Elmlər doktoru olan AzTV sədri bəs niyə ZİYALI ola bilmədi?- ƏTRAFLI

90-cı illərdə axmaq bir dəb düşmüşdü. Yerindən duran elmi iş “yazırdı”. Daha doğrusu yazdırırdı. O illərdə yaxın dostlardan mənə də təklif etdilər ki, “1000-1500 manat ver, bir ilə səni edək elmlər namizədi”. İstəmədim. Amma bəzi həmkarlarım bu tip sövdələşmələrə getdilər.Onlardan indi elmlər doktoru olanları da var. İstəməməyiminsə təvazakorluqdan uzaq olsa da deyim ki, 2 səbəbi vardı.

Birincisi, elmin dalnınca getsəydim gərək jurnalistikanı ataydım. Zənnimcə insan bir sahədə çalışmalı və çörəyini də bir yerdən qazanmalıdır. Əgər kimsə bir budaqda oturub min budağı silkələyirsə deməli o çox qorxulu adamdır.O hansısa sahədə özünü təsdiqləmək yox, kimlərinsə haqqına girərək daha çox qazanmaq istəyir.Necə deyərlər:”bu da mənim, o da mənim, o birinə dəyənin balası ölsün”. Bu cür adamlar şəxsi iddiaları üçün istənilən sövdələşməyə gedirlər. Çünki,onlar üçün müqəddəs heç nə yoxdur.

İkincisi, fikirləşdim ki: ”Ey dadi-bidad. Pul versəm bir ilə olacam elmlər namizədi. Və mən bu adla mənim sevimli müəllimlərim- Şirməmməd Hüseynovla, Nəsir İmanquliyevlə, Tofiq Rüstəmovla, Akif Rüstəmovla, Yalçın Əlizadə digərləri ilə eyni statusa malik olacam. Bir 2-3 min də versəm bunları da vurub keçib olacam elmlər doktoru”.

Bax, bu fikir məni qorxutdu. Müəllimlərimin mənə verdiyi çörəkdən qorxdum. Axı adını çəkdiyim və çəkmədiyim neçə-neçə müəllimim bu həyatdan elə elmlər namizədi kimi köçüb getdi. Ona görə yox ki, onların elmlər doktoru olmağa savadları və yaxud imkanları yoxuydu. Əsla! Sadəcə onlar həddən ziyadə vicdanlı və təmiz adamlar idilər. Təmiz və vicdanlı olduqlarına görə də çirkin oyunlara getmədilər, çirkinləşmədilər. Axı, Azərbaycan jurnalistikası o qədər də zəngin və uzun tarixə malik deyil ki, onunla bağlı yüzlərlə elmi əsər yazılsın.Bunu bildikləri üçün yuxarıda adlarını çəkdiyim müəllimlərimiz sadəcə elmlər namizədi olaraq qaldı. Hətta 90 ildən çox yaşayan və 70 il elmi işlə məşğul olan Şirməmməd Hüseynov kimi əjdaha da bu dünyadan elmlər namizədi olaraq köçdü.

Amma neyniyəsən ki, elmə də biznes kimi baxan, orda da kiminsə haqqını yeməyi ayıb saymayan və plagiatçılıq və saxta yazılarla elmi ad alan “jurnalist”lərimiz var. Onlardan biri də kos-koca AzTV-nin sədri Rövşən Məmmədovdur.Bu adam filologiya elmləri doktorudur. Müdafiə etdiyi mövzu isə çox gülməli və dayaz bir sahədir. Onun “araşdırdığı” sahəyə baxın: “Azərbaycan diasporu və milli mətbuat”.

Hər kəsə bəllidir ki, Azərbaycanda diaspora siyasətinin heç 20 illik tarixi yoxdur. İlk dəfə 2001-ci ilin noyabrın 9-da Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə Dünya Azərbaycanlılarının Birinci Qurultayı keçirildi. Məhz bu tarixdən sonra dahi öndərin səyləri hesabına xaricdəki soydaşlarımızın bəziləri özlərinin diaspor təşkilatını yaratdılar. Və etiraf edək ki, son 20 ildə xarici diasporumuz elə də uğurlu inkişaf yolu keçməyib. Daha doğrusu bir çox ölkələrdə təşkilatın adı var,fəaliyyəti isə yoxdur. Bunu hər zaman aydın hiss etmişik. Xüsusilə də 44 günlük müharibə zamanı. O vaxt bir dənə də olsun diaspor təşkilatı hansısa yaddaqalan təşəbüslə çıxış etmədi. Hələ onu demirəm ki, Diasporlarla iş üzrə Dövlət Komitəsinin də hələ heç 20 yaşı yoxdur. Di gəl ki, bizim bu diribaş Rövşən 2004cü ildə artıq bu mövzu ilə bağlı elmi iş yazmışdı. Mövzunun da adı belə idi: “Azərbaycan diasporu və milli mətbuat”.

Bəllidir ki, tarixi və ənənəsi olmayan bir məsələdən ciddi nəsə yazmaq qeyri-mümkündür.O cümlədən diaspordan. Və Azərbaycan mətbuatının son 30 illik tarixinə bələd olanlar bilir ki, ötən əsrin 90-cı və 2000-ci illərin əvvəllərində sarı ( “reket jurnalistikası”da demək olar) mətbuatın nümayəndələri xaricdə yaşayan imkanlı azərbaycanlıları tapır, onlar barədə şit, dayaz və tərif dolu “məqalə”lər yazırdılar. Yəni ciddi jurnalistikanın xaricə getməyə nə imkanı vardı, nə də ki, xaricdə obyektiv araşdırma aparmağa vaxtı. Deməli bizim Cəbiş müəllim, pardon Rövşən müəllim sarı mətbuatı araşdırıb.

Maraqlıdır ki, Rövşən bu rahat hulqum mövzunu özü üçün kəşf edib. Və ikinci elmi işini də bu sahədə “araşdırmanın”  inkişaf etdirilməsinə həsr edib. Bu dəfə isə mövzu bir qədər konkret olub: “Avropada Azərbaycan diasporu”(dünyada yox haaaa).

Doğrudanmı Avropada bizim diasporumuz var? Varsa biz niyə görmürük, bilmirik. Əgər varsa niyə Rövşən 2.8 ildə rəhbəri olduğu AzTV –də bununla bağlı bir veriliş açmayıb. Veriliş o yana qalsın arada-sırada bir süjet hazırlamağa nə söz. Axı Rövşən Avropadakı Azərbaycan diasporunu dərindən “öyrənib”. Bu hesaba elmlər doktoru olub. Bəs yoldaş Gülümsərov dəstiri niyə elmi kəşflərini real həyata tətbiq etmir? Basıb-bağladığı diaspor fəaliyyətindən 3-4-dəqiqəlik süjet hazırlamaq yəni o qədərmi çətindir?! Əlbəttə ki, yox. Axı olmayan şeyin nəyin tamaşaçıya göstərsin. Di gəl ki, olmayan şeydən Rövşən elmi iş yazır,elmlər namizədi, sonra isə elmlər doktoru olub.

Olmayan şeydən yazmaq və onu elmi cəhətdən “sübut etmək” sadəcə üz istəyir. Bax yuxarıda adlarını çəkdiyim müəllimlərimizin heç birində bu “üz” yox idi. Amma Rövşən də bu “üz” var. Ona görə də daydaylarının hesabına ən qısa zamanda elmlər doktoru adını qazanaraq Rövşən Azərbaycanın  jurnalistika tarixinin tədiqiqatçılarını- Şirməmməd Hüseynov, Nəsir İmanquliyev, Tofiq Rüstəmov, Akif Rüstəmov, Yalçın Əlizadə və digərlərini toza verdi. Baxmayaraq ki, o işıqlı şəxsiyyətlərin bəziləri Rövşən də dərs deyib. Amma görünür Rövşən o işıqları adamlara qulaq asmayıb, onların mühazirələrində gələcək “elmi kəşfləri” barədə düşünürmüş. Ona görə də hətta öz müəllimlərini belə elm aləmində toza verməkdən çəkinməyib.

Ümumiyyətlə, bu adamın təkcə elmi işi deyil, bütün fəaliyyəti və davranışı saxtadır. Vaxtilə qarşısına çıxan hər kəsin qarşısında təzimlə baş əyib,əlini sinəsinə qoyub “ehtiram” göstərən Rövşən sədr kürsüsünə sahib çıxdıqdan sonra birinci növbədə qarşısında təzim elədiyi adamlara qənim kəsildi. Və sübut etdi ki, onun bütün davranışları saxta və məqsədlidir. Elə elmi sahədə olduğu kimi. AzTV-yə rəhbərlik etdiyi 2.8 ildə də bu kollektivə ancaq plagiat verilişlər və oğurluq materiallar gətirib.

Əslində başqa cür də ola bilməzdi. Çünki, yenilikçi və yaradıcı olmaq üçün birinci növbədə savadlı olmalısan. Yeni və baxımlı televiziyanı qurmaq üçünsə gərək ziyalı olasan. Ətrafına və işçilərinə nur paylaya biləsən. Nuru olmayan adamsa elmlər doktoru yox ey, lap Akademik olsa belə ZİYALI ola bilməz. Vəssəlam.

Surxay Atakişiyev.

Bakuexo.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest