Erməni mövqelərinin çəkilməsi İrəvanda təşviş yaradıb – VİDEO

Azərbaycan tərəfinin erməni mövqelərini çəkməsi ilə bağlı video sosial şəbəkələrdə yayıldıqdan sonra Ermənistanda böyük əks-səda doğurub.

“Yerevan Today”ın baş redaktoru Sevak Hakopyan yayılan görüntülərə münasibətini bildirib. O  Azərbaycan tərəfinin hazırladığı videonu dekabrda gördüyünü və bunu utanc hissi ilə izlədiyini deyib. Hakopyan bildirib ki, bu haqda danışmaq istəməsə də, ancaq susmaq da olmaz:

“Azərilər Laçında erməni hərbi bazalarına yaxınlaşdılar və əsgərlərimizin hansı şəraitdə mövqe tutduğunu göstərdilər. Üst-üstə yığılmış bir neçə daşdan post düzəldilib və orada  hər an ölməyə hazır olan əsgərlərimiz görünür. Bu bazaların ümumiyyətlə heç nədən qorunmadığı açıq-aydın müşahidə olunur. Erməni əsgəri bu şəraitdə dövləti müdafiə edir” – deyə Hakopyan erməni əsgərinin necə xidmət etdiyindən danışır.

Daha sonra erməni jurnalist fikirlərini belə davam etdirir: “Biz bilirdik ki, əsgərlər bu cür şəraitdə yaşayır, hərbi bazalar təchiz olunmur. Bu günlərdə Qafan rayonunda əsgərlərimiz ağır şəraitdə xidmət etmələri ilə bağlı video yayıblar. Hərbi polis isə onları mövqeləri düşmənə göstərməkdə və dövlət sirrini açmaqda ittiham edib. Nikol isə (Nikol Paşinyan – red) Nazirlər Kabinetinin tribunasından qışqırır ki, niyə mövqeləri düşmənə göstərirsiniz, niyə təchizatın olmadığını bildirirsiniz?. Əslində Nikol bütün bunları çox yaxşı görür. O erməni mediasına mövqelərə getməyi qadağan edib, amma azərbaycanlılar bizim əsgərlərdən cəmi 70-80 metr aralıdadır. Onlar sizin (Paşinyan –red) erməni əsgərləri biabırçı şəraitdə saxladığınızı yaxşı görürlər və hətta bunu çəkirlər. Ermənistan rəhbərliyi öz əsgərlərini düşünmür” – Sevak Hakopyan deyib.

“44 günlük müharibədən sonra neçə mövqe verdiniz? Mövqelərimiz təchiz edilmədiyi üçün nə qədər əsgərimizi itirdik? Düşmən mayın 12-də gəlib yüksəkliyi ələ keçirdi. O əsgərlərin təhlükəsizliyini düşünməkdənsə, onların sağlığına içirsən və problemləri həll etmək əvəzinə məclislərdə rəqs edirsən, hər şeyin yaxşı olduğunu göstərmək üçün şəkil çəkdirirsən. Siz heç bir hərbi bazanı təchiz etmirsiniz, amma bu müddət ərzində Müdafiə Nazirliyinin əməkdaşlarına təmtəraqlı mükafat vermisiniz, deputatları təltif edirsiniz, sizə səs verən nazirləri, qubernatorları mükafatlandırırsınız. Ordunu təchiz etmək üçün pul yoxdur, amma baş nazirin villasının əsaslı təmiri üçün maliyyə tapılır?” – jurnalis vurğulayıb.

“Bilirsiniz, baş nazir Nikol Paşinyan və və müdafiə naziri erməni əsgərini bu vəziyyətə salıb. İndi Nikol oğlunun, Suren Papikyan isə öz toyuna hazırlaşır. Dünən həlak olan Vahan, Rudik, Artur kimi 19-20 yaşlı oğlanlarımız isə Nikolun təhlükəsizliyini öz canları hesabına təmin etməlidirlər” – Hakopyan fikirlərini tamamlayıb. KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest