Maşını götürmədən yolu asfaltladılar – FOTO

Bakıda yol təmiri zamanı yolun hərəkət hissəsində park edilmiş avtomobil olan hissəyə asfalt vurulmayıb. 

Bununla bağlı sosial şəbəkədə foto yayılıb. Şəkil Səbail rayonu ərazisində, Bayıl qəsəbəsindən 20-ci sahəyə gedən yolda çəkilib. Fotodan görünür ki, yolda qalan avtomobil Rusiya dövlət nömrə nişanını daşıyır. Ehtimal olunur ki, sahibi uzun müddətdir onu yol kənarında park edib və istifadə etmir. 

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq. Agentliyin mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, məsələdən xəbərdardırlar. Yola asfalt vurularkən həmin avtomobilin sahibi tapılmadığına görə belə vəziyyət yaranıb:

“AAYDA əməkdaşlarının sahibi olmadan hər hansı maşına toxunmağa, əl dəyməyə və onun yerini dəyişməyə ixtiyarı yoxdur. Asfalt da elədir ki, o gətiriləndə temperatur soyumamış döşənməlidir. Ona görə də belə hal yaranıb, gözlənilmədən döşənmə işləri həyata keçirilib. Artıq bu gün o məsələ aradan qaldırılacaq, problem öz həllini tapacaq”. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest