Qadınları MİQ imtahanlarından niyə kəsirlər? – Rəsmi AÇIQLAMA

Müəllimlik ən müqəddəs peşələrdən biridir. Çünki bütün dahi şəxsləri, alimləri, mütəxəssisləri müəllimlər yetişdirir.

Bu gün müəllim olmaq istəyən namizədlər öz peşəsini yerinə yetirmək üçün xeyli zəhmətə qatlaşmalı olur. Müəllimlərin İşə Qəbulu İmtahanı (MİQ) son illər bu sahədə müsbət irəliləyişə səbəb olsa da, müəyyən problemlər qalmaqdadır. Belə ki, son günlər sosial şəbəkələrdə ailə həyatı quran və ana olmağa hazırlaşan namizədlərin imtahanın müsahibə mərhələsində qəsdən kəsildiyinə dair çoxsaylı etirazlar var. Onlarla istifadəçi yüksək bal yığsa da, bu səbəbə görə müəllim ola bilmədiyindən şikayət edir.

Maraqlıdır, iddialar nə dərəcədə doğrudur? Əgər doğrudursa, bunun səbəbi nədir?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, bu iddiaların heç bir əsası yoxdur:

“MİQ imtahanlarında kimin hansı statusa malik olduğunu heç kim bilmir. Həmin şəxs komissiya önündə müsahibədə iştirak edir. MİQ imtahanları və müsahibələr tam şəffaf keçirilir. Belə məlumatlar tamamilə yanlışdır və bu, mümkün deyil. Əgər iddiası olan varsa, Nazirliyə müraciət edə bilər”.

Təhsil Eksperti Elçin Əfəndi bildirib ki, Təhsil Nazirliyi MİQ imtahanlarında şəffaflığın təmin olunması istiqamətində müvafiq addımlar atır:

“Əvvəlki dövrlərlə müqayisədə indi rüşvət və korrupsiya hallarının qarşısı xeyli alınıb. Lakin təəssüf ki, neqativ faktlar da var. Son dövrlərdə ailə həyatı quran və analıq məzuniyyətinə hazırlaşan xanımların imtahanda qəsdən kəsilməsi ilə bağlı müxtəlif şikayətlər daxil olur. Müsahibə mərhələsində həmin şəxslərin bilərəkdən kəsilməsi yolverilməz haldır”.

Ekspertin fikrincə, MİQ imtahanlarında şəffaflığın təmin olunması məsələsində bəzi problemlər var:

“Bu elə bir məsələdir ki, əvvəlcədən nəyisə planlamaq olmur. Namizədlər imtahan verir və yüksək nəticə əldə edir. Həmin şəxs bir neçə ay sonra pedaqoji fəaliyyətini dayandırıb analıq məzuniyyətinə çıxırsa, burada qəbahətli bir şey yoxdur. Şəffaflığın qorunması belə məsələlərdə xüsusi önəm daşıyır. Hər il 50-60 min namizəd MİQ imtahanlarında iştirak edir. Namizədlərin böyük qismini qadınlar təşkil edir. Onların ümumi vəziyyəti nəzərə alınmalıdır. Təəssüf ki, şəffaflıq məsələsində bəzi problemlər var”.

Şəbnəm Mehdizadə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest