Hansısa məmurun qoyun-keçisinin getdiyi Kəlbəcərə mən niyə gedə bilmirəm?! –ƏTRAFLI

BİRİNCİ YAZI

44 günlük müharibədə əldə etdiyimiz Böyük Qələbədən bizi artıq 1.6 il ayırır. Hələ də möhtəşəm qələbənin eyforiyasını yaşasaq da, bariz dadına həsrətik. Hələ də qədim-qayım torpaqlarımız çoxlarımız üçün əlçatan deyil. Ən yaxşı halda turist kimi o cənnətməkanlara gedə bilirik. O ziyarət də bir neçə saat çəkir. Vəssalam…

Məsələnin ən maraqlı cəhəti odur ki, 30 ildir doğma yurd-yuva, əzizlərinin qəbirləri üçün yanıb qovrulan insanların işğaldan azad olunmuş ərazilərə buraxılmamasına rəğmən arıçılar, qoyun-quzu saxlayanlar hələ ötən ilin yazından Kəlbəcər, Laçın və digər yaylaqları “su yolu”na döndərib.

Belə vəziyyətdə haqlı sual doğur. Əgər ərazilər minalardan təmizlənməyibsə, o zaman fermerlər üçün həyati risq yoxdurmu?

1.6 ildir ki, işğaldan azad olunmuş ərazilərlə təmas nöqtələrində postlar qurulub. Heç bir zəngilanlı, qubadlılı, laçınlı doğmalarının qəbirlərini ziyarət edə bilmir. Gizlin keçənlər də tutulub məsuliyyətə cəlb olunur. İzahını da belə verirlər ki, bu ərazilər minalardan təmizlənmədiyi üçün ictimai təhlükə var. Bəs elə isə Kəlbəcər, Laçın yaylaqlarına qoyun sürüləri qaldıran insanlar üçün niyə bu təhlükə yoxdur? Hələ Qubadlıda, Zəngilanda, Cəbrayılda arı bəsləyən fermerləri demirəm…

Və burda bizim cəmiyyətdəki istisnalar yadıma düşdü. Çünki, bizdə bəziləri üçün qanun şəxsi iddialardan çox-çox aşağıda durur. Belə olmasa idi hələ bir il bundan qabaq Kəlbəcər qaymağı, Laçın pendiri üçün bu yerlərə qoyun sürüləri qaldırılmazdı. Bəllidir ki, yaylağa sürü qaldıran sıradan bir vətəndaş deyil. O sürülər birbaşa hansısa məmurla bağlıdır. Bunu dəqiqləşdirmək o qədər də çətin bir məsələ deyil. Çətin olan odur ki, cəmiyyətimizdə istənilən məsələyə ikili yanaşma var. Və bu yanaşma danışdığım məsələdə apaaydın görünür. Adam var ki, gedib dədəsinin və yaxud şəhid övladının qəbrini ziyarət edə bilmir. Amma elə adam var ki, işğaldan azad olunmuş ərazilərə getmək və oralarda aylarla qalmaq problemi yoxdur. Belələri üçün o cənnətməkan yerlərə atını, itini belə göndərmək imkanına malikdir.

Halbuki, 44 günlük müharibədə indi Kəlbəcərə, Laçına qoyun sürüsü qaldıran məmurların yox, valideynlərinin, qardaş-bacılarının, nakam övladlarının qəbrini ziyarət etməyə həsrət qoyulan kasıb-küsubun övladları vuruşublar. Qorxmadan, çəkinmədən düşmən üzərinə gedib kiçik vətənlərini azad etmək eşqi ilə şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın valideynləri, əzizləri niyə diskriminasiyaya məruz qalmalıdır. Nəyə görə hansısa qazi keçdiyi şərəfli döyüş yolunu xatırlamaq üçün  o yerlərə gedə bilmir? Nəyə görə şəhid valideynləri övladlarının sonuncü dəfə qucaqladığı torpağı ziyarət edə bilmir? Amma hansısa məmurun qoyun, arı sürüləri çox rahatlıqla istədikləri yerlərə gedə bilir. Axı, niyə? Yersiz və lüzumsuz ayrı-seçkilik nə vaxtadək davam edəcək?

Yada salaq ki, 10 noyabr Anlaşmasından sonra bəyan edildi ki, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi 10-12 il çəkə bilər. Onda belə çıxır ki, hələ çoxlarımız Qarabağı görmək üçün daha 10-12 il gözləməli olacağıq. Biz dözümlü xalqıx, dözərik. Amma ərköyün məmurların qoyun-quzusu dözə bilmir Ona görə də yenə sürülər yenə buz-bulaqlı, cənnətməkan yaylaqlara doğru köç tutub.

Mən tərəkəmə ailəsində böyümüşəm. Uşaq vaxtlarında İmişlidən Laçına, Kəlbəcərə piyada getmişəm. O yerlərin hər dağına-daşına bələdəm. Ərməzlə, Pəri çınqılıyla, Uzun yalla, Farmaş təpəsiylə, Qaragöllərlə bağlı bitib tükənməyən xatirələrim var. İndi üzü 60-a gedirəm. Bu gedişlə o yerlərə getmək üçün ən azı 10 il gözləməliyəm. Ona da ömür vəfa etsə…

Deyirəm ki, bəlkə gedim o ərköyün məmurların fermasında mehtər, çoban işləyim?! Bəlkə bu yolla bir daha o yerləri görüm…

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest