Gərginlik PİKK HƏDDƏ: Bu dəfə ABŞ 70 min hərbçi ilə… – Putinə göz dağı

Yanvarın 10-da Cenevrədə keçiriləcək ABŞ-Rusiya görüşündə bu iki ölkənin Avropadakı hərbi mövcudluğu, o cümlədən nüvə silahları ilə bağlı bir çox təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Amerikanın NBC telekanalı ABŞ hökumətinin Moskvanın danışıqlarda səmimi olacağına əmin olmadığını bildirib.

Mənbənin məlumatına görə, Co Bayden administrasiyası iki ölkənin Şərqi Avropadakı hərbi varlığını və təlimlərini azaltmağı təklif edəcək.

“Administrasiya danışıqlarda Rusiya ilə müzakirə aparmaq üçün Avropadakı hərbi mövqeyində bəzi dəyişiklik variantlarının siyahısını hazırlayır. Əgər Rusiya regionda hərbi mövcudluğunu azaltmağa hazır olsa, ABŞ bəzi konkret addımlar atmağa razı olacaq”, – adı açıqlanmayan amerikalı rəsmi NBC-yə deyib.

ABŞ-ın təkliflərinə Baltikyanı ölkələr və Polşada yerləşən Amerika ordusunun hərbçilərinin sayının azaldılması, iki ölkənin təlimləri və qüvvələrin yerləşdirilməsi ilə bağlı əvvəlcədən xəbərdarlıq edilməsi, Rusiyanın Kalininqradda yerləşdirdiyi nüvə başlıqlı “İsgəndər” raketlərinin geri çəkilməsi kimi məsələlərin daxil olduğu bildirilib.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays isə NBC-nin iddiasını təkzib edib.

“Administrasiyanın Rusiya ilə gələn həftə keçiriləcək danışıqlara hazırlıq məqsədilə ABŞ qüvvələrini Şərqi Avropadan çıxarmaq variantı hazırlaması barədə iddia doğru deyil. Əslində, Rusiya nə vaxtsa Ukraynanı yenidən işğal edərsə, biz NATO-nun şərq cinahında öhdəliyimiz olan müttəfiqlərimizi və tərəfdaşlarımızı gücləndirəcəyimizi açıq bildirmişik və Rusiya ilə də bu barədə açıq danışmışıq”, – Prays vurğulayıb.

ABŞ-ın Avropada təxminən 70 000 hərbçisi var ki, onlardan 6 000-i Şərqi Avropada yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest