Məmurlarımız yenidən bahalı avtomobillər eşqinə düşüb-SƏBƏB

 “Yeni Müsavat” qəzeti bununla bağlı araşdırma yazı hazırlayıb.

Yazıda bildirilir ki, ərazisinin 20 faizə yaxın hissəsini Ermənistanın işğalından azad edən Azərbaycan dağıdılmış ərazilərinin bərpası kimi çox nəhəng vəsait tələb edən bir prosesin içindədir:

“Dövlət özünün bütün maliyyə imkanlarını bərpa prosesinə cəlb etməyə çalışır. Buna görə də bir çox istiqamətlərdə dövlət xərclərinin azaldılması üçün addımlar atılır: bir tərəfdən daim zərərlə işləyən dövlət şirkətlərində idarəetmənin təkmilləşdirilməsi, xərcləmələrə nəzarətin artırılması, digər tərəfdən isə saxta yollarla dövlətdən vəsait almağa çalışanların müəyyənləşdirilməsi üçün işlər görülür.

Ölkənin üzərinə düşən yükün ağırlığının sanki yüksək və orta ranqlı məmurlara aidiyyəti yoxdur. Dövlət vəsaitlərə bu qədər kəskin ehtiyac duyduğu bir zamanda bir çox yüksək və orta vəzifəli məmurlar xidməti avtomobillərini yeniləmək həvəsinə düşüblər. Onların seçdikləri avtomobillərin qiymətinin 150-160 min dollar civarında olduğu qeyd edilir. Hətta elə məmur var ki, 2018-ci il istehsallı, 120-130 min manat qiyməti olan hazırkı avtomobilini dəyişmək istəyir…

Qeyd edək ki, Azərbaycan məmurlarının bahalı xidməti avtomobil iddiaları neft gəlirlərinin sürətli axını başlayan illərdən yüksəlib. Söhbət  2008-2014-cü illərdən gedir. Həmin illərdə dövlət məmurlarının böyük əksəriyyəti üçün park yenilənib, o dövrün ən bahalı avtomobilləri alınıb. Məmurların bahalı maşın sevdası o qədər ifrata varıb ki, baş nazir Artur Rasi-zadə 2011-ci ildə “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərar imzalayıb. Qərarda bildirilir ki, məqsəd dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlar tərəfindən xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin alınması və istismarı zamanı büdcə vəsaitlərinin səmərəli istifadə olunmasını təmin etmək, bu sahədə nəzarəti gücləndirmək və normativ hüquqi bazanı təkmilləşdirməkdir. Eyni zamanda baş nazir dövlət orqanlarına tapşırıb ki, xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər çərçivəsində alınması, təyinatı üzrə istifadəsi və saxlanılmasına nəzarəti gücləndirsinlər və bu sahədə neqativ hallara yol verilməsinin qarşısını alsınlar.

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, şəhər və rayon icra hakimiyyətlərinin başçılarına tapşırılıb ki, rəhbərlik etdikləri dövlət orqanlarında və onların yerli bölmələrində, dövlət orqanlarının strukturuna daxil olmayan, tabeliyində olan dövlət büdcəsindən maliyyələşən qurumlarda (idarə, müəssisə və təşkilatlarda) bu qərarla müəyyən edilmiş normalara ciddi riayət olunmasına nəzarət etsinlər.Üstündən 8 il keçəndən sonra 2019-cu ilin 17 yanvarında Prezident İlham Əliyev  imzaladığı “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına dövlət strukturlarının avtomobil təminatı sisteminin təkmilləşdirilməsinə yönəlik tədbirlər daxil edib. Belə ki, fərmanın 8-ci bəndinə əsasən Nazirlər Kabineti üç ay müddətində mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət adından yaradılan publik hüquqi şəxslərdə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə xidməti nəqliyyat vasitələri ilə təmin edilməli vəzifələrin siyahısını Prezidentlə razılaşdırmaqla müəyyən etməli idi. Sənədə əsasən müəyyən olunacaq siyahıdan kənarda qalan vəzifələrdə işləyən şəxslərə xidmət edən xidməti nəqliyyat vasitələri mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin balanslarından çıxarılaraq özəlləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim ediləcək və nəticə barədə Prezidentə məlumat veriləcəkdi. Fərmandan bir neçə ay sonra Nazirlər Kabinetindən “Yeni Müsavat”ın sorğusuna cavab olaraq bildirilmişdi ki, qurum tərəfindən müvafiq təklif hazırlanıb: “Bildirmək istəyirik ki, bu müddət ərzində Maliyyə Nazirliyi mövcud vəziyyəti əhəmiyyətli şəkildə təhlil edib, zəruri qiymətləndirmə aparıb. Nazirlik tərəfindən bu istiqamətdə qanunvericiliklə tələb olunan sənəd hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Nazirlər Kabineti isə öz növbəsində Maliyyə Nazirliyinin təqdim etdiyi sənəd əsasında mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərin (payların) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərlə işçi qaydada müzakirələr apararaq, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana  uyğunlaşdırılması istiqamətində təklifini hazırlayaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edib”.

Ötən müddət ərzində bu məsələ ilə bağlı hər hansı qərar qəbul olunmayıb, çünki Nazirlər Kabineti dövlət qurumlarının xidməti avtomobilləri ilə bağlı dəyişiklikləri hələ də 2011-ci il qərarı əsasında həyata keçirir. Yalnız 2019-cu ilin aprelində qərara dövlət qurumlarının xidməti avtomobilləri üçün yeni yürüş həddini müəyyənləşdirən dəyişiklik edilib. Prezidentin 17 yanvar 2019-cu il tarixli fərmanından sonra isə qərara müxtəlif dövlət qurumları üzrə xidməti avtomobillərin sayını artıran xeyli sayda dəyişiklik olunub. Bunların mühüm bir qismi yeni yaradılan qurumlara xidməti avtomobil limitinin müəyyənləşdirilməsi, qalanları isə mövcud limitlərin artırılması barədədir.

Onu da bildirək ki, dövlət qurumlarının balansdan çıxarılan avtomobillərinin hərracı Əmlak Məsələləri  Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində həyata keçirilir.  Dövlət Xidmətinin İnternet saytında yerləşdirilən hesabata əsasən 2018-ci ildə mərkəz vasitəsilə 170, 2019-cu ildə 286, 2020-ci ildə isə 100 nəqliyyat vasitəsi özəlləşdirilib. 2019-cu ildə satılan nəqliyyat vasitələrinin çox olması böyük ehtimalla, struktur dəyişiklikləri nəticəsində bir neçə dövlət qurumunun ləğv olunması ilə bağlıdır.

Xatırladaq ki, Prezident İlham Əliyev dəfələrlə məmurları, dövlət qurumlarını Azərbaycanın özündə istehsal olunan avtomobillərdən istifadə etməyə çağırıb. Onun çağırışlarına cavab olaraq bir neçə qurum qısa müddətdə “NAZ Lifan”, “Khazar” avtomobilləri alıblar. Lakin görünən budur ki, nə yerli, nə də mərkəzi icra hakimiyyəti orqanları xidməti avtomobillərlə bağlı qoyulan tapşırıqlara əməl etmirlər. Onlara rəhbərlik edən şəxslərin əksər hallarda adı xidməti olsa da, yalnız özlərinə deyil, ailələrinə də qulluq edən avtomobillərinin ən bahalı markalardan olmasında xüsusi maraqları var. Belə olmasaydı, neftin dünya bazar qiyməti 70 dolları keçən kimi 150-160 minlik avtomobil sevdasına düşməzdilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest