Mərkəzi Bankın yeni rəhbəri – Atası polis rəisi olub

Mərkəzi Banka sədr təyin olunacaq Taleh Kazımovun personasına maraq var. 
Taleh Kazımov 1 iyul 2015-ci il tarixində PAŞA Bankın Baş icraçı direktoru və İdarə heyətinin sədri vəzifəsinə təyin olunub. Maliyyə sektorunda peşəkar karyerasına 2004-cü ildə Bank Standard-da Xəzinədarlıq departamentinin aparıcı mütəxəssisi qismində başlayıb, daha sonra isə Uçotun idarə olunması və büdcə planlaşdırılması seqmentinin rəhbəri, Korporativ kreditləşmə seqmentinin direktor müavini vəzifələrində çalışıb. Eyni zamanda, 2006-cı ildə “Ernst and Young” şirkətində auditor vəzifəsində də işləyib.
Ali təhsilini 2000-2004-cü illərdə Azərbaycan Texniki Universitetinin “Avtomatlaşma və Kompüter mühəndisliyi” fakültəsində alıb. Həmçinin, o, Azərbaycan Dövlət Neft Akademiyasında Biznesin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsinə və ABŞ-ın Georgia State Univercity-ində maliyyə sahəsində Biznesin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Bundan başqa, T.Kazımov 2010-cu ildə London Biznes Məktəbinin (Böyük Britaniya) və 2012-ci ildə Harvard Biznes Məktəbinin (ABŞ) yüksək ixtisas proqramlarını (“Senior Executive Programme”) müvəffəqiyyətlə bitirib.
Qeyd edək ki, Taleh Kazımov ziyalı ailəsində doğulub. Onun atası Tahir Kazımov uzun illər polis sistemində çalışıb. Əslən Cəbrayıl rayonunun Soltanlı kəndindən olan Tahir Kazımov Qaradağ rayon Polis İdarəsində rəis müavini, İmişli və Masallı rayonlarında polis rəisi vəzifələrində çalşıb. Hüquq-mühafizə orqanlarında son iş yeri Bakı Metropoliteni olub. Tahir Kazımov Bakı Metropoliteninin polis rəisi işləyib.
Tahir Kazımov daxili işlər orqanlarından təqaüdə çıxandan sonra bir neçə il Ali Attestasiya Komissiyasında ümumi şöbənin müdiri vəzifəsində çalışıb.Mərhum Tahir Kazımov həm də yaradıcı fəaliyyətlə məşğul olub. 20-yə yaxın bədii kitabın müəllifidir. Onun yazdığı “Qisas” romanı əsasında 32 seriyadan ibarət film çəkilib.
Polis polkovniki olan Tahir Kazımov bu ilin mart ayında 80 yaşında dünyasını dəyişib. 
Taleh Kazımovun əmisi Qəzənfər Kazımov isə məşhur elm adamıdır. Filologiya elmləri doktoru, professor olan Qəzənfər Kazımov uzun illər N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində dekan vəzifəsində çalışıb. 
Taleh Kazımovun babası Şirin Kazımov İkinci Dünya Müharibəsində alman faşistlərinə qarşı mübarizədə qəhrəmancasına həlak olub.Qeyd edək ki, Mərkəzi Bankın əvvəlki sədri Elman Rüstəmov da əslən Cəbrayıl rayonundandır. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest