Lənkərandan Bakıya uçan vertolyotda nə baş verdi? – Məlum olayın ŞOK TƏFƏRRÜATI

Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində SSRİ hakimiyyətinə qarşı Azərbaycanda xalq etirazlarının geniş vüsət almışdı. Həmin dövrdə aksiyaların əsas mərkəzi Bakı olsa da, bölgələrimizdə də ciddi narazılıqlar müşahidə olunurdu.

Lakin əksəriyyət tərəfindən o qədər də çox bilinməsə də sovet qoşunları xalq hərəkatını dağıtmaq üçün təkcə Bakıya qoşun yeritmədi, eyni zamanda bir sıra bölgələrimiz də Moskvanın vəhşi simasına şahidlik etdi. 

Hərəkatın aktivlik göstərdiyi Lənkəranda da rus əsgərlərinə qarşı ciddi müqavimət göstərilib.

AMEA-nın Elmi Tarixi İnstitutunun elmi katibi, dosent Zaur Əliyev Lənkəranda müqavimətin əsas simalarından olan Tariyel Abdullayevin faciəvi, eyni zamanda qəhrəmanlıq hekayəsi ilə bağlı araşdırma aparıb.

“1990-cı ildə Azərbaycanda qanlı yanvarı törədən ruslara qarşı çıxış edən, onların xalqı qırğına verməməsi üçün təkbaşına neçə rus əsgərinə qarşı müqavimət göstərən şəxslərdən biri də Abdullayev Tariyel Hacıbala oğludur. O, 1965-ci il fevralın 25-də Lənkəranda anadan olub. Kalinin adına cihazqayırma zavodunda fəhlə işləyib. 
Lənkaranı ələ keçirməyə cəhd edən ruslar hərbi vertolyotlar, şəhər üzərində dövrə vuraraq, mitinqə toplaşanları, Lənkəranlıları qorxutmağa çalışırlar. Səs gücləndirici qurğularla şəhərdə əhaliyə təhdid edici mesajlar verilir. Sovet hərbçiləri, öz adamlarından birini snayperlə vuraraq aranı qızışdırırlar. Halbuki, könüllülərdə tüfəng və bıçaqdan başqa silah yox idi. 

Vəziyyətin gərginləşdiyini görən Lənkəranlı özünü müdafiə dəstələri, Bakı ssenarisinin təkrarlanmaması və fikir yayındırmaq üçün dağlıq meşə zonasına çəkilirlər. Sovet hərbçiləri, Haftoni meşəliyini mühasirəyə alaraq, oradakı adamları atəşə tuturlar.

Buna baxmayaraq lənkəranlılar sona qədər ruslara müqavimət göstərirlər. Xüsusilə Tariyel onlarn neçə əsgəri ilə əlbəyaxa döyüşə girir. 
Yanvarın 26-da Lənkəranın İstisu meşəsində hərbçilər Xalq cəbhəsinin 5 üzvünü güllələyib, 46 adamı tutub vertolyotla Bakıya göndərirlər. Tariyel də tutulanların arasında idi. Hərbçilər vertolyotda tutulan adamları üzü üstə yıxıb məftillə qollarını və ayaqlarını arxadan boğazlarına bağlayıblar.

Onların ən çox müqavimət göstərən Tariyelə qarşı davranışları isə daha amansız olur. 

Tariyelin boğazına bağlanan məftili möhkəm sıxıblar. O, boğulan vaxt həmyerliləri hərbçilərdən xahiş edib ki, Tariyelin boğazına bağlanan məftili boşaltsınlar. Onda hərbçilər məftili daha da möhkəm sıxıb, onun boğulmasına tamaşa edib ləzzətlə gülüblərmiş.
Onu Xəzərin üstündən uçanda dənizə atmaq istəsələr də, vertolyotdakı yoldaşları bunun qarşısını alırlar. Tariyel elə həmin gün vertolyotda boğulub ölür.

Bir gün sonra onun meyidi Bakıdakı mərkəzi ölüxanaya təhvil verilir. Onu Bokoviç V.V. familiyalı bir milis mayoru gətirir və Tariyel yanvarın 31-də Şəhidlər xiyabanında dəfn edilir”.

Murad Əhmədov, Bizim.Media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest