Dollar bahalaşır, manatı nə gözləyir? – Vüqar Bayramovun şərhi

“ABŞ dolları dünya bazarında əksər səbət valyutalarına nisbətən möhkəmlənməkdə davam edir. Avropa İttifaqında müşahidə edilən durğunluq fonunda avro da ABŞ valyutasına nisbətən dəyər itirməkdədir. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra avro dollar qarşısında 7 faizdən çox ucuzlaşıb. Strateji məhsulların qiymətlərində də azalamlar müşahidə edilir. Çində tətbiq edilən sərt karantin tədbirləri neftin qiymətinin 5 faiz azalmasına səbəb olub. Bu, birjalarda volatilliyin artmasına, həmçinin dolların möhkəmlənməsi də təsirsiz ötüşmür”.

Savash.org xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat bildirib ki, ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) düz 1 həftə sonra mayın 3-də yenidən toplanacaq:

“ABŞ-da müşahidə edilən infilyasiya səbəbindən FED-in uçot dərəcəsini gələn ay yenidən artıracağı gözlənilir. Rusiya-Ukrayna müharibəsi fonunda FED uçot dərəcəsini daha çevik yüksəltməyi hədəfləyir. Bu isə dünya bazarında dolların kursunun daha da möhkəmlənəcəyindən xəbər verir.  Digər tərəfdən, birjalardakı qeyri-müəyyənlik konteksində investorların valyuta bazarlarına sərmayələri də artır ki, bu da dolları daha da gücləndirir”.

V. Bayramov dolların dünya bazarında möhkəmlənməsinin manata mümkün təsirlərini də şərh edib:

“Əvvələrdə də qeyd etdiyimiz kimi, bütövlükdə manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur.

Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də növbəti dövrlərdə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi mövqeyindən asılı olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest