İlinin 250 günü küləkli olan Bakıda alternativ enerjidən istifadə 0 faizdir: NİYƏ?

“Işğaldan azad olunan torpaqlarımızda Avropa şirkətləri ilə əməkdaşlıq “qədim qitə” ilə ölkəmizin iqtisadi əlaqələrini genişləndirməklə yanaşı, erməni işğalı nəticəsində tamamilə dağıdılmış ərazilərimizin daha intensiv bərpası baxımdan vacibdir. Azərbaycan Avropa İttifağının Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşıdır. İttifağın bu regionla ticarətinin 78 faizi Azərbaycanın payına düşür. Azərbaycanın xarici ticarətində bu qurumun payı isə 40 faizdən çoxdur”.

Bu sözləri “Facebook” hesabında deputat-iqtisadçı Vüqar Bayramov qeyd edib.

O, alternativ, o cümlədən günəş enerjisi istehsalında Avropa Birliyinin xüsusi təcrübəyə malik olduğunu bildirib:

“2004-cü ildə birliyin ümumi enerji istehlakının 8,5%-ni bərpa olunan enerji mənbələrindən əldə edirdisə, 2019-cu ildə bu göstərici 19,7%-ə yüksəlib. Bu qurumun 2030-cu illəri əhatə edən enerji strategiyasına əsasən, növbəti 9 ildə bərpa olunan enerji resurslarının payı 27%-ə yüksələcəyi hədəflənir. Azərbaycanın və eləcə də işğaldan azad olunan ərazilərimizin böyük alternativ enerji potensialı var.  Energetika Nazirliyinin hesablamalarına görə, ölkəmizdə günəşli günlər il ərzində 2500-3200 saat arasında dəyişir. Bakı və ətraf ərazilərdə ilin orta hesabla 250 günü küləkli olur. Nazirliyin hesablamalarına görə, Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı 27000 MVt olaraq dəyərləndirilir. Bunun 23000 MVt-ı günəş, 3000 MVt-ı isə külək enerjisinin payına düşür”. 

Deputat bildirib ki, Qarabağ bölgəsinin də alternativ enerji potenisalı kifayət qədər yüksəkdir:

“Energetika Nazirliyinin qiymətləndirmələrinə görə, işğaldan azad olunan ərazilərimizin günəş enerjisi potensialı 4000 MVt, külək enerjisi potensialı isə 500 MVt-dır. Günəş enerjisi əsasən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında, külək enerjisi isə, Laçın və Kəlbəcər rayonlarında daha yüksək qiymətləndirilir.  Azərbaycanda yerli su ehtiyatlarının 25%-nin Qarabağda formalaşdığı nəzərə alınmaqla, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı əlverişli sayılır”. 

Qeyd edək ki, bu il iyunun 3-də Energetika Nazirliyi və bp şirkəti arasında Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb. 

Xatırladaq ki, Avropa şirkəti azad edilmiş ərazilərdə 200 meqavat gücündə günəş elektrik stansiyasının inşası ilə bağlı Azərbaycan hökuməti ilə ilkin sənədləri imzalayıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest