İlyas İsmayılov soruşur: Zakir Həsənov Roma papasıdır, yoxsa Müdafiə naziri?

Ötən gün Azərbaycan-Ermənistan sərhədində yenə erməni diversant qrupu aşkarlanmış və hərbçilərimizin səyi nəticəsində təxribatçılardan biri saxlanılmış, digərləri isə aradan çıxmışdı. 

Bu barədə məlumat Azərbaycan Müdafiə Nazirliyi tərəfindən yayılmışdı. 

Məlumatda erməni diversantının yaxalanmasının tam ünvanı da göstərilmişdi:

“İyunun 8-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu ərazimizə daxil olub.

Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin sayıqlığı nəticəsində qrupun bir üzvü, hərbi qulluqçu Artur Kartanyan saxlanılıb. Qrupun digər üzvləri geri çəkilərək ərazini tərk edib.

Diversantın saxlanıldığı ərazinin koordinatları: X8610021, Y4387428”.

Məlumata görə, müstəntiqlərin ilkin araşdırmaları nəticəsində kəşfiyyat-diversiya qrupunun tapşırığı da müəyyənləşdirilmişdi – ərazilərimizin minalanması.

Ermənistan tərəfi isə əsgərin diversiya məqsədi ilə deyil, yolunu azaraq ərazimizə soxulduğunu bəyan etmişdi.

Artur Kartanyan belə həbs olunmuşdu

Maraqlıdır ki, dünən səhər tezdən yaxaladığımız həmin diversant axşama yaxın Ermənistana təhvil verilib. Bunu da Azərbaycan Müdafiə Nazirliyi bildirib və səbəbini isə belə izah edib:

“Aparılmış əlavə araşdırmalar nəticəsində məlum olub ki, 2021-ci il iyunun 8-də Ermənistan-Azərbaycan sərhədinin Laçın rayonu ərazisində saxlanmış Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Artur Kartanyan Azərbaycan ərazisinə təxribat-diversiya məqsədilə daxil olmayıb. Onun yolunu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən olunub.

A.Kartanyanın ilkin dindirmə əsnasında özünü şübhəli apardığına və qeyri-dəqiq cavab verdiyinə görə onun Ermənistan silahlı qüvvələrinin diversiya qrupunun hərbi qulluqçusu olması barədə şübhələr yaranıb.

Qeyd olunanları nəzərə alaraq, A.Kartanyan qarşı tərəfə geri təhvil verilmişdir”.

Müdafiə Nazirliyi erməni hərbçisinin təhvil verilməsini Azərbaycanın növbəti “humanist davranışı” kimi təqdim edərək bildirib ki, “ölkəmizə qarşı cinayət törətməmiş (?) şəxsin geri qaytarılması təmin olunub”.

Azərbaycan Müdafiə Nazirliyinin bu “nümunəvi humanist davranışları” xeyli cavabsız suallar yaratdığı kimi, erməni tərəfinin hadisə ilə bağlı bəzi açıqlamaları da müəmmaları artırır. 

Cavabsız suallar: Erməni diversantının ilkin etiraflarının, yoxsa son ifadələrinin hansının doğru olduğunun müəyyənləşdirilməsi niyə bu qədər qısa sürüb? Və erməni diversantının günahsızlığına qərar vermə səlahiyyəti kimə aiddir – Müdafiə Nazirliyinə, yoxsa müvafiq məhkəmə orqanlarınamı?

Vəziyyəti tündləşdirən ən mühüm məsələ isə ondan ibarətdir ki, Azərbaycan Müdafiə Nazirliyinin məlum qərarından əvvəl qondarma “DQR”-nın “Fövqəladə Hallar naziri” Boris Avakyan bəyanat verərək, günün sonuna qədər erməni diversantının İrəvana təhvil veriləcəyini bildirmişdi. O, Tert.am saytına açıqlamasında bunun səbəbini rus “sülhməramlı” generalının Azərbaycan tərəfi ilə danışıqlar aparması və qəti şəkildə bunu tələb etməsi ilə əsaslandırmışdı. Belə çıxır ki, Azərbaycan Müdafiə Nazirliyi rus “sülhməramlı” generalının direktivləri ilə oturub durur. Bəs bu nə qədər Azərbaycanın dövlət suverenliyinə uyğundur?

Suallarımızı cavablandıran hüquq elmləri doktoru, Ədalət partiyasının sədri İlyas İsmayılov erməni diversantının bir neçə saat ərzində İrəvana təhvil verilməsinin heç bir hüquqi əsasının olmadığı qənaətindədir. Onun fikrincə, adi bir oğurluğun istintaqı aylarla davam edir: “Özü də bunu peşəkar müstəntiqlər aparır. Müdafiə Nazirliyinin iki bir-birinə zidd açıqlamasından belə anlaşılır ki, erməni diversantının sərhədi pozmasının istintaqına belə, lüzum görülməmiş, ondan alınan şübhəli ifadəsinə istinadən geri qaytarılmasına qərar verilmişdir. Halbuki, onun bir-birinə zidd iki ifadəsi vardı. İlk ifadəsi  zamanı özünü xeyli şübhəli aparmış və suallara qeyri-dəqiq cavablar vermişdi. Daha sonra isə hansısa sehrli qüvvənin yardımı ilə erməni diversantı ikinci ifadəsində sərhədi niyə pozduğunu xatırlamış və bunu azması ilə əlaqələndirmişdi. Bizim Müdafiə Nazirliyi isə nədənsə ikinci ifadəsini daha obyektiv qiymətləndirmiş və onu İrəvana geri qaytarmışdı”.

İlyas İsmayılovun fikrincə, buna Müdafiə Nazirliyi və ya hər hansı istintaq orqanı qərar verə bilməz: “Əvvəla, ona görə ki, Müdafiə Nazirliyinin ilk açıqlamasından da aydın olur ki, erməni diversantı təkbaşına sərhədlərimizi pozmayıb. O, ərazilərimizə soxulan dəstənin üzvü olub və digərləri qaçıb yaxalarını qurtarıb. Təbii ki, hava şəraitinin uyğunsuzluğundan yolunu azma halları kollektiv şəkildə baş tuta bilməz. Ermənilər dəstə ilə sərhəddi pozublarsa deməli, diversiya məqsədi ilə bu addımı atma ehtimalı daha güclüdür və bunun istintaqı aparılmalı, son sözü isə müvafiq məhkəmə orqanları verməlidir. Nazirlik isə erməni diversantın əməlində Azərbaycana qarşı heç bir cinayət elementi müəyyənləşdirə bilməyib. Gülməli arqumentdir. Düşmən əsgərin sərhədi pozması belə, təkbaşına bir cinayət əməlidir. Biz məsələyə bu cür yanaşdığımıza  görədir ki, ermənilər istədiyi vaxt dövlət sərhədlərimizi pozur, əsgərlərimizə atəş açıb onları şəhid edirlər. Rus “sülhməramlıları” isə onların bu hərəkətlərinə haqq qazandırır, ya azdıqlarını deyir, ya da içkili vəziyyətdə olduqlarına görə nə etdiklərini bilmədiklərini vurğulayır. Sanki Azərbaycan toy mağarıdır,  Rüstəm Muradov isə toy bəyidir. Bizə saqqal tutub danışığını bilməyən ermənini sərxoşluğuna görə bağışlamağı xahiş edir. Dövlətinə sahib çıxa bilməyən hakimiyyətə və xalqa öz ölkəsində toya çağırılmış ikinci dərəcəli qonaq kimi baxarlar”.

İlyas İsmayılovun fikrincə, hər hansı məhkəmə hökmü olmadan Müdafiə Nazirliyinin erməni diversantının günahsızlığına qərar verməsiorta əsrlərin Roma Papasının istədiyi adamı aforoz edib, istəmədiyi adamı lənətləməsinə bənzəyir: “Mən bilən Zakir Həsənov 15-ci əsrin Roma papası yox, 21 əsrin dünyəvi dövləti olan Azərbaycanın Müdafiə naziridir. Hətta müasir çağımızda Roma papasının da belə bir haqqı yoxdur və Zakir Həsənov bu qərarı verərkən Azərbaycan hərbi məhkəmələrinin səlahiyyətini mənimsəyib. Bütün bu qanunsuzluqlar isə qondarma “DQR”-nın “Fövqəladə Hallar naziri”nin iddialarını təsdiqləyir. Belə məlum olur ki, Azərbaycan Müdafiə Nazirliyi ölkənin Ali Baş Komandanı tərəfindən yox, hansısa dövlətin “sülhməramlı” generalı tərəfindən idarə olunur”.

Partiya sədrinin fikrincə, təkcə Müdafiə Nazirliyinin deyil, ölkənin bir sıra hüquq-mühafizə orqanlarının verdiyi bəyanatlar da “erməni dəyirmanına su tökür”: “Bir müddət əvvəl Azərbaycan jurnalistlərinin Kəlbəcərdə minaya düşməsi ilə bağlı Azərbaycan Baş Prokurorluğu bir bəyanat yayaraq, ölkə mediasına barmaq silkələyərək demişdi ki, bəs siz nə üçün həmin minaların bu yaxınlarda basdırıldığını yazırsınız? Həmin minalar 6 aydan əvvəldən basdırılıb. Hələ istintaqı tamamlanmamış bir hadisə barədə Baş prokurorluq necə belə bir açıqlama verə bilər, anlamaq mümkün deyil. Baş prokurorluqdan fərqli olaraq, media qurumları bütün ehtimalları açıq şəkildə dilə gətirməli və ictimai müzakirəyə çıxarmalıdır. Üstəlik, medianın bu versiyası daha ağla batandır, çünki mina partlayışını əks etdirən videoda həmin ərazidə iki yeni basdırılmış minanın yeri aydın görünür. Torpaq səthinin ümumi rəngindən fərqlənən iki sahə vardı və mina da həmin sahənin üzərində partlayıb. Digər tərəfdən, həmin yol üzərindən 6 ay ərzində yəqin ki, onlarla hərbi texnika keçib.  Mina isə həmin vaxt yox, məhz jurnalistlərin keçdiyi zaman partlayıb. Bütün bunlar Baş Prokurorluğun irəli sürdüyü versiya üzərində ciddi şübhələr yaradır”.

Həmsöhbətimizin qənaətincə, Baş Prokurorluğun bu iddiası onu göstərir ki, jurnalistlərə qarşı terror hadisəsində yalnız bir versiya üzərində istintaq gedir: “Halbuki, prokurorluq orqanları bütün versiyalara eyni diqqətlə yanaşmalı və heç birinə xüsusi imtiyazlı mülahizə kimi baxmamalıdır. Əks halda belə çıxır ki, cinayət hadisəsi barədə öncədən müəyyənləşdirilmiş mülahizələrin isbatına çalışılır. Bu da yenə orta əsrlərin inkvizisiya məhkəmələrinin istintaqının fəlsəfəsi ilə eyni mahiyyətdədir. Yeganə fərq ondan ibarətdir ki, inkvizisiya məhkəmələri şübhəlilərə ən ağır işkəncələr verərək boyunlarına öncədən hazırlanmış ittihamları qoyurdular. Bizdə isə tam tərsinə, gündə Azərbaycan ərazilərinə mina basdıraraq əsgələrimizi, mülki şəxslərimizi, jurnalistlərimizi qətlə yetirən düşmən qüvvələrinin günahsızlığı sübuta yetirilir. Mahiyyət etibarilə Baş prokurorluğun həmin bəyanatı da Müdafiə Nazirliyinin dünən yaydığı açıqlamalarla üst-üstə düşür. Məqsəd ermənilərin diversiya əməliyyatları keçirməməsi, bəzən yolunu azıb Azərbaycan ərazisinə keçməsi versiyanı təsdiqləməkdir”.



İlyas İsmayılov bu tendensiyanı olduqca təhlükəli görür və bir müddət əvvəl mina basdırarkən yaxalanmış 6 erməni terorçularına da eyni “humanist davranış” sərgilənəcəyindən ehtiyatlanır: “Çünki Ermənistan Müdafiə Nazirliyi onların da təxribatla məşğul olmadığını, sadəcə tikinti-inşaat işiylə uğraşdıqlarını bildirirdi. Bizim rəsmi orqanlar da sanki erməni iddialarını təsdiqləyən notarial kontur vəzifəsini icra edirlərMümkündür ki, yenə Rüstəm Muradovun qəti tələbləri ilə onlar da düşmən tərəfinə təhvil verilsin”.

İlyas İsmayılovun fikrincə, Azərbaycan dövlət qurumlarının açıq şəkildə rus “sülhməramlılarının” uzantısına çevrilməsi hələ də ölkəmizdə “5-ci kolon”un güclü olduğunu, xüsusilə Müdafiə Nazirliyinin bu ünsürlərdən təmizlənmədiyini göstərir: “Məncə, Müdafiə Nazirliyinin dünən erməni diversantını tutarkən tələm-tələsik açıqlama yayması da buna xidmət edir. Adətən, belə məlumatlar yayılmır, əksinə qarşı tərəfdən ilk reaksiya gözlənilir. Bizimkilər isə əvvəl məlumat yayır, daha sonra isə özləri özlərini təkzib edirlər. Bununla da nə qədər qeyri-ciddi qurum olduqlarını təsdiqləyirlər. Zənnimcə, bütün bunların hamısı Azərbaycan Müdafiə Nazirliyinin 44 günlük savaşdan sonra az-çox bərpa etdiyi müsbət imicinə zərər vurmağa hesablanıbMəqsəd Azərbaycan xalqında öz ordusuna inamsızlıq hissini yenidən möhkəmləndirmək də ola bilər. Çünki istənilən xalqda bu hissləri formalaşdırmaq onun döyüş əzminin sındırmaq deməkdir”.

Partiya sədri onu da vurğulayıb ki, son zamanlar Zakir Həsənovun Müdafiə naziri vəzifəsindən uzaqlaşdırılacağı barədə şayiələrin yayılması da erməni diversantının geri verilməsi konteksində təsadüfi görünmür: “Görünür, kimsə həqiqətən onun ayağının altını qazır”.



İlyas İsmayılovun fikrincə, Azərbaycan qarşılıqsız güzəşt siyasətinə son qoymalıdır: “Mən başa düşürəm, bəzən əldə olunan qələbənin bər-qərar olunması üçün müəyyən güzəştlərə getməyə ehtiyac duyulur. Amma güzəştlər də qarşılıqlı olmalıdır. Azərbaycan tərəfinin bütün israrlarına baxmayaraq, ermənilər bizə minalanmış sahələrin xəritəsini vermirlər, biz isə onlara diversantları qaytarırıq. Bu qədər güzəşt olmaz

Ən əsası isə, Azərbaycan Xarici İşlər Nazirliyi ötən il 10 noyabrda imzalanan Bəyanatdan sonra dövlət sərhədlərimizi pozarkən yaxalananları hərbi əsir yox, terrorçu adlandırmışdı. Müdafiə Nazirliyi isə dünən eyni hərəkətə görə yaxalanmış erməni əsgərinin günahsızlığını bəyan edərək geri qaytarır. Belə çıxır ki, Azərbaycanın iki ciddi dövlət qurumları məsələlərə fərqli aspektdən baxırlar. Bu, Müdafiə Nazirliyinin xarici siyasətimizin əsas tezislərini də şübhə altına salması deməkdir”. Ovqat.com.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest