Əyani tədris başlayır: Məktəblərdə uşaqları gözləyən böyük TƏHLÜKƏdən xəbəriniz varmı?!

Yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Təhsil Nazirliyinin məlumatına əsasən, sentyabrın 22-dən birinci siniflər, sentyabrın 29-dan 5-ci və 11-ci siniflər orta məktəblərdə tədris ənənəvi formada başlayacaq. Oktyabrın 1-dən isə məktəbəqədər hazırlıq qruplarında tədris əyani şəkildə davam etdiriləcək. 

Bir sıra valideynlər artıq yeni təhsil dönəmi ilə bağlı narahatlıq keçirirlər. Səbəb isə tibbi məntəqələrlə bağlıdır. Belə ki, bəzi məlumatlara görə, 60-dan çox məktəbdə tibb məntəqələri yoxdur. Olsa belə, həmin məntəqələrdə tibb bacıları fəaliyyət göstərmir. Digər tərəfdən hazırda pandemiya dönəminin olduğu, yoluxma sayının günbəgün dəyişdiyi hər kəsə bəllidir. Hal belə ikən, valideynlər normal olaraq narazılıq edir, məsələnin öz həllini tapmasını istəyirlər. Bununla bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov deyib ki, məktəblərdə tibbi xidmətin göstərilməsi ilə bağlı ciddi problemlər var:
“Arabir təhsil müəssisələrində baş verən bədbəxt hadisələr, yoluxucu xəstəliklər, zəhərlənmələr bunu deməyə əsas verir. Digər tərəfdən ilin artıq qış ayları başlayır, uşaqlarda qrip və soyuqdəymə xəstəliklərinin riski olduqca çoxalır. Təbii ki, uşağı bu xəstəliklərdən tam sığortalamaq mümkün deyil. Qrip və bu kimi xəstəlik daşıyıcısı olan uşaqların təhsil müəssisələrinə daxil olması zamanı orta məktəbin tibb xidməti göstərən əməkdaşı tərəfindən profilaktik tədbirlər həyata keçirilməlidir. Məlumdur ki, uşağın ağzı və burnu infeksiya və viruslar üçün “giriş qapısıdır””.
Müsahibimiz qeyd edib ki, məktəblərin rəhbərliyi müəssisənin tibbi personalı ilə hər gün monitorinq aparmalıdır:
“Sinifdə oxuyan şagirdlər arasında virusla bağlı təhlükə varsa, o zaman bütün şagirdlər qoruyucu maskalardan istifadə etməli, həmin şagird müvəqqəti olaraq birinci partada yox, sonuncu partada əyləşməlidir. Qrup tərbiyəçisi virusa yoluxmuş şagirdin digər şagirdlərlə ünsiyyətinə diqqət yetirməlidir. Məktəbin tibb işçiləri uşaqlar arasında müayinələr aparmalı, xəstəliyi olan şagirdlər barədə onların şəxsi işlərinə məlumat yazmalıdırlar. Məhz bu məlumat müəllimlərin şagirdlərə münasibətini tənzimləməlidir. Bundan başqa, orta məktəblərdə ilkin tibbi yardım göstərə biləcək tibbi personal olmalıdır. Bu qanunvericilik aktlarında da nəzərdə tutulur”.
K.Əsədovun sözlərinə görə, məktəblərdə tibbi personalın xidmət səviyyəsi müasir standartlardan aşağıdır: 
“Hesab edirəm ki, bu müəssisələrə tibb işçilərinin mərkəzləşdirilmiş qaydada işə qəbulu həyata keçirilməlidir. Təəssüf ki, indi işə qəbul birbaşa təyinat yolu ilə olduğu üçün keyfiyyət aşağı səviyyədədir. Bunun üçün əvvəlcə müraciətləri elektron qayada qəbul etmək, ondan sonra müsabiqə və müsahibə mərhələsi təşkil etməklə daha yüksək bilik və bacarıqlara malik olan şəxslərin qəbulunu həyata keçirmək olar”.
Qeyd edək ki, məktəblərdə tibb məntəqələrinin və  tibb bacılarının sayı ilə bağlı Təhsil Nazirliyinə müraciət etsək də, sorğuya cavab verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest