indi Ququşun bacı və qardaşı ilə sıx münasibəti var. Hər şey Ququşun çəkildiyi “Uzun gecə” filmindən sonra baş verdi. Bu filmdəki roldan sonra onu heç bir qohum qəbul etmədi. O vaxtlar açıq-saçıq rollarda çəkilənlərə çox pis baxırdılar. Başa düşmürdülər ki, bu filmdir, o sadəcə olaraq rejissorun yazdığı rolu ifa edir. Ququşun qohumlarından imtina etməsinin əsl səbəbi qohumlarının ona sahib çıxmaması oldu. Ququş uzun illər İran şahının şəxsi müğənnisi olub. Şahı İrandan qovanda Ququş qohumlarından sığınacaq istəyib, amma heç kim ona sığınacaq verməyib. Biz də Sovet illərində onun qohumu olduğumuzu gizlədirdik. Amma həmişə evdə oturanda onu xatırlayıb, söhbət edirdik”. Kulis.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest