Kredit faizləri depozit faizlərindən dəfələrlə yüksəkdir

2021-ci ildə kreditlərə tələbin artması faizlərin yüksək səviyyədə qalmasına səbəb olur. 

Bu ilin əvvəlindən ölkəmizdə kredit qoyuluşu 14,53 milyard manatdan 16,42 milyard manata qədər artıb. Cəmi 10 ay ərzində ümumi kreditləşmənin məbləği 1,89 milyard manat, yəni 13 faiz artıb. Qısa müddətdə artım daha çox manatla verilən kreditlərdə qeydə alınıb. Məlumatların təhlili göstərir ki, kreditlərdəki artımın 1,7 milyard manatı məhz milli valyutada verilən kredirlərin hesabına təmin edilib. Ötən ilin sonunda manatla verilən kreditlərin məbləği 10,2 milyard olduğu halda, noyabrın 1-də 11,91 milyard manata çatıb. Manatla kreditlərin bu qədər artması ondan xəbər verir ki, iqtisadiyyatda milli valyutada olan kreditlərə tələb böyükdür. Tələb böyük olduğundan kredit təşkilatları faizləri artırmaqdan çəkinmir. 2020-ci ilin sonunda yeni verilən manatla kreditlərdə orta faiz dərəcəsi 15,65 səviyyəsində olduğu halda hazırda 17,13 faiz təşkil edir. On ay ərzində manatla kredit faizlərində ciddi artım var. Dollarla verilən kreditlərdə də faizlər artır. Xarici valyutada verilən kreditlər cari ildə təxminən 200 milyon manat artıb. Dollarla olan kreditlərə də tələb artdığından ilin əvvəlində 3,43 faizlə verilənkreditlər üzrə faizlər 4,74-ə qalxıb. Kreditlərə tələbin artmasına baxmayaraq banklar depozit və əmanət faizlərini artırmır, əksinə, manatla olan depozit və əmanət faizlərini qismən, xarici valyutada olanların faizini isə xeyli dərəcədə aşağı salıb. Hazırda banklar manatla depozitləri orta hesabla 8,5 faizə, dollarla olan depozitləri 0,9 faizə qəbul edir. Bu siyasət nəticəsində depozit və kredit faizləri arasında kəskin fərq yaranıb. Kredit təşkilatlarının verdiyi borc, cəlb etdikləri vəsaitə çəkdikləri xərcdən manatda 2 dəfə, dollarda 5,27 dəfə böyükdür. Bu vəziyyət banklara imkan verir ki, kreditləşmədən yaxşı faiz gəliri əldə etsinlər. Hazırda banklarda olan depozitlərin təxminən yarısı xarici valyutadadır. Kreditlərin isə 72,4 faizi manatladır. Buradan aydın olur ki, banklar xarici valyuta ilə 0,9 faizə cəlb etdikləri vəsaitin bir hissəsini manata dəyişərək 17,2 faizlə, yəni 19,1 dəfə yüksək gəlirlə kredit verirlər. Bunun nəticəsidir ki, bankların faiz gəlirləri on ay ərzində 1,73 milyard manata yüksəlib. Böyük ehtimalla ilin sonunda gəlir 2,1 milyard manata çatacaq. Bu məbləğ iqtisadi aktivliyin son illərdə ən yüksək həddə çatdığı 2019-cu illə müqayisədə təxminən 10 faiz yüksək olacaq. 

Vasif

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest