İranda “Qarabağ Azərbaycandır” deyənləri dama basırlar…

Samir Adıgözəlli: “İran rejimi bunun fəqrinə varmalıdır ki, nə şallaqlama, nə həbs etmə, nə də zorakılıqla onların qəlbinə, arzularına, Qarabağ Azərbaycandır nidasına, sevgisinə qandal vura bilməz”

Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbə mollakrat-fars rejiminin dincliyini elə pozub ki, rejim təmsilçiləri özlərinə yer tapa bilmir. Son 11 ayda İran tərəfdən Azərbaycana qarşı aparılan şər-böhtan, hədə-hədyan kampaniyaları günü-gündən dərinləşir. Sosial şəbəkələrdə və elektron KİV-də yayılan məlumatlara görə, İranda “Qarabağ Azərbaycandır” deyənə şallaq və həbs cəzası kəsilir.

Onu da vurğulayaq ki, həm müharibə vaxtı, həm də indi Təbrizdə, Ərdəbildə, Maragada, bütün Azərbaycan şəhərlərində divarlara “Qarabağ Azərbaycandir”, “Təbriz, Ərdəbil Azərbaycandir” yazılır… Molla rejimi isə buna görə ən müxtəlif üsullarla soydaşlarımızı cəzalandırır, onların Azərbaycan sevgisini boğmağa çalışır.

  • “Güney Azərbaycandakı soydaşlarımıza qarşı molla rejimi onsuz da illərdir işgəncəni davam etdirir”

İctimai və Siyasi Proseslərin Beynəlxalq Araşdırılması Mərkəzinin rəhbəri Samir Adıgözəlli bizimlə söhbətində təəssüf hissi ilə bildirdi ki, bizi özlərinə “din qardaşı” sayan qonşumuz İran İslam Respublikası Vətən müharibəsində imtahandan keçmədi. S.Adıgözəllinin sözlərinə görə, illərdir İranın Azərbaycana qarşı tutduğu mövqeni, bu ölkənin soydaşlarımıza göstərdiyi destruktiv münasibəti tənqid edən bir ziyalı, ictimaiyyətçi kimi İranın bu imtahandan çıxmasını istəyib, amma “din qardaşımız” bunu bacarmayıb. “Azərbaycan müharibədə zəfər qazandıqdan və bütün dünya Azərbaycanın qələbəsini qəbul edib təbrik etdikdən sonra İran ala-yarımçıq şəkildə Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdi. O sadəcə bunu etiraf etməyə məcbur qaldıqdan sonra dilə gətirdi. Ermənistan Azərbaycanın qarşısında sınandan, bu ölkənin ordusu müzəffər ordumuz tərəfindən  darmadağın ediləndən sonra İran bu sözü işlətdi. Təbii ki, İranın bunu məcburiyyət qarşısında deməsi nə Azərbaycan dövlətinin, nə Azərbaycan vətəndaşlarının, nə dünya azərbaycanlılarının, nə də İranda yaşayan 40 milyonluq Azərbaycan türklərinin gözündən qaçdı. Təəssüflər olsun ki, İran son zamanlar Azərbaycana qarşı müxtəlif ittihamlar səsləndirir, iftiralar atır. Bu isə qəbuledilməzdir. İranın nə etmək istədiyini başa düşmək olmur. O baxımdan ki, Azərbaycana qarşı sürdüyü ittihamların heç bir əsası yoxdur. 30 il Azərbaycan torpaqları işğalda olanda İran sərhəddə təlim keçmədi, Azərbaycan torpaqlarını azad etdikdən sonra təlim keçmək yadına düşdü. İşğaldan azad edilən ərazilərimizdə dövlət bayrağımız ucaldıldı, azan səsini Azərbaycan əsgəri səsləndirdi, İran da gəlib Araz qırağında təlim keçir”.

S.Adıgözəllinin sözlərinə görə, İran rejimi hər nə etsə də, soydaşlarımızı assa da, öldürsə də, qırmanclasa da, həbs etsə də, onları yollarından, əqidələrindən döndərə bilməz. “Güney Azərbaycandakı soydaşlarımıza qarşı molla rejimi onsuz da illərdir işgəncəni davam etdirir. İran rejimi öz vətən mülkündə yaşayan insanlarımıza hər cür şiddət göstərir, Təbrizdə, Ərdəbildə, Marağada, Urmiyada soydaşlarımıza qarşı qeyri-insani hərəkətlər həyata keçirilir. Antidemokratik rejim soydaşlarımıza ən ağır cəzanı versə də, Azərbaycanı, Qarabağı, bu davanı və zəfəri heç zaman onların qəlbindən çıxara bilməz. İran rejimi bunun fəqrinə varmalıdır ki, nə şallaqlama, nə həbs etmə, nə zorakılıqla onların qəlbinə, arzularına, Qarabağ Azərbaycandır nidasına, sevgisinə qandal vura bilməz. İran rejimi soydaşlarımızın sevgisini, etibarını qazana bilmədi”.

S.Adıgözəlli təəssüflə qeyd etdi ki, 200 min erməniyə qucaq açan İran rejimi öz vətən mülkində, doğma yurd-yuvasında yaşayan 40 milyon Azərbaycan türkünün haqqını tanımadı və bu gün də atmış olduğu bütün addımlar İranın öz əleyhinə işləyir. “Güney azərbaycanlı soydaşlarımızın “Qarabağ Azərbaycandır!” nidası İran rejimini qorxudur, ona görə ki, bir gün bu nida böyük bir selə dönə bilər. Hər halda, İran regionda gedən proseslərdə Azərbaycanın mövqeyinin güclənməsini dərk etməlidir. Buna görə də Azərbaycanla münasibətlərini normal qonşuluq münasibətləri çərçivəsində qurmalıdır”-deyə S.Adıgözılli bildirdi. 

İradə SARIYEVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest