Erməni radioları Azərbaycan efirinə necə daxil olur? – AÇIQLAMA

Bakıdan bölgələrə səfər edərkən Azərbaycan radio kanalları əvəzinə İran, gürcü və erməni kanallarının rahat şəkildə yayımlanması illərdir həllini tapmayan problemdir. Rayonlarımızda Azərbaycan radio dalğaları ümumiyyətlə tutmur. Mərkəzi Aran rayonlarının əksəriyyətində erməni, Salyan-Neftçala, Beyləqan, Sabirabad, Saatlıda İran kanalları, Tərtərdə erməni, Balakəndə isə 7-8 gürcü kanalını rahatlıqla dinləyə bilirik. Sürücülər isə bildirirlər ki, Bakının 20 km-liyində yerləşən Müşfiqabad qəsəbəsindən keçərkən, radio dalğaları ümumiyyətlə itir.

Bakuexo.az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a Dövlət Radiotezliklər İdarəsi tərəfindən verilən açıqlamada bildirilib ki, Azərbaycanın cənub zonasında, Mərkəzi Aran rayonlarında və işğaldan azad olunmuş ərazilərimizdə, həmçinin Balakəndə radiotezliklərimizə İran, Ermənistan, Gürcüstan efir yayımları müdaxilə edir.

“Digər tezlik zolaqları kimi televiziya və FM radio diapazonu da tərəfimizdən daimi olaraq nəzarətdə saxlanılır. Televiziya və FM radio yayımları Beynəlxalq Telekommunikasiya İttifaqında qeydiyyata düşmüş texniki parametrlər əsasında hər bir ölkə ərazisində müvafiq radioyayım vericiləri vasitəsilə təmin edilir, lakin relyefdən asılı olaraq, qonşu ölkələrin müəyyən ərazilərində qəbul edilə bilər. Belə hallar bütün dövlətlərin sərhəd zonalarında mövcuddur. O cümlədən, Azərbaycan ərazisində fəaliyyət göstərən televiziya və FM radio proqramlarının yayımları da qonşu ölkələrin ərazisinə nüfuz edir. Bu kimi hallar Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyəsinə əsasən tənzimlənir, sərhədyanı ərazilərdə yerləşən müvafiq ölkələr arasında koordinasiya protokolları imzalanır, yeni texnologiyaların tətbiq edilməsi üzrə işlər aparılır”, – açıqlamada qeyd olunub.

Bildirilib ki, bu sahədə fəaliyyət göstərən işçi qrupu tərəfindən mütəmadi olaraq radiomonitorinq aparılır və efir məkanı nəzarətdə saxlanılır.

Sorğu əsasında nazirliyin mütəxəssisələri tərəfindən sentyabrın 14-də Müşfiqabad qəsəbəsi, Şamaxı şossesi 5q ünvanında radiomonitorinq işləri aparılıb. Bununla bağlı nazirlikdən verilən açıqlamada bildirilib:

“Monitorinq zamanı müəyyən edilib ki, Bakı Teleqüllə Kompleksindən yayımlanan 90.0 MHs tezliyində “İctimai” FM, 100.0 MHs tezlyində “Asan” FM, 100.5 MHs tezliyində “Fərqli” FM, 101.0 MHs tezliyində “Anten” FM, 103.0 MHs tezliyində “Xəzər” FM, 103.3 MHs tezliyində “Araz” FM, 104.0 MHs tezliyində “Speys” FM, 105 MHs tezliyində “Azərbaycan”, 105.5 MHs tezliyində “Media” FM, 106.0 və 106.3 MHs tezliklərində “Azad Azərbaycan”, 107.7 MHs tezlyində isə Avto FM radioproqramları həmin ərazidə normal qəbul olunur. Zərurət olarsa, həmin ərazilərdə müraciət edən şəxslərin iştirakı ilə radiomonitorinq aparılması təmin edilə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest