Keçmişi müxalifətçi olan MƏMURLAR – SİYAHI

Hazırda Azərbaycanda bir sıra yüksək vəzifəli şəxslər var ki, onlar illər öncə ölkə müxalifətinin aparıcı funksionerləri kimi yerli mətbuatın menşetlərini bəzəyirdilər. Vaxtilə hakimiyyətə qarşı radikal mövqedə dayanan bu şəxslər qısa bir müddət sonra özlərini iqtidar komandasının vitrininə daşımağı bacardılar. Ancaq məsələ bununla da bitmədi. Bu şəxslər daha sonra yüksək vəzifələrə təyin olundular, onlar hakimiyyətin ən üst eşalonunda “bronlaşdırılmış” və “əvəzolunmaz” fiqurlara çevrildilər. İçərisində oliqarxa çevrilən şəxslər də az olmadı.

Bəs keçmişdə müxalifətdə təmsil olunan, bu gün isə hakimiyyətdə yüksək vəzifələr tutan şəxslər kimlərdir?

İnam Kərimov:


1977-ci il doğumlu İnam İmdad oğlu Kərimov ötən əsrin 90-cı illərində hakimiyyətə qarşı barışmaz mövqedə dayanan türk millətçilərinin də təmsil olunduğu təşkilatın aparıcı simalarından biri idi. Bir müddət sonra müxalif düşərgədən ayrılan İ.Kərimovun karyerasında ildırımsürətli dəyişikliklər baş verir. O, 2000-2002-ci illərdə Sarbonna Universitetində təhsil alır. 2012-ci ilə qədər Prezident Administrasiyasında işləyir. Daha sonra ASAN xidmətin rəhbəri postuna təyin olunan İnam Kərimov 2018-ci ildə ölkənin Kənd Təsərrüfatı naziri vəzifəsini tutur.

Əli Əhmədov:


1953-cü il təvəllüdlü Əli Cavad oğlu Əhmədov ötən əsrin 90-cı illərində Azərbaycan Milli İstiqlal Partiyasının aparıcı funksionerlərindən biri idi. O, Heydər Əliyevə qarşı radikal mövqeyi ilə seçilirdi. AMİP-ə qədər də bir neçə dəfə siyasi mövqeyini dəyişən Ə.Əhmədov bir müddət sonra və “möcüzəvi” şəkildə YAP siyasi elitasının əsas simalarından birinə çevrildi. PA-da yüksək post tutan Xətayi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində də işlədi. II, III, IV çağırış Milli Məclisin deputatı mandatını əldə edən Ə.Əhmədov 2013-cü ildə Baş nazirin müavini vəzifəsinə də təyinat aldı. Dünənə qədər YAP-ın icraçı-katibi vəzifəsini tutan Ə.Əhmədov hakim partiyada özünə möhkəm dayaqlar qura bilmişdi. Hətta vaxtilə H.Əliyevlə bərabər YAP-ın qurulmasında iştirak edən şəxslərin bir neçəsi məhz onun “xidmətləri” sayəsində partiyanın siyasi elitasından, dövlət idarəçiliyindən kənarlaşdırıldı. O, YAP-dakı güclü mövqeyini tamamilə itirib, hazırda formal olaraq müavin postunu tutur. Ə.Əhmədov ölkənin ən varlı məmurlarından biridir. Oğlu Fikrət Əhmədov həkimdir.

Mübariz Qurbanlı:

1954-cü il təvəllüdlü və ixtisasca tarixçi olan Mübariz Qəhrəman oğlu Qurbanlı 1992-ci ildə AMİP-in əsas üzvlərindən biri idi. O, Ə.Əhmədovla bərabər AMİP-dən YAP-a transfer olunan şəxslərin içərisindədir. I, II, III, IV çağırış Milli Məclisə üzv seçilən M.Qurbanlı 2014-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədridir. Bir müddət əvvəl onun ailə üzvlərinə məxsus olan şirkətlərin siyahısı da yayılmışdı. O, Azərbaycanda biznesmen məmurların siyahısında ilk yerlərdən birini tutur.

Ramin Bayramlı:

1979-cu ildə anadan olan Ramil Baba oğlu Bayramlı AMİP-in Nəsimi rayon təşkilatında gənclər birliyinin sədri vəzifəsini tutub. Qohumu Əhliman Əmiraslanovun (deputat) və Ə.Əhmədovun dəstəyi sayəsində TƏBİB-in İdarə heyətinin sədri vəzifəsinə təyin olunan R.Bayramlı bir müddət əvvəl yarıtmaz fəaliyyətinə görə işdən kənarlaşdırıldı. O, işlədiyi dövrdə şəffad fəaliyyəti ilə yox, tikdirdiyi dəbdəbəli villa ilə gündəmə gəlmişdi.
Ardı var…

Ənvər Şüküroğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest