Hikmət Hacıyevdən Xankəndi AÇIQLAMASI: “Gözləyə bilmərik”

“Azərbaycan Cənubi Qafqazın inteqrasiyalı modelini təklif edib. Hazırda region çox dağınıqdır, ona görə də insanlar arasında daha çox əlaqələr, daha çox təmas qurmaq lazımdır”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada beyin mərkəzlərinin “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı konfransının açılışında deyib.

O bildirib ki, Azərbaycan təmaslara hazırdır: “İndi top Ermənistandadır. Azərbaycanın Ermənistana əsas mesajı ərazi bütövlüyü və suverenliyinin tanınmasıdır. Ermənistan buna hazırdırmı? Biz hazırıq. İki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası həllini tapmalıdır. Biz artıq bu prosesin yaxın vaxtlarda başlayacağı ilə bağlı müəyyən siqnallar alırıq. Danışıqlarda digər mühüm məqam kommunikasiyaların açılmasıdır. Orta dəhliz yeni reallıqlarda xüsusi əhəmiyyət kəsb edir. Ermənistan bunun bir hissəsi ola bilərmi? Əlbəttə ki, hə. Amma biz Ermənistanın qərar verməsini gözləyə bilmərik, ona görə də Azərbaycan İranla danışıqlar aparıb və paralel nəqliyyat marşrutunun qurulması imkanları barədə razılığa gəlib.  Azərbaycan həmçinin regional “3+3” formatının inkişafını da təklif edib”.

O, Qarabağın erməni əhalisi ilə bağlı məsələyə də toxunaraq Azərbaycanın onları öz vətəndaşı hesab etdiyini söyləyib: “Biz Xankəndi sakinlərini Azərbaycan vətəndaşları hesab edirik. Azərbaycanda bütün dinlərə hörmətlə yanaşılır, bütün dini məbədlər qorunub saxlanılır, amma işğal illərində yüzlərlə məscid dağıdılıb və ya başqa məqsədlər üçün istifadə edilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest