İran maşınları ilə bağlı HƏYƏCAN SİQNALI – “Onların gətirilməsi dayandırılmalıdır”

İran İslam Respublikasının Məhkəmə sistemi müvafiq standartlara cavab verməyən avtomobillərin istehsalının dayandırılacağı ilə bağlı açıqlama yayıb. Belə ki, rəsmilər bu qərarın verilməsinə səbəb kimi həmin avtomobillərin təhlükəsizlik normalarına uyğun olmaması ucbatından, çoxsaylı insan tələfatı ilə nəticələnən yol qəzalarını göstərib.

Məlum olduğu kimi, ölkəmizdə də İran istehsalı olan avtomobillərin sayı heç də az deyil. Üstəlik, Azərbaycanda da bir çox sürücü həmin maşınların təhlükə mənbəyi olmaları mövzusunda həmfikirdirlər.

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən nəqliyyat eksperti Elməddin Muradlı da ölkəmizdə İran maşınlarının mənfi imicinin formalaşdığı qənaətindədir:

“İran avtomobil sənayesində bir çox yeniliklərə imza atsa da, maşınların təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğun olmaması səbəbindən Azərbaycanda onların imici mənfidir. Son vaxtlar istehsal olunan “Xəzər”lərdə, əvvəlki illərdə buraxılan “Azsamand”larda da eyni problemlər var idi. Əslində “Azsamand”lar bizə dərs olmalı idi, amma çox təəssüf ki, yenə də Neftçalada İranla birlikdə avtomobil istehsalına başladıq. Doğrudur, Azərbaycan çalışır ki, avtomobil sənayesində işlər görülsün. Lakin bu cəhdlər, çox təəssüf ki, həmişə uğurlu olmur”.

Elməddin Muradlı qeyd edib ki, İran istehsalı avtomobillərin ölkəmizdə geniş istifadəsi bir sıra problemlər yaradır:

“Həmin maşınların ekoloji cəhətdən təmiz olması, texniki sazlığı, şübhə altındadır. Bu gün “Xəzər” avtomobillərinin istehsalına diqqət yetirsək, 1990-2005-ci illər əhatə edən dövrün detallarından istifadə olunduğunu görə bilərik. Həmin avtomobillərin bir çoxunun şüşələrinin üzərində də “1998-2005” yazısı öz əksini tapıb. Bu o deməkdir ki, detallar həmin dövr üçündür, lakin biz gətirib 2022-ci ildə həmin maşınları, həmin detallarla yığırıq”.

Ekspert Azərbaycan tərəfinin sözügedən məsələdə diqqətli olmasının vacib olduğunu qeyd edib:

“İran tərəfinin açıqlaması bizim üçün siqnaldır. Biz də öz vətəndaşlarımızın sağlamlığını düşünürüksə, mütləq həmin avtomobillərə, onların parametrlərinə diqqət etməliyik. Əgər hər hansı problemlər varsa, onların gətirilməsi dayandırılmalıdır. Əgər bu, gələcəkdə bizə təhlükə yaradırsa, vətəndaşlarımızın cibinə ziyan vurursa, bizə lazım deyil”.

Murad Əhmədov.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest