İntihar həddinə çatdıran SƏBƏBLƏR – Qazilərə yardım üçün ayrılan pulları kim yeyir?

Azərbaycanda Qurban Bayramının istirahət günləridir. Bu günlərdə, əsasən də dünən mətbuatda ən çox görünən xəbərlər arasında hansısa icra hakimiyyətlərinin şəhid ailəsi və qazi ailələrinə qurbanlıq ət payı verməkləri də işıqlandırılıb.

Əksər ilahiyyatçılar da Vətən Müharibəsində ərazi bütövlüyümüz üçün canlarını qurban verənlərin ailələrinə qurbanlıq verilməsini savab sayır. Amma İslamda başqa müddəalar da var:

“Sağ əlin etdiyini sol əl bilməz”

Yəni, hər kəs yaxşılığı elə etməlidir ki, bu əməl həqiqətən də yaxşılıq hesab olunsun. Yoxsa bəzilərinin məqsədi sırf özünü reklam etməkdir. Mən hələ jurnalistlərə Qurban Bayramı ilə Milli Mətbuat Gününü birgə “sobrazim” edib hədiyyə yollayanları demirəm.
Əlbət, əsas mövzu 44 günlük müharibədə şəhid olmuş, yaralanmış vətən fədailərinə verilən iki kilo ətdir. Daha doğrusu, bu iki kilo ətlə iki gün ölkə gündəmini bürüyən “tüstüsü”.

Tolerant ölkə olduğumuzdan, hər şeyi İslam dini ilə analiz etmək doğru olmaz. Lakin şəhid ailələrinə verilən 2 kilo ətin, bayram azuqəsinin iki gün reklam olunması heç türk, Qafqaz mentalitetinə də yaraşmır.

Avropa ateist və xristianları yaxşılıq məqsədilə yol kənarı poçt qutuları kimi məntəqələr yaradıb və ora müəyyən lazımi dərmanlar, ərzaqlar qoyurlar ki, ehtiyacı olan kimsə maneəsiz istifadə edə bilsin.

Bu humanistlikdə isə nə yaxşılığı edən tərəf, nə də bundan yararlananın kimliyi bəlli olmur. Ali səviyyədə Avropaya belə örnək olacaq Azərbaycanın xırda qurumları isə elə xırdaçılıq edirlər. Hər rayonun icra hakimiyyətlərinin etdiyi yaxşılığın manşetlənməyi sanki bir qaxınc nümunəsidir.

Atalar demişkən, “yaxşılıq edib bir şey umursansa, etməsən yaxşıdır”. 

Yəni, icra hakimiyyətləri şəhid və qazi ailələrinə qurbanlıq pay yollayandan sonra bəzi KİV-ə də xahiş, bəzilərinə isə sifariş yollayırlarsa ki, “bunu işıqlandırın” , deməli qara qızın dərdi var. DTX əməliyyatlarına ən çox tuş gələn qurumlar 100 manatlıq qoyunla özlərinə xal qazanmaq istəyirlər. Elə bil ki, uşaq başı aldadırlar.

Bəzi hallarda bu metod çirkli pulların yuyulmasına da xidmət edə bilir. Hər halda ekspertlər belə düşünür. İctimai fəalların fikrincə, dövlətdən icra hakimiyyətlərinə ayrılan pulların hesabatı da verilir. Əgər bir parkın tikintisinə 1 milyon yox, 500 min xərclənibsə, ortada qalan yarımmilyonun sorğusu ağırdır. Rüşvətxor başçılar isə papağını göyə atmaqla deyir ki, “şəhid və qazi ailəsi çox, bayram da çox”. 

Yəni bir rayonda 100 şəhid və qazi ailəsi varsa, təkcə Qurban Bayramında onların hesabına 100 min manat silinə bilər. Sənədlərdə 100 ailənin hərəsinə 1000 AZN-lik sovqatın qeyd olunması yetərlidir. 

Bir ailəyə 2 kilo ət, qənd, un, düyünün alınması isə maksimum 30 manat edir ki, 100 ailənin xərci 3 min AZN alınır. Bu halda silinən 100 min yeyintinin özündə də 97 min yeyinti əmələ gəlir. Əlbəttə, mütəxəssislərin bu qənaətinə inansaq, Azərbaycanda rüşvətlə mübarizənin erməni terrorçuları ilə döyüşməkdən çətin olduğu anlaşılır.

Məğrur ailələrin qüruru ilə oynamaq olmaz!

Belələrinin bir bəhanə və bəraətləri var ki, “bu addımlarla nümunə olmaq istəyirik, bu bir təbliğatdır”. Lakin bu da çeynənmiş variantdır. 

Təsadüfən özünü icra hakimiyyətinin 5-10 manatından keçib filmləşdirdiyi xəbərdə görəndə şəhid atası, yaxud qazi nə hisslər keçirdir, nə deyir?

“Qoca heyvanın iki kilo ətini verib özlərini reklam edirlər. Biz düşmənlə üz-üzə olanda siz katibələrinizlə quzu kababı yeyirdiniz”.

Hərçənd saytın sorğularında ən çox hallanan iki cümlə budur, deməli “merinos”un hesabına mer qalmaq istəyənlər yanlış yoldadır. 

Onlar bu tip qayğıkeşliklərini sənədlərlə Prezident Aparatına yollaya, məxfi hesabatlarla kifayətlənə bilərlər. Onsuz da, bu üsulla dövlət icra hakimiyyətlərinin fəaliyyətindən xəbərdar olur və hədsiz məğrur, qürurlu insanlar psixoloji basqıyla üzləşmir. 

Elina intihar edəndə məktəb psixoloqları gündəmə gəldiyi kimi, deyəsən icra hakimiyyətlərinə də təkcə “bazarkom” yox, psixoloqlar da lazımdır ki, onların fəaliyyətini götür-qoy edib istiqamətləndirən olsun.

Unutmayaq ki, intihar edənlər arasında şəhid ailələri və qazilər də var!

Anar Rəhimov.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest