Peyğəmbərin dramı: Onunla Məryəmə zina böhtanı atıldı, bədənini ikiyə böldülər

Zəkəriyyə “Əhdi-Cədid”də və Quranda adı keçən yəhudi dini liderdir. Xristianlıqda da dini lider, İslamda isə peyğəmbərdir. Hər iki dinə görə Yəhyanın atasıdır. Luka İncilinə görə, Zəkəriyyə yəhudilərin romalı hökmdarı Hirodun dövründə dağlıq kənddə yaşayan kahindir.

Quranda adı keçən Zəkəriyyə adından duası qəbul olan, xeyirli işlər görən, ibadət edən, Məryəmi himayə edən və Allahın qulu olaraq bəhs olunur. Mənbələrdə Zəkəriyyənin Davud və Süleymanın nəslindən olduğu deyilsə də, soy ağacında fərqlər var. Bəzi mənbələrdə kahin Bəraxiyanın oğlu Zəkəriyyə ilə qarışdırılır.

Cəbrayılın gətirdiyi xəbər

Zəkəriyyə kral Hirodun dövründə Roma İmperiyasında yaşayıb. Harunun nəslindən olan arvadının adı Elizabet (Eliza) idi. Elizabet sonsuz olduğu üçün uşaq sahibi ola bilmirdilər. İkisi də yaşlıydı. Bir gün məbəddə buxur yandırarkən mələklərdən biri qurbangahın sağında Zəkəriyyəyə göründü. Zəkəriyyə onu görəndə təəccübləndi və qorxdu.

Mələk ona dedi:

“Qorxma, Zəkəriyyə, duana cavab verildi. Arvadınız Elizabet sizə bir oğul doğacaq və adını Yəhya qoyacaqsınız. Rəbbin gözündə əziz olacaq. Heç vaxt şərab içməsin, hələ anasının bətnində ikən Müqəddəs Ruhla dolacaq. İnsanların çoxunu Rəbbə yönəldəcək, İlyasın ruhu və qüdrəti ilə Rəbbin hüzuruna gedəcək və Rəbb üçün xalq yetişdirəcək”.

Zəkəriyyə mələkdən soruşdu: “Bundan necə əmin ola bilərəm? Çünki mən qocalmışam, arvadım da qocalır”.

Mələk ona cavab verdi:

“Mən Tanrının hüzurunda dayanan Cəbrayılam. Sizinlə danışmaq və bu xoş xəbəri sizə çatdırmaq üçün göndərilmişəm. Sözlərimə inanmadığın üçün dilin tutulacaq və bu olana qədər danışa bilməyəcəksən”.

Zəkəriyyə çölə çıxanda danışa bilmədi. Onda məbəddə gözlərinə qəribə varlıq gördüyünü anladılar. Onlara işarə verə bilir, amma danışa bilmirdi. Elizabet hamilə qaldı və özünü evinə qapadı.

Elizabet evdə tək qalanda öz-özünə dedi:

“Bunu mənim üçün edən Rəbbdir. Bu günlərdə mənə qayğı göstərərək insanlar arasındakı utancımı aradan qaldırardı”.

Elizabet oğlan dünyaya gətirdikdən sonra səkkizinci gün, yəhudi ənənəsinə görə, uşaq sünnət olunmalı və ad qoyulmalıydı. Yəhudi ənənəsinə uyğun olaraq ilk oğlan uşağına qohumlarından birinin, xüsusən atasının adı verilməliydi. Amma Eliza Tanrının istəyinə uyğun olaraq Yəhya adını seçmək istədiyini söylədi. Qohumları Zəkəriyyədən fikrini soruşanda danışa bilməyən Zəkəriyyə lövhəyə “Yəhya” yazdı. Bu zaman Zəkəriyyənin dili açıldı və Yəhyanın müqəddəs Tanrının peyğəmbəri olduğunu deyərək huşunu itirdi.

İsanın müjdəçisi

Zəkəriyyə sözünün mənşəyi İbrani dilində də Zəkəriyyədir, “Rəbb xatırlayır” deməkdir. İslam mənbələrində də bu sözün ibranicə olduğu və “Zəkəriyyü” və ya “Zəkəriyyə” olaraq tələffüz edildiyi bildirilir. Müqəddəs kitabda bu adı daşıyan 31 nəfərdən bəhs olunur. İslam mənbələrində onlardan ikisi çox vaxt bir-biri ilə qarışdırılır. Onlardan biri Luka İncilində yəhudi kahini olaraq göstərilən və Yəhyanın atası olan, eyni zamanda Quranda yəhudi peyğəmbər olaraq tanıdılan Zəkəriyyədir. Digəri baş kahin Bəraxiyanın oğludur. Bu şəxs e.ə. 520-ci ildə Babil sürgünündən sonra bölgəni ələ keçirən Əhəməni hökmdarı Daranın hakimiyyətinin səkkizinci ayında peyğəmbər göndərilən və “Əhdi-Cədid”də də öz adıyla xatırlanan və bir kitabı olan Zəkəriyyədir. Bunun Quranda adı keçən Zəkəriyyə ilə əlaqəsi yoxdur.

Quranda adı çəkilən Zəkəriyyə Luka İncilinə görə, Harun oğlu Eleazarın soyundan gələn və Zorovavel ilə birlikdə Babil sürgünündən dönən kahinlərin lideri Abiya ailəsindən olan kahindir. Zəkəriyyənin arvadı Elizabet (İslam mənbələrində İşa) də Harunun soyundan olan dindar qadındır, eyni zamanda Məryəmin qohumudur.

İsanın müjdəçisi olan Yəhyanın atası Zəkəriyyə əməli saleh insandır. Zəkəriyyə Quranda vicdanlı və fəzilətli insanlar arasında – Yəhya, İsa və İlyasla birlikdə xatırlanır. Luka İncilində Zəkəriyyə və arvadının Tanrı qatında saleh sayılanlar arasında olduğu bildirilir.

Məryəmin himayədarı

İslama görə, Zəkəriyyə peyğəmbərdir. Atasının adı Bəraxiya idi. Soyu Davud oğlu Süleyman peyğəmbərə bağlanırdı. Məryəmin anası Xanna Zəkəriyyənin arvadı İşanın bacısıydı. Xanna İmranın xanımı idi. Bir gün hamilə qalanda uşağını məbədə nəzir verdi. Nəzir verilən övlad həyatını ibadətə və zahidliyə həsr etməliydi. Amma o qız dünyaya gətirdi və ona Məryəm adı verildi. Yəhudilərin məbəddəki din xadimləri məbədə verilmiş qızı böyütmək və tərbiyə etmək vəzifəsi üçün Zəkəriyyəni seçdilər.

Zəkəriyyənin Quranda bəhs olunan başqa bir xüsusiyyəti də anası tərəfindən məbədə verilən Məryəmin himayəsini öz üzərinə götürməsidir. Məryəmin məbəddə kimin himayəsində qalacağı ilə bağlı İmran ailəsi arasında püşk atılır və püşk Zəkəriyyəyə çıxır.

Zəkəriyyə nə vaxt ona baş çəkmək üçün Məryəmin otağına gəlirdisə, orada qışda yay, yayda isə qış meyvələri görürdü. Zəkəriyyə peyğəmbərin o vaxt 92 və ya 120 yaşı vardı, arvadı 98 yaşındaydı. Bu yaşında artıq Zəkəriyyənin arvadı uşaq doğmaq gücündə deyildi. Belə bir şey üçün dua da etmirdi. Məryəmə möcüzəvi şəkildə öz fəslində yetişməyən meyvələr göndərildiyini görən Zəkəriyyə bir övladının olması üçün Allaha yalvardı. Duası qəbul edildi, ona Yəhya adında uşaq müjdəsi verildi. Zəkəriyyə bu müjdəyə təəccübləndi və bu xəbər yenidən ona çatdırıldı. Zəkəriyyə uşağın doğulacağına işarə istədi və Allahın mələyi ona əlamət olaraq üç gün danışa bilməyəcəyini, ancaq işarəylə insanlarla ünsiyyət qura biləcəyini bildirdi.

Yəhyanın Allah tərəfindən Zəkəriyyəyə möcüzəvi şəkildə bəxş edilməsi ilə bağlı Luka İncili ilə Quranın “Məryəm” surəsi arasında paralellik olsa da, aralarında bəzi fərqlər də var. Luka İncilinə görə, Zəkəriyyə məbəddə ikən Tanrıdan övlad istəyir və duası qəbul edilir, Yəhyanın doğulacağı müjdəsi verilir. “Məryəm” surəsində isə Allahdan özünə bir köməkçi istəməsindən sonra Yəyhanın doğulacağı müjdəsinin verilməsindən bəhs olunur.

Qüdsə qayıdış

Əhəmənilər Babil və ətrafındakı torpaqları – indiki İraqı ələ keçirdikdən sonra əhəməni hökmdarları sürgündə olan yəhudilərin Qüds (Yerusəlim) və ətrafına qayıtmasına icazə verdilər. Bundan sonra yəhudilər Qüdsə qayıtdılar. Allah Zəkəriyyəni onlar üçün peyğəmbər olaraq göndərdi. O, yəhudilər üçün göndərilmiş Davudun nəslindən olan son üç peyğəmbərdən birincisiydi, ikincisi oğlu Yəhya, son peyğəmbər isə Məryəmin oğlu İsa idi. Zəkəriyyə nazil olan vəhyləri çatdıracaq və yazacaqdı. O, Süleyman məbədində yəhudilərin dini rəhbəri idi.

Zəkəriyyə peyğəmbər dülgər idi. Eyni zamanda, özünü Süleyman məbədinin (Beytül-Məqdis) qayğısına və maddi-mənəvi xidmətinə həsr etmişdi.

Ölümü

Məryəm oğlu İsa atasız doğulmuşdu. İnsanlar İsanın atasız yaradılışını inkar etdilər. İsanın anası Məryəmin otağına baş çəkən yeganə insan Zəkəriyyə peyğəmbər olduğu üçün ona və İsanın anasına zina böhtanı atdılar. Zəkəriyyəni öldürdülər. Rəvayətə görə, Zəkəriyyə peyğəmbər öldürüldükdə 100 yaşında idi.

Bir hədisdə dülgər olduğu bildirilən Zəkəriyyənin vəfatı ilə bağlı xristian mənbələrində heç bir məlumat yoxdur. İslam mənbələrində isə onun oğlu Yəhya kimi şəhid olduğu bildirilir. Bu rəvayətə görə, Yəhyanın Böyük Hirod tərəfindən edam edilməsindən sonra yaşadığı şəhərdən qaçan Zəkəriyyə yarılmış ağacın oyuğunda gizlənir, ancaq şeytan əbasının bir tərəfini çöldə qoyur, sonra düşmənlərinə xəbər verir. Onlar da ağacı mişarla ikiyə bölərək Zəkəriyyəni öldürürlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest