Maestro Niyazinin bilinməyən gizlinləri: Hakim, federasiya prezidenti, yoxsa ağır atlet? – FOTOFAKT

Maestro Niyazi Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti, çempion və rekordçu olub.

Bu barədə məlumatı AAAF-ın mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev bildirib.

Onun sözlərinə görə, məşhur dirijor və bəstəkarımız Maestro Niyazi gənc yaşlarında ağırlıqqaldırma ilə məşğul olub:

“O, “Dinamo” cəmiyyətinin bu idman növü üzrə yarışlarında birinciliklər qazanıb, 16-18 yaşlarında yüngül çəki dərəcələrində Bakı və Azərbaycan çempionatlarında iştirak edib, yüksək nailiyyətlər əldə edib. Sonradan Konservatoriyaya daxil olan və əsasən musiqi ilə məşğul olan incəsənət xadimi idmandan ayrılmayıb.

Niyazi II Dünya Müharibəsindən sonra – 1948-1955-ci illərdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Bədən tərbiyəsi və idman idarəsinin Respublika ağır atletika bölməsinin sədri (indi analoji vəzifə AAAF prezidentidir) vəzifəsində çalışıb.

Ona həmçinin Azərbaycan SSR Səhiyyə Nazirliyinin Bədən tərbiyəsi və idman idarəsi tərəfindən ağır atletika idman növü üzrə Respublika dərəcəli hakim adı da verilib. Uzun müddət bu postu tutan Maestro bir çox idmançının yetişməsinə, onların İttifaq və beynəlxalq səviyyəli yarışlara qatılmasına kömək edib”.

Təqdim etdiyimiz şəkillərdən birində 1929-cü ildə ağırlıqqaldırma idmanı üzrə Ümumi Bakı ictimai yarışında iştirakı zamanı, ikinci yeri tutduğuna görə Bakı Bədən Tərbiyəsi Şurası tərəfindən Maestroya verilən diplomdur. Digər fotolarda Maestronun məşq etdiyi məqam, həmçinin hakim və rəhbər olduğunu təsdiq edən vəsiqələri görünür.

Qeyd edək ki, məşhur bəstəkarımız Üzeyir Hacıbəyovun qardaşı oğlu olan Niyazi Tağızadə (Hacıbəyov) 1912-ci ildə Tiflisdə anadan olub. SSRİ xalq artisti olan Niyazi 1984-cü ildə Bakıda dünyasını dəyişib.

Səbuhi Musa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest