“Cib müxalifəti”olan Əli Əliyevin son “fəallığı” haqqında XÜTBƏ

Siyasi terminologiyada belə bir ifadə var: “cib müxalifəti”. Bu ifadəninsə bir neçə cür yozumu var. Belə ki, bir dəstə adam var ki, onların heç bir sosial bazası və siyasi platforması yoxdur. Amma özlərini başqan elan ediblər. Və bu adamların nələri varsa, hamısı nimdaş pencəklərinin cibindədir. Nizamnamələri, məramnamələri, hüquqi ünvanları və sair. Yəni onların partiya “fəaliyyəti” bir pencəyin cibinə sığacaq qədər bəsitdir.

Bir də o adamlara “cib müxalifəti” deyirlər ki, onların nə siyasi məfkürəsi, nə də son məqsədləri olur. Bu adamların gözü daima onun-bunun cibində olur. Və onların bütün “siyasi fəaliyyəti” göz dikdikləri cibin sifarişləri əsasında ortaya çıxır. Belə “siyasi partiyalar” dünyanın hər yerində olduğu kimi məmləkətimizdə də var. Bu yazımızda həmin “cib müxalifətinin” ən parlaq nümunəsi olan Vətəndaş və İnkişaf Partiyası, daha doğrusu onun “başqanı” Əli Əliyev haqqında danışacağıq. O Əli haqqında ki, siyasətdə o həm də “parnik uşağı” kimi tanınır. Və cib müxalifəti olana qədər Əli Əliyev Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovun qucağında böyüyüb.

Uzun illər MİP-in Gənclər təşkilatına “rəhbərlik” edib. Etibar bəyin yanında quzu kimi gəzib. Özünü iddiasız, sədaqətli və “tərbiyəli uşaq” kimi aparıb. Və bu üzüyolalığı ilə Etibar Məmmədovun gözünə girməyi də bacarıb.

Belə ki, 20 il qabaq Etibar bəy siyasətdən və partiya sıralarından getdiyini bəyan edəndə özünə ən yaxşı varis Əli Əliyevi gördü. “Gördü” deyəndə bəlkə də pis çıxır. Etibar Məmmədov Əlini kəşf etmişdi. Ondakı naqislikləri bilirdi. Ona görə də özündən sonra partiya rəhbərliyinə elə bir adam gətirdi ki, sonradan hamı Etibar bəyə rəhmət oxusun. Çünki Etibar bəy böyük siyasətdən və “ana müxalifət” adından öz xoşuna əl çəkmədi.

Tarixi şərait onun siyasətdən getməsinə səbəb oldu. Ümummilli liderin qarşısında “müxalifətçilik” oyunu oynamaq hər oğulun işi deyildi. Bunu vaxtında qiymətləndirən Etibar Məmmədov nəinki “ana müxalifət” statusundan, ümumiyyətlə, siyasətdən imtina etdi. Gedib kommersiya ilə məşğul olmağa başladı. Zorən kommersant olan Etibar bəy təbii ki, istəməzdi ki, ondan sonra partiya rəhbərliyində şəxsiyyətli, məntiqli və uzaqgörən bir siyasətçi olsun. Bu Yusif Sərrac oyununda isə ən yaxşı namizəd Əli Əliyev idi.

Çünki Əli Əliyev üçün müqəddəs dəyər yoxdur. Onun üçün nə uğrunda mübarizə aparacağı Vətən var, nə də ki, yolunda canından keçəcəyi ailəsi. Əli Əliyev avantürist, siyasi cəhətdən yetkin olmayan bir partiya sədri kimi qısa zamanda özünü ifşa etdi. O qısa zamanda hamıya qarşı mübarizəyə başladı. O təkcə gəlmək istədiyi iqtidarın nümayəndələrini deyil, hətta hər gün bir masada oturduğu, çörək kəsdiyi insanları belə tənqid və təhqir etməkdən çəkinmədi.

Ustadına, vaxtilə ata bildiyi Etibar Məmmədova tez-tez söz atan Əli Əliyev Əli Kərimlini şantaj etməkdən, Lalə Şövkət kimi özünü-sözünü bilən siyasətçini tənqiddən və Əbülfəz Elçibəyi ikiüzlülükdə ittiham eləməkdən belə çəkinmədi. Hamı ilə körpüləri yandıran Əli Əliyev təkcə xarici missionerləri tərifləyir, tez–tez Avropa dəyərlərindən sitat gətirirdi.

Amma “bildirçinin bəyliyi” uzun sürmədi. Yusif Sərrac artıq öz oyununu oynamışdı. Necə deyərlər: “Mavr işini gördü, Mavr gedə bilər”.

Nəinki cəmiyyətdə, siyasi dairələrdə və hətta öz ailəsində belə özünü ifşa edən Əli Əliyevin AMİP-dəki missiyasını beləcə başa çatdı. Və bütün baş verənləri kənardan diqqətlə izləyən Etibar Məmmədov öz layihəsindən çox razı qalmışdı. Həm iqtidara, həm də müxalifətdəki “dost”larına sanki mesaj verirdi ki, “Görürsünüz, siyasətdə nə qədər çirkin varlıqlar var?!”

Nəhayət ki, AMİP-dəki partiyadaşların və digər qüvvələrin xahişi ilə Etibar Məmmədov Əli Əliyevi partiya sədrliyindən qovdu. Amma Etibar bəy Əlinin daha rüsvayçı şəkildə cəmiyyətdən təcrid olunması üçün sonuncu kartını da ortaya atdı. Əli Əliyevi bir daha ailəsi tərəfindən ifşa etdi. Əli Əliyevin keçmiş həyat yoldaşı Mirzəyeva Samirə Kərim qızının Etibar Məmmədova ünvanladığı müraciət mediaya ötürüldü. “Əli Əliyev biqeyrətliyi ilə şəxsiyyət olmaq istəyir” başlığı ilə tirajlanan məktub özünü kişi, ata və vətəndaş sayan istənilən adam üçün intihara bir səbəb idi.

Amma “Qozbeli qəbir düzəldər” – deyib atalarımız. Bu dəhşətli sətirlərin tirajlanmasından belə Əli Əliyev utanıb-qızarmadı, sıxılmadı. Əksinə daha şərəfsiz və utancverici addımlar atmağa başladı. Onu küçə varlığı səviyyəsinə qədər alçaldan Etibar Məmmədov nəhayət onu partiyadan qovdu. 22 yanvar 2006-cı ildə Əli Əliyev nəinki partiya sədrliyindən, hətta sıravi üzvülükdən belə kənarlaşdırıldı.

Başqanlıq sevdası və kreslo həvəsi bütün baş verən rüsvayçılığa rəğmən yenə tutduğu şərəfsiz yolu davam etdirdi. Özü üçün yeni bir partiya yaratdı. Vətəndaş və İnkişaf Partiyası adlanan bu təşkilat bütün parametdləri ilə “cib müxalifəti” idi. Çünki “partiyanın nə sosial bazası, nə də ki yerli təşkilatları vardı. Olan nə vardısa hamısı Əlinin özü kimi sürtülmüş pencəyinin cibində idi.

Araşdırmalarımız zamanı Əli Əliyevin partiyasının fəaliyyət göstərdiyi ilk ilə aid olan “Əhəmiyyətli uçot siyasəti və əhəmiyyətli qeydlər” adlı bir sənədə rast gəldik. Bu sənəd Əli Əliyevin və onun “kos-koca” partiyasının illik fəaliyyətini səciyyələndirən danılmaz faktdır. Bu sənəddə göstərilən qeydlər onu bir daha sübut edir ki, Əli Əliyev “cib müxalifəti”dir.

Amma sən saydığını say gör Əli Əliyev nə sayır. Son günlər yenə fəallaşıb. Necə deyərlər “ulduza hürür”. “Müxalif”, əslində isə qərəzli hədyanlar söyləyir. Özü də Fateh Ali Baş Komandan barədə. Onun son çıxışları isə bir daha onu sübut edir ki, Əli Əliyev nəinki siyasi cəhətdən səbatsızdır, həm də ağılsızdır. Çünki zərrəcə qədər ağılı olan siyasətçi öz siyasi karyerasının ən uğurlu dövrünü yaşayan, dünya siyasətçilərini özü haqqında ağlasığmaz təriflər söylətdirən və ən nəhayət Qarabağın xilaskarı və Azərbaycanın ərazi bütövlüyünün təminatçısı kimi tarixə düşən bir lider haqqında ancaq xoş sözlər deməlidir. Ən azı özünün siyasi mövcudluğunu təmin etmək üçün. Bir az da rasional müxalifətçi fonu yaratmağa görə.

Lakin Əli Əliyev siyasi səbatsızlığı və korafəhim düşüncəsiylə axına qarşı üzmək istəyir. Amma o unudur ki, qarşısındakı sadəcə sakit çay axını deyil. Bu, ümumxalq sevgisi və ümumxalq birliyi ilə cilalanmış Böyük Azərbaycan qasırğasıdır. Ulu məqsədləri-Zəngəzura, İrəvana qayıdış olan və Böyük Turan dövlətləri Birliyinin qurulmasını hədəfləyən bir qüvvədir, bir kəhkəşandır.

SURXAY ATAKİŞİYEV.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest