“Bu gün Ramazan ayının yeddinci günüdür. Allahın izni ilə oruc tuturuq. Lakin yaz aylarında günlər uzanır, gecələr isə qısalır. Bu günün böyük hissəsini oruc oluruq. İsti yaz aylarında günəşin altında işləyən və ürək problemləri olan şəxslər üçün oruc tutmaq bir sıra fəsadlar törədə bilər”.
Bu fikiləri fitoterapevt Füzuli Hüseynov söyləyib. O qeyd edib ki, susuzluğun qarşısını almaq üçün ismakda qida rejiminə diqqət etmək lazımdır: “Səhər imsak zamanı bəzi tədbirlər görmək lazımdır ki, həm çox susuzluq hiss olunmasın, həm də qan qatılaşmasın. Elə qidalar qəbul etməliyik ki, səhhətimiz yaxşı olsun və növbəti gün də oruc tuta bilək. Yaxşı olar ki, iftarla imsak arasında yayda ən azından iki litr, qışda isə bir litr su içilsin. Buraya çay və ya meyvə şirələri aid deyil. Çay və meyvə şirələri bədəndəki suyu qovur. Ona görə də oruc tutan şəxslər adi suya daha çox üstünlük verməlidir. Bir ədəd limonu qabıqlı formada xırda doğrayaraq üç-dörd stəkan suyun içinə atıb imsak vaxtı içmək məqsədəuyğundur”.

F.Hüseynov bildirib ki, imsak vaxtı çay içmək məsləhət görülmür: “Çaydan imtina edə bilməyənlər açıq və limonlu çay içməlidir. Susuzluğun qaşısını almaq üçün 1 çay qaşığı məkkəgülü çiçəklərini 3 stəkan suda dəmləyib, isti və soyuq halda içə bilərlər. Lakin bu çayı yeməkdən sonra içmək lazımdır. Təzyiqi aşağı olanlar isə bir stəkan suya bir çay qaşığı bal və ya bəkməz qarışdırıb içə bilər. İmsakda içilən ilıq suya təbii alma sirkəsi əlavə etmək faydalıdır. Belə ki, oruc tutan şəxslər bir stəkan suya bir xörək qaşığı alma sirkəsi qarışdırıb içsə, bu, faydalı olar. Bu, eyni zamanda arıqlamaq istəyənlər üçün də çox faydalıdır. İmsakda çox duzlu və ədviyyatlı yeməklərdən çəkinmək lazımdır. Çünki belə yeməklər susuzluğa səbəb olur”.