Özünün yaratdığı heykələ aşiq oldu – Tanrı isə onu qadına çevirdi

Dünya ədəbiyyatının ən məşhur romanları, hekayələri, şeirləri sevgi ilə bağlı olanlarıdır. Bu əsərlərin hər cümləsi, hər sətri sevgidən qidalanıb. Sevgi qədim xalqların inanclarında da özünə yer edib – yer üzündən tanrıların olimpinə qədər yüksəlib. Kimisi tanrının, kimisi də Piqmalion kimi, özünün yaratdığına aşiq olub. Qadınlarda axtardığı xoşbəxtliyi tapa bilməyən Piqmalion bir gün özünün yaratdığı heykələ – Qalateyaya aşiq olur. Ümidsizcə Afroditaya yalvaran Piqmalion ondan Qalateyaya nəfəs verməsini istəyir. Evə döndükdə ümidsiz və yorğunluq içində heykələ sarılıb, onu öpür. O an Qalateya canlı qadına çevrilir. Beləliklə, Piqmalion ümidsizlik içində gözləyərkən xoşbəxtliyə çatır.

Bu, məhəbbətin cansız bir daşa nəfəs verəcək qədər qüdrətli güc olduğunu göstərən mifdir.

Şübhəsiz ki, Piqmalion və Qalateya mifoloji məhəbbət hekayələrinin yeganə aşiqləri deyil. Bu, Adəm və Həvvadan başlamış əbədiyyətə qədər uzanan bir yoldur – öz üzərində addımlayanları ya xoşbəxtlik vadisinə qovuşdurur, ya da əbədi ayrılıqlara aparır. Əsli və Kərəm kimi…

Piram və Fisba

Piram Babildə ən yaraşıqlı kişi, Fisba isə ən gözəl qadın idi. İkisi bir-birini sevsə də, ailələri onların evlənməsinə icazə vermirdi. Bir gün qaçmaq qərarına gəlirlər. Bir-birinə tut ağacının altında görüş vədi verirlər.

Fisba ağaca çatanda ovdan qayıdan aslanla qarşılaşır, qorxaraq mağaraya sığınır, amma qaçarkən yaylığı başından düşür. Aslan yaylığı qana bulaşdırır. Bunu görən Piram Fisbanın öldüyünü düşünərək bıçağı ürəyinə saplayır. Qan torpağa, oradan da tut ağacının meyvələrinə qarışır. Ağ meyvələr qırmızı olur.

Fisba mağaradan çıxıb ağaca sarı addımlayanda Piramı qan içində görür, o da qılıncını sinəsinə sancaraq özünü öldürür.

Apollon və Dəfnə

Su pərisi olan Dəfnə evlənməyəcəyinə and içmişdi. Bir gün Apollon Dəfnəni Peney çayının sahilində görür və ona aşiq olur.

Çarəsiz və ümidsizcə aşiq olan Apollon Dəfnədən əl çəkmir. Dəfnə qaçır, Apollon qovur. Dəfnə gücünün bitdiyi an Yer anaya onu gizlətməsi üçün yalvarır. Yer ana onun yalvarışını eşidir. Dəfnə torpaqla birləşərək ağaca çevrilir. Dəfnə ağacının adı da buradan gəlir.

Selena və Endimion

Yaraşıqlı çoban Endimionla Zevsin gözəl qızı, ay tanrıçası Selena bir-birinə aşiq olur, amma tanrılar bu məhəbbətə icazə vermirlər.

Zevsin yanına gedərək, çobanı öldürülməsini istəyirlər. Zevs onu öldürmək üçün çobanın yanına gedir. Amma Endimionun Selenaya necə aşiq olduğunu görür və onları öldürə bilmir. Zevs Endimiona bir dilək haqqı verir; çoban əbədi yuxu arzulayır. O gündən sonra Selena Ayla göy üzünü işıqlandıraraq, sevdiyi adamı axtarır.

Exo və Narsis

Pəri qızı Exo ovçu Narsisə ümidsizcə aşiq olmuşdu. Amma bu qarşılığı olmayan sevgiydi. Aşiq olan Exo günü-gündən əriyir və ölür. Sümükləri qayalara, səsi isə exoya – əks-sədaya çevrilir. Tanrılar buna çox qəzəblənir və Narsisi cəzalandırmaq qərarına gəlirlər.

Bir gün su içmək üçün çaya əyilən Narsis su üzərində gördüyü əksinə aşiq olur. Buna görə çaydan uzaqlaşa bilmir. Orada əriyərək nərgiz çiçəklərinə çevrilir. Narsissizm sözü də buradan gəlir.

Ares və Afrodita

Müharibə tanrısı Ares və Hefestlə evli olan gözəllik ilahəsi Afrodita bir-birinə aşiq olmuşdu. Hər gecə görüşən aşiqlər Günəşin onları görməməsi və Hefestə xəbər verməməsi üçün səhər ayrılırdılar.

Bir səhər onlar yuxuya gedəndə Günəş onları görür və Hefestə xəbər verir. Vulkanlar tanrısı – Hefest intiqam planı qurur. Hörümçək torundan belə nazik tor düzəldən Hefest bu toru çarpayının hər iki tərəfinə və tavana bağlayır. Tora düşən aşiqlər tanrıların qarşısında rüsvay olurlar.

Piqmalion və Qalateya

Heykəltəraş Piqmalion Qalateya adını verdiyi heykəlinə aşiq olur və Afroditaya belə bir arvadı olması üçün yalvarır. Afrodita onu eşidir və heykələ can verir.

Piqmalion barəsində “Qadınların heç biri gözəl deyil, mən öz qadınımı özüm yaradaram” dediyi bir rəvayətdən də danışılır. Bu, “kimisə olduğu kimi qəbul etməmək kompleksi” kimi ədəbiyyata daxil olub.

Orfey və Evridika

Orfey və Evridika evli idi. Evridika ilan sancmasından öləndə Orfey yeraltı dünyaya gedir və tanrılara yalvarır. Yeraltı dünyanın tanrısı Aid və tanrıça Persefon lira çalıb, kədərli mahnılar oxuyan Orfeyi eşidirlər və geriyə baxmamaq şərti ilə Evridikanı buraxmağa razı olurlar.

Bununla belə, maraq Orfeyə güc gəlir və Evridikanın gəlib-gəlmədiyini bilmək üçün geri baxır. O an qadın yoxa çıxır. Orfey isə onun sevgisi ilə əzablara düçar olur.

Eros və Psixeya

Gözəlliyi ilə dillərə dastan olan Psixeyanı qısqanan Afrodita onun çirkin bir kişiyə aşiq olması üçün oğlu Erosu ox atmağa göndərir. Amma Eros qızı görən kimi ona aşiq olur. Onu saraya aparır və gecələr onun yanına gedir. Psixeya bir gecə Erosun üzünə baxmaq və görmək üçün şamla ona sarı əyilir.

O an ərimiş şamdan bir damla Erosun çiyninə düşür. Eros qəzəblənir və yoxa çıxır. Kədərlənən qız hər yerdə Erosu axtarır, amma tapa bilmir. O, hətta Afroditanın sarayında kölə kimi işləyir. Nəhayət, Zevsin gənc qıza yazığı gəlir və Erosu onunla barışması üçün razı salır.

Hero və Leandr

Onların hekayəsi Qız qalası əfsanələrindən biridir. Sevmək qadağan edilmiş rahibə Hero ilə məbədə gələn Leandr bir-birinə aşiq olurlar. Leandr hər gecə qalaya doğru üzür. Fırtınalı bir gecədə Leandrın qayığı dənizdə batır. Bunu eşidən Hero özünü suya atarq öldürür.

Odissey və Kalipso

Zevsin fırtınasında gəmisi batan Odissey Kalipsonun adasına çıxır. Kalipso ilk baxışda ona aşiq olur, amma Odisseyin fikri evdə və arvadında qalmışdı. Səkkiz il sonra Zevs hər gün tanrılara yalvaran Odisseyi eşidir və onun evinə göndərilməsini əmr edir. Kalipso könülsüz qayıq düzəldir və Odisseyi evinə göndərir və əzaba düçar olur.

Eney və Didon

Yoxsul Eneylə Karfagen kraliçası Didon bir-birinə aşiq olsa da, xalq bu sevgini qəbul etmir və bunu rüsvayçılıq sayırdı. Bunu eşidən Eney Didona zərər gəlməsin deyə, xəlvətcə qaçmaq istəyir. Amma Didon onun qaçdığını öyrənəndə özünü oda vurur. Külünün sevgilisinə qovuşacağına ümid edərək alov içində yanır.

Əsli və Kərəm

Xanın oğlu Kərəm atasının vəziri Qara keşişin qızı Əsliyə aşiq olmuşdu. Amma Qara keşiş öz dinindən olmadığı Kərəm və Əslinin sevgisinə razılıq verməmişdi. Xan oğlunun dərdindən xəbər tutanda Qara keşişi yanına çağırır. Vəzir bundan sonra qaçmaq qərarı verir. Gecə ikən külfəti ilə oradan uzaqlaşır.

Ay dolanır, il keçir. Kərəm Əslidən əl çəkmir. Nəhayət, Qara keşiş onların evlənməsinə icazə verir. Qəlbindəki kinini gizlədib Kərəm üçün bir toy xalatı tikir və ona verir.

Toy gecəsi Kərəmlə Əsli ikisi qalanda əl atır, xalatın düymələrini açsın, amma düymələr Kərəmin əli dəyən kimi öz-özünə açılır, axırıncıya çatanda təzədən hamısı bağlanır. Əsli də Kərəmə kömək edir. Bu dəfə isə düymələr açılıb Kərəmin sinəsinə düşür. Kərəm alışıb yanır. Bir göz qırpımında kül olur. Əsli fəryad qoparır, saçlarını süpürgə edib Kərəmin külünü ağlaya-ağlaya yığışdırmağa başlayır. Həmin küldən bir qığılcım da Əslinin üstünə düşür. O da yanıb külə dönür.

Bir neçə gün sonra Qara keşiş də azarlayıb ölür. Onu da Əsli və Kərəmin yanında basdırırlar.

Nakam gənclərin qəbrinin üstündən gül kolları bitib bir-birinə sarmaşır, Qara keşişin də qəbrindən qaratikan boy verib güllərin arasına soxulur. Deyirlər, gül kolları Əsli ilə Kərəmin ruhudur ki, o biri dünyada qovuşmaq istəyirlər. Qara keşişin ruhu isə qaratikana çevrilib onların qovuşmalarına mane olmaq istəyir. Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest