Ekspert hökumət və parlamentə SƏSLƏNDİ: “Həyatımızı təhlükəyə atmayın!”

Millət vəkili Rüfət Quliyev parlamentin dünənki iclasında vaxtı keçmiş qida məhsulları və dərman preparatlarından danışıb. Deputat qeyd edib ki, ən vacib məsələ iqtisadi artım, inflyasiya ilə mübarizə və sosial problemlərin tezliklə həllinə qovuşmasıdır:

“Ticarət şəbəkələrində kifayət qədər vaxtı keçmiş qida məhsulları satılır. Aidiyyəti qurum bu prosesin üzərində işləyir. Amma elə məsələlər var, dövlət bunu nəzarətə götürməlidir. Sözügedən məsələyə dövlətin nəzarəti yüksək olmalıdır. Digər tərəfdən, bizdə satışda vaxtı keçmiş dərmanlar və onların tərkibləri barədə ciddi nəzarətə ehtiyac var. Dərmanların həm qiymət, həm də keyfiyyətinə nəzarət artırılmalıdır”.
Müddəti keçmiş məhsulların satışı ilə bağlı “Sherg.az”a danışan  Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deputatlara səslənib:
“Hökumətin səhv siyasəti dəyişdirilməlidir. Bu gün bazarda təhlükəli mal satılırsa, onun dərhal önlənməsi üçün heç bir mexanizm yoxdur. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ( AQTA ) əli-qolu bağlıdır. Hökumətin istehlakçı siyasəti yox dərəcəsindədir. Əgər zəhərli məhsul satılarsa, heç bir dövlət orqanı müdaxilə etmək ixtiyarında deyil. Uzun və mənasız prosedurdur. Qidanın təhlükə riskini aradan qaldıran yalnız AQTA mövcuddur. Onun da problemin qarşısını almaq hüququ yoxdur”.
Ekspertin sözlərinə görə, bu həddindən artıq bürokratik mexanizmdir:
“Həmişə tənqid hədəfinə çevirdiyim qurum 1 həftə öncədən yoxlanılan tərəfə deyilməklə, ən tez 15 gün müddətində gerçəkləşdirilə bilir. Hökumət sahibkarlara toxunmamaq siyasəti yürüdür. Bu isə istehlakçıların “başında çatlayır”. Hökumətə, parlamentə üzümü tutub söyləyirəm: dövləti də, ordunu da, məmuru da saxlayan biz istehlakçılarıq. Həyatımızı təhlükəyə atmasınlar. 
Qida məsələlərinin həllində operativ müdafiə mexanizmləri yaradılsın. Həmin mexanizmlər uzun və bürokratik prosedurlardan uzaq qalsın. 
İstehlakçıları da diqqətli davranmağa çağırıram. Belə hallar olduğu təqdirdə dövlət orqanlarını məlumatlandırsınlar. 
Pat bir durumdur, dövlət orqanlarının əl-qolu bağlıdır. Hazırlanan mexanizmi xaricilər tərtib edib. İstehlakçı hüquqlarına qəsd mexanizm hökm sürür. 
Sahibkar rüşvətdən kənar dayansın. Verilən rüşvətlər istehlakçılardan çıxır. Sahibkar işini şəffas tutsun, yoxlayanda problem tapılmasın. Təəssüf , AQTA belə siyasətin tərəfdarıdır. Bununla da biz istehlakçıların həyatı təhlükədədir. 
Çox çəkməz, Azərbaycanda istehlakçı narazılığı reallaşar”. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest