Ermənistana axışan iranlılar İrəvanda küçələrdə yatırlar – FOTO

İran vətəndaşları COVİD-19 koronavirusundan peyvənd olunmaq üçün Ermənistana axın edirlər.

Ermənistan Səhiyyə Nazirliyinin qərarı ilə ölkədə peyvəndləmə pulsuz olduğundan hazırda İrəvanda on minlərlə iranlı var.

Onlar Ermənistana getdikdən sonra uzun növbələrə durur, saatlarla gözləyirlər.

İranlılar İrəvanda iki sutka qalırlar, lakin otellərdə və ya hostellərdə gecələmir, küçələrdə yatırlar.

İran telekanallarında “Ermənistana vaksin turu” tipli reklamlar səngimək bilmir.

İranda koronavirusla bağlı həddən artıq ağır vəziyyətdir. Ölkədə koronavirus pandemiyasının 5-ci dalğası yaşanır. Paytaxt Tehran və ölkənin 143 şəhəri yüksək yoluxma riskinin olduğu “qırmızı zona” elan edilib. Bütün bunlarla yanaşı, İranda koronavirusun yeni və təhlükəli Delta ştammı sürətlə yayılır.

New York Times bildirir ki, son iki həftədə İranda koronavirusa sutkalıq yoluxma sayı orta hesabla 62 yaiz artaraq 16 min nəfəri keçib.

Oksford Universitetinin nəzdindəki “Our World in Data” Mərkəzinin hesablamalarına görə, İran İslam Respublikasının 84 milyon vətəndaşından sadəcə, 2 faizi COVİD-19 koronavirusuna qarşı peyvənd olunub.

ABŞ və Britaniya istehsalı olan vaksinlər İranda yasaqlandığından rəsmi Tehran Çin və Rusiya istehsalı olan vaksinləri gözləyir.

Faktiki əhalisi 2,2 milyon nəfər olan kiçik və yoxsul Ermənistanda isə tam əksinə, vətəndaşlar arasında peyvənd olunmaq istəyənlər çox azdır.

Bu ilin may ayında rəsmi İrəvan bəyan etdi ki, əcnəbi ölkə vətəndaşları Ermənistanda qeydiyyatdan keçmədən vaksin vurdura bilərlər. Küçələrdə turistlərin rahatlığı üçün mobil klinikalar da açıldı.

İran vətəndaşları da Ermənistana axın etdilər. Onlardan viza tələb olunmur. Üstəlik, sərhəddən İrəvana dəmiryolu ilə 7 saatlıq yoldur.

İranlılar Ermənistanla sərhəddə “sağlamlıq kağıızı”nı 5 dollara alır, İrəvana yollanırlar.

İranlı 53 yaşlı Pərvin Çamanpira və əri də deyirlər ki, İranda peyvənd növbələri çatana qədər aylar keçəcək. Ona görə də onlar İrəvana yollanaraq yol kənarındakı təcili yardım maşınında vaksin vurdurublar.

“Cəmi beş dəqiqə çəkdi. Arterial qan təzyiqimi ölçdülər, heç bir sənəd istəmədilər. Üç həftə sonra ikinci dozanı vurdurmaq üçün qayıdacağıq. Məcbur qalmasaydıq pul xərcləyib İrandan bura gəlməzdik”, – P.Çamanpira deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest