Kiyevdən şok İvanişvili mesajı: “Onun qarşısını almaq üçün…”

Ukrayna Ali Radasındakı hakim “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının qurucusu və keçmiş baş naziri Bidzina İvanişviliyə qarşı sanksiya tətbiq etmək çağırışı ilə Avropa Birliyi və ABŞ-a müraciət edib.

Deputat İvanişvilinin Rusiya hakimiyyəti ilə sıx əlaqələrinin olduğunu bildirib.

“Gürcüstanın tanınmış adamları hələ fevralın 24-dən əvvəl bizə dəstək olaraq videomüraciət yaymışdılar və o vaxtdan bir çox gürcü Ukrayna uğrunda cəbhədə döyüşür. Onların böyük əksəriyyəti Ukraynanı və müharibədə qələbəmizi dəstəkləyir. Amma təəssüf ki, eyni şeyi Gürcüstan hakimiyyəti haqqında demək olmaz. Səbəb isə sadədir – ölkənin əsas oliqarxı Bidzina İvanişvili Rusiyanın siyasi elitası ilə sıx əlaqələr saxlayır, bu, yaxınlarda yayılan səs yazıları ilə bir daha təsdiqlənir”, – Araxamiya deyib.

Onun sözlərinə görə, Gürcüstan hakimiyyətinin yürütdüyü siyasətin mahiyyəti sadəcə Kremlin göstərişlərinə əməl etməkdir:

“Bu, onların Rusiyanın Ukraynaya qarşı hərbi cinayətlərinin tanınmaması və sanksiyalardan yayınmasında Rusiyaya yardım göstərilməsi ilə bağlı ritorikasının izahıdır. Bu gün İvanişvili “Gürcüstanın Yanukoviçi”nə çevrilib. O və silahdaşları Ukraynaya qarşı gürcü xalqı tərəfindən dəstəklənməyən siyasət yürüdürlər. Bunun qarşısını almaq üçün Avropa Birliyi və ABŞ rəhbərliyinə müraciət edirəm ki, İvanişviliyə və onun Qərbdəki aktivlərinə qarşı sanksiyaların tətbiqini nəzərdən keçirsinlər. Heç kim məsuliyyətdən qaçmamalıdır – nə işğalçılar, nə də onlara kömək edənlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest