Qatil general Samvel Karapetyan yenidən İŞ BAŞINDA – Xankəndidə son atışmanın TƏFƏRRÜATI

Dünən erməni mətbuatında və sosial şəbəkələrdə bir məlumat yayıldı. Məlumatda deyilirdi ki, “mayın 10-da saat 19:00 radələrində Xankəndidə “İntibah meydanı”nda atışma olub. Nəticədə şəhər sakininə məxsus avtomobil zədələnib. Avtomobildə 4 nəfər olub”.

Qondarma qurumun prokurorluğundan bildirilib ki, cinayət törətməkdə şübhəli bilinən şəxs həbs edilib. Saxlanılan şəxs isə Qoçu Əsgər demiş kim olsa yaxşıdır?! General Samvel Karapetyan.
Bəs bu Samvel kimdir? Bir cümlə ilə ifadə etsək “Oqanov” ləqəbli bu erməni minlərlə azərbaycanlının qatili, “Artsax qəhrəmanı”, kriminal, “Qarabağ klanı”nın ən fəal üzvlərindən biri və Qragen Nijdenin xəstə ideologiyasının aktiv daşıyıcısıdır. 

Samvel Karapetyanın “Oqanov” ləqəbini rus generalı Pyotr Oqanovskiyə ehtiram olaraq götürüb. Xatırladaq ki, Birinci Dünya Müharibəsi illərində Oqanovski türklərə qarşı IV Qafqaz Ordusu Korpusuna komandanlıq edib. O, 1914-cü ilin dekabrında Sarıqamış döyüşü zamanı türk qoşunlarını məğlub etməsi ilə tanınıb.

Samvel Karapetyan 1962-cı ildə Xankəndində doğulub, 1992-2000-ci illərdə Qarabağda quldur dəstəsinə rəhbərlik edib. 2000-ci ildən 2019-cu ilədək  “Artsax” Müdafiə nazirinin müavini və “Artsax qəhrəmanı”dır.

Karapetyan Araz çayından Ömər aşırımına qədər olan ərazilərin (Şuşa, Laçın, Kəlbəcər, Füzuli və s. yaşayış məntəqələrinin) işğalında iştirakçı olub.

Samvel təkcə azərbaycanlıların qatili kimi deyil, həm də ermənilərin cəlladı kimi tanınır.  O, 2008-ci ilin aprelində Ermənistan prezidenti Robert Koçaryanın göstərişi ilə İrəvanda qanlı terror törədib. Xeyli sayda dinc sakini qətlə yetirib.
Əslində Karapetyan kriminal ünsür kimi daha çox məşhurdur. Son 30 ildə Ermənistanda və Qarabağda baş verən əksər kriminal olaylarda onun adı keçir. Elə may ayının 10-da Xankəndidə baş verən hadisə də bunun əyani sübutudur. 

Məlumdur ki, son vaxtlar rəsmi İrəvanla Xankəndidəki separatçılar arasında ciddi fikir ayrılığı yaranıb. Bununsa tək səbəbi rəsmi Bakının Paşinyan hakimiyyətinə hər gün artan təzyiqidir.

Bəllidir ki, 10 noyabr Anlaşması və 11 yanvar Bəyanatına əsasən Ermənistan qeyd-şərtsiz Azərbaycanın tələblərini yerinə yetirməli, Qarabağdan kənarda işğal altında olan 7 kəndi geri qaytarmalı, Zəngilanla Naxçıvan arasındakı dəmir və avtomobil yollarının bərpasını həyata keçirməli  və Azərbaycana qarşı torpaq iddiasından birdəfəlik əl çəkməlidir. Bunun üçünsə Azərbaycanın təklif etdiyi şərtlər çərçivəsində Ermənistan hakimiyyəti  sülh sazişinə imza atmalıdır.

Lakin “Qarabağ klanı” korporativ maraqları səbəbi ilə Ermənistanla Azərbaycan arasında imzalanacaq Böyük Sülh sazişinə hər vasitə ilə əngəl olmağa çalışır.

Bəllidir ki, Samvel Karapetyan da bu klana bağlı və Robert Koçaryana ən sadiq şəxs kimi tanınır. Ona görə də mayın 10-da baş verənlər heç də sıradan bir hadisə deyil. Bu qanlı klanın quldurluqla yenidən İrəvan hakimiyyətini ələ keçirmək cəhdlərindən biridir. 

Təsadüfi deyil ki, Karapetyanın gülləsinə tuş gələnlərin şəxsiyyəti hər vasitə ilə gizlədilir. Çox ehtimal ki, avtomobildə gülləbaran edilən şəxslər Xankəndində konkret söz sahibləridir. Ona görə də onların adları gizli saxlanılır. 

Amma bütün hallarda bu olay Ermənistanda və Xənkəndidə cərəyan edən siyasi hadisələrin “vor zakon razborkası” səviyyəsinə qalxmasının təzahürüdür. Artıq istər Ermənistanda, istərsə də Xankəndidə hadisələr öz təbii axarından çıxıb. Erməni cəmiyyəti idarəolunmaz vəziyyətə düşüb. Qanunların işləmədiyi cəmiyyətdə isə hər zaman son sözü silahlar deyir. 
Bütün hallarda istər İrəvanda baş verən ixtişaşlar, istərsə də Xankəndidəki son “razborka” onu göstərir ki, 44 günlük müharibədən qalib çıxan Azərabaycan daha böyük zəfərlərin astanasıdır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin  praqmatik və uğurlu siyasəti sayəsində nəhayət ki, erməni cəmiyyətində qarşısı alınmaz bir çaşqınlıq yaranıb. Haylar artıq “dənizdən-dənizə Böyük Ermənistan” xülyasından əl çəkib Qərbi Zəngəzurda öz mövcudluqlarını saxlamaq hayındadırlar. 

Surxay Atakişiyev, Bizim.Media.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest